Özbəkistan prezidenti Azərbaycanın dövlət başçısına məktub göndərib
Özbəkistan prezidenti Şavkat Mirziyoyev azərbaycanlı həmkarı İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib.
APA-nın məlumatına görə, onun məktubunda deyilir:
“Milli bayramınız – Respublika Günü münasibətilə Sizə və Sizin şəxsinizdə qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan son dərəcə məmnunam. Sizin rəhbərliyinizlə siyasi, iqtisadi və ictimai sahələrdə həyata keçirilən mühüm islahatlar, Azərbaycan Respublikasının tərəqqi və rifah yolunda daha da irəliləməsinə şərait yaratmaq üçün görülən vacib tədbirlər, həmçinin ölkənizin beynəlxalq arenada nüfuzunun artması Özbəkistanda bizə yaxşı məlumdur və bunu böyük məmnuniyyətlə qeyd edirik. Bu yaxınlarda Ər-Riyadda apardığımız söhbətlər, habelə Azərbaycanda qarşıdakı rəsmi görüşlər, əlbəttə, münasibətlərimizin inkişafı üçün möhkəm təməl xarakteri daşıyacaq və əməkdaşlığımızın perspektivlərini genişləndirəcək. Əminəm ki, ölkələrimiz arasında qarşılıqlı hörmət, etimad və bir-birimizin mənafelərini nəzərə almaq prinsiplərinə əsaslanan çoxtərəfli ənənəvi dostluq münasibətləri birgə səylərimizlə keyfiyyətcə yeni səviyyəyə qalxacaq. Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq və ali-dövləti fəaliyyətinizdə yeni uğurlar, dost Azərbaycan xalqına sülh və daha böyük tərəqqi arzu edirəm”.
814 dəfə oxundu