“Ermənistan Azərbaycanda ekoloji tarazlığı pozur” - Eldar İbrahimov ATƏT PA-da çıxış etdi

“Ermənistan Azərbaycanda ekoloji tarazlığı pozur” -


Finlandiyanın paytaxtı Helsinki şəhərində ATƏT Parlament Assambleyasının (PA) yay sessiyası keçirilir. Modern.az saytının məlumatına görə, Assambleyanın iqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə Ümumi komitəsinin iclasında ”Helsinki ruhuna çağırış” mövzusunda məruzənin müzakirəsində Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov çıxış edib. O, qeyd edib ki, məruzədə səsləndirildiyi kimi, həqiqətən də Helsinki yekun aktında əsas diqqət iqtisadi əməkdaşlığa yönəlib. “Fərəhli haldır ki, Azərbaycan regionda əsas iqtisadi mərkəzə çevrilməklə ATƏT çərçivəsində beynəlxalq iqtisadi əməkdaşlığın inkişafına öz töhfəsini verir. Hazırda Azərbaycan Respublikası Türkiyə, Gürcüstan, Rusiya, Rumıniya, Çernoqoriya, Serbiya və digər ölkələrin iqtisadiyyatına böyük həcmdə investisiya qoyur”.

Eldar İbrahimov məruzədə qeyd olunan fikirlə razılaşaraq bildirib ki, hələ 1975-ci ildə Helsinki yekun aktında əks olunmuş ərzaq və su təhlükəsizliyi problemi ilə 40 il keçməsinə baxmayaraq, ATƏT ölkələri bu gün yenə qarşılaşırlar. Dəfələrlə, o cümlədən keçən il Bakıda keçirilən sessiyada qeyd olunub ki, bu, ayrıca bir iqtisadi problem deyil və təhlükəsizliyin qlobal və bölünməz konsepsiyasının tərkib hissəsini təşkil edir.

“Ərzaq ehtiyatlarının səmərəli və balanslaşdırılmış idarə olunması baş verəcək çağırışlara müqavimət göstərməyə imkan verir. İcazə verin bunu öz ölkəmin timsalında izah edim. Bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində müəyyən nəticələr əldə olunmuş və əsas ərzaq məhsullarına tələbatın yerli istehsal hesabına ödənilməsi 90 faizə çatmışdır. Taxıl və süd məhsullarına olan tələbatın ödənilməsində idxaldan asılılığı azaltmaq üçün yüksək məhsuldarlığa malik iri və innovasiyalı təsərrüfatlar yaradılır. Kənd təsərrüfatı torpaqlarının su təminatını yaxşılaşdırmaq üçün də konkret tədbirlər görülür. Buna baxmayaraq, ölkəmizin 8 sututar obyekti Ermənistanın işğal etdiyi Azərbaycan ərazisində olduğuna görə onlardan istifadə etmək mümkün deyil. Bu da həmin bölgənin kənd təsərrüfatını çıxılmaz vəziyyətə salıb. Su çatışmamazlığı ilə yanaşı, Ermənistanın işğalçı və düşmənçilik siyasəti səbəbindən ATƏT-in üzvü olan bu ölkənin ərazisindən artıq bir neçə illərdir ki, Azərbaycanın ərazisinə yüksək dərəcədə çirkləndirillmiş çay suları axıdılır. Bu isə ekoloji tarazlığı pozur”.

Millət vəkili öz çıxışında qeyd edib ki, Azərbaycan hazırda Avropanın enerji təhlükəsizliyinin təminatçılarından biridir.

“Bizim ATƏT ölkələri ilə münasibətlərimizin əsas istiqaməti enerji sahəsində əməkdaşlıqdır. Azərbaycan dəfələrlə özünün bu sahədə etibarlı tərəfdaş olduğunu nümayiş etdirib. Mənim ölkəm özünün enerji ehtiyatlarını dünya bazarının müxtəlif istiqamətlərinə göndərməkdə maraqlıdır. Hazırda Azərbaycandan qazın Gürcüstan və Türkiyə vasitəsilə (TANAP – Transanadolu qaz xətti) Yunanıstan, Albaniya və Adriatik dənizinin dibi ilə İtaliyaya (TAP - Transadriatik qaz xətti) çatdırılması üçün tikinti işləri sürətlə davam edir.

Azərbaycan böyük neft və qaz ehtiyatlarına malik olsa da, yeni alternativ enerji mənbələrinin aşkar edilməsinə və istifadəsinə iri həcmdə vəsait xərcləyir. Bunun nəticəsidir ki, hazırda ölkəmizin enerji tələbatının 10 faizi alternativ mənbələr hesabına təmin olunur. Bu mənbənin həcmi ildən-ilə artır və onun səviyyəsi 2020-ci ildə 20 faizə çatdırılacaq. Bu da havaya buraxılan istixana qazlarının həcmini əsaslı dərəcədə azaltmağa imkan verəcək. Bununla Azərbaycan iqlim dəyişməsinin qarşısını almaq üçün dünyada aparılan mübarizəyə özünün əhəmiyyətli töhfəsini verəcək”.

E.İbrahimov öz çıxışında məruzəyə və qətnamə layihəsinə dair iradını bildirməklə bu sənədlərin Helsinki yekun aktının ruhuna və ATƏT-in statusuna uyğunluğunu təmin etmək üçün təkliflər verib və onlar qəbul edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1166 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...