Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşı olaraq qalır

Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşı olaraq qalır


2017-ci ilin yanvar-mart aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 149 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 84 ölkəyə məhsul ixrac olunub, 143 ölkədən idxal olunub.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla hesabat dövründə xarici ticarət dövriyyəsi 5 mlrd. 90,9 mln. dollar, o cümlədən ixracın dəyəri 3 mlrd. 578,1 mln. dollar, idxalın dəyəri 1 mlrd. 512,8 mln. dollar təşkil edib, nəticədə 2 mlrd. 65,3 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb. 2016-cı ilin yanvar-mart ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 10,6% artıb, real ifadədə isə 16,4%, o cümlədən ixrac 9,2%, idxal 27,3% azalıb.

Ticarət dövriyyəsinin 39,1%-i Avropa İttifaqı ölkələri, 11,8%-i MDB üzvü dövlətləri, 49,1%-i isə dünyanın digər ölkələrinin payına düşüb.

İxracın dəyərinin 20,7%-i İtaliyaya, 11,8%-i Türkiyəyə, 6,9%-i Portuqaliyaya, 6,5%-i Tayvana (Çinin əyaləti), 5,7%-i İsrailə, 4,8%-i Çinə, hər biri 4,5% olmaqla Almaniya və Hindistana, 4,1%-i Gürcüstana, 3,8%-i Fransaya, 3,6%-i Kanadaya, qalan 23,1%-i isə digər ölkələrə göndərilmiş məhsullar əsasında formalaşıb.

İdxal olunmuş məhsulların dəyərinin 19,7%-i Rusiyanın, 16,1%-i Türkiyənin, 9,8%-i Çinin, hər biri 4,9% olmaqla Almaniya və ABŞ-ın, 4,4%-i Ukraynanın, 4,1%-i İtaliyanın, 3,7%-i Böyük Britaniyanın, 3,2%-i İranın, 2,1%-i Braziliyanın, 1,9%-i Hindistanın, 25,2%-i isə digər ölkələrin payına düşüb.

2017-ci ilin yanvar-mart aylarında 264,9 mln. dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2016-cı ilin yanvar-mart aylarına nisbətən faktiki qiymətlərlə 9,1%, real ifadədə isə 7% çoxdur.

2017-ci ilin yanvar-mart aylarında 2016-cı ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 58,4%, təzə tərəvəz - 95%, tütün - 35,4%, çay - 44,4%, meyvə və tərəvəz şirələri - 47,3%, təbii üzüm şərabları və üzüm suslosu - 16,3%, meyvə və tərəvəz konservləri - 27,6%, kartof - 33,5%, polietilen - 0,4%, pambıq lifi - 6,6 dəfə, bentonit gili - 3,4 dəfə artıb, şəkər ixracı isə 3,5%, bitki yağları - 14%, marqarin, qida üçün yararlı digər qarışıqlar - 43,8%, emal olunmamış alüminium - 29%, qara metallardan borular - 17,8%, pambıq ipliyi - 20,1%, qara metallardan yarımfabrikatlar - 93,1% azalıb.

2016-cı ilin yanvar-mart ayları ilə müqayisədə 2017-ci ilin yanvar-mart aylarında xam şəkər və şəkər idxalı 94,7%, təzə meyvə - 13%, kərə yağı, digər süd yağları və pastaları - 24,2%, quş əti və onun əlavə məhsulları - 2,5 dəfə, mal əti - 54%, polad prokatı - 24,9%, mebel - 87,1%, rezin şinlər - 78,8%, hesablama maşınları, blok və qurğuları – 2 dəfə, mineral gübrələr - 4,2 dəfə, qara metallardan künclüklər - 23,7%, paltaryuyan maşınlar - 90,3%, yük avtomobilləri - 2 dəfə, məişət kondisionerləri - 4,5 dəfə, avtobuslar - 31,6% artıb, buğda idxalı isə 2,7%, bitki yağları - 35,1%, kartof - 20,7%, çay - 3,5%, təzə tərəvəz - 24%, minik avtomobilləri - 4%, qara metallardan borular - 73,6%, qara metallardan çubuqlar - 20,3%, polietilen - 36%, sement və sement klinkerləri - 91,8%, məişət soyuducuları - 68,1% azalıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
818 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...