Makronun qələbəsi Avropa Birliyinin xeyrinə, Rusiyanın ziyanınadır- Qərb mətbuatının rəyi
Beynəlmiləlçi Makron iki millətçi liderlə, Putin və Trampla toqquşmağa hazırdır
“Fransa prezidentliyi uğrunda seçkilərdə Avropa Birliyinə, iqtisadi islahatatlar və ənənəvi liberalizm ideyalarına sadiq 39 yalşlı Emmanuel Makronun qələbəsi Fransanın populizm, antiqlobalizm və millətçilik dalğasında qərq olacağından qorxan insanları az da olsa rahatlatdı”, - The New York Times yazır.
Qəzet redaksiyasının rəyinə görə, Makron hələ bundan sonra daha çətin sınaqlarla üz-üzə gələcək. “Çünki bir çox fransız qlobalizasiyanın, iqtisadı durğunluğun, hökumətin biganəliyinin, işsizliyin, simasız terrorizmin və miqrant axınlarının qarşısında özlərini taleyin ümidinə buraxılmış kimi hiss edir”, - redaksiya məqaləsində yazılıb.
“Bu gün özümüzü nisbətən rahat hiss edə bilərik. Ənənəvi partiyaların çökməsi, Fransa və Avropa publikasının elektron məktubların sındırılması (bütün işarələr yenə də Moskvanı göstərir) ilə bağlı yaranan təşvişə rəğmən fransız seçiciləri millətçi illüziyaların cazibəsi qarşısında yoldan çıxmayaraq, açıq, mütərəqqi, tolerant və Avropa Birliyində qalmasına inanan gənc və optimist bir prezident seçdilər”, - qəzet fransız xalqını və Makronu bu sözlərlə göylərə qaldırıb.
“Emmanuel Makronun qalibiyyəti Fransanın xeyrinə olmaqla yanaşı Avropanın oyanması üçün bir siqnaldır. Yeni prezident Birliyin yenidən dirçəlməsi ilə bağlı debatları stumullaşdıracaq”, - Almaniyanın Die Zeit qəzetinin jurnalisti Şteffen Dobbert yazır.
“Makronun rəhbərlik edəcəyi ölkə parçalanmış vəziyyətdədir və islahatlara ehtiyac var. Nəzərə almaq lazımdır iki, Marin Le Penə 10 milyondan çox fransız səs verib. Üstəlik, Makrona parlamentdə dəstək verəcək siyasi partiyası belə yoxdur”, - müəllif yazaraq yeni prezidentin qələbəsinin göründüyü kimi asan başa gəlməyəcəyini göstərib.
Müəllif Makronun hakimiyyətə gəlməsi ilə avrointeqrasiya proseslərinin sürətlənəcəyini iddia edib.
“Makron avro zonasının inteqrasiyasını davam etdirmək, vahid iqtisadi siyasət qurmaq niyyətindədir. Onun qalibiyyətindən sonra yəqin ki, Avropa Birliyinin maliyyə naziri postu yaradılacaq, Avropa parlamentinin mövqeyi daha da güclənəcək, habelə milli orduların çoxmillətli hərbi gücə çevrilməsi yolunda mühüm addımlar atılacaq”, - Şteffen Dobbert qeyd edir.
“Fransanın yeni seçilmiş prezidenti qatı beynəlmiləlçi olub dünya arenasında iki rəqib millətçi lider sayılan Donald Tramp və Vladimir Putinlə toqquşmağa hazır komandaya rəhbərlik edəcək”, - The Wall Street Journal-da Metyu Dolton və Pol Sonn tərəfindən qələmə alınan məqalədə gəlinən rəy bu yöndədir.
Yazı müəlliflərinin fikrincə, Makron Fransua Olland dövründə həyata kerilən xarici siyasətdə sadiq qalacaq. Burada Rusiya ilə münasibətlərin daha da pisləşməsi riski də var.
“Əgər Makronun qərargahına qarşı həyata keçirilən haker hücumunda Rusiyanın əli olduğu təsbit edilsə iki ölkə arasındakı gərginlik daha da artacaq”, - məqalədə qeyd olunur.
“Makron Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları saxlamağı vəd edir. Suriya müharibəsi məsələsində isə o, Bəşər Əsədi Suriya xalqının yeganə düşməni adlandırıb” - məqalədə deyilir.
Qəzet ticarət, qlobalizasiya, iqlim dəyişikliyi və immiqrasiya kimi məsələlərdə dərin fikir ayrıqlarına rəğmən Makronun Donald Trampla dil tapa biləcəyini bildirir.
“May ayının 7-də Rusiyanın hökumət yanlısı mətbuatı, böyük bir məyusluqla Emmanuel Makronun qələbəsini elan etməyə məcbur oldular”, - Le Monde qəzetinin Moskva müxbiri İzabel Mandro seçkilərin nitəcələri ilə bağlı Rusiyadakı təəssüratı təsvir edən yazı qələmə alıb.
“Fransızlar elə Makron kimi rezinə layiqdirlər, bu səbəbdən qlobalizasiyanın cəhənnəmində yanacaqlar. Onlar milyonlarla sovet əsgərinin qanı bahasına ödənilən demokratiyaya layiq deyillər”, -müəllif Kremlə yaxın “Komsomolskaya pravda” qəzetinin Makronun qələbəsinə olan münasibətini əks etdirən manşet yazısını nümunə kimi göstərir.
“İstənilən halda Fransa seçkilərinin qalibi bir qadındır . Bu qadın da Angela Merkeldən başqası deyil”, - senator Puşkovun tvitterdəki reaksiyası yazıda göstərilib.
“Makronun qələbəsi təkcə Fransada deyil, bütün Avropada aparılan təbliğat resurslarının işə salınması sayəsində əldə edilib”, - Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsinin sədri Leonid Slutskinin acıqlı bəyanatından sitat gətirlib.
“Seçkilərə iki gün qalmış Makrona qarşı Rusiya mətbuatında edilən hücumlar pik nöqtəsinə çatmışdı. “Komsomoalskaya pravda” Fransanın yeni prezidentini “Rotşildin kuklası”, habelə Fransada anti-semit görüşləri ilə tanınan Alen Soralın sözləri ilə “tipik psixopat”, “şən dana gözlərinə malik adam” kimi təsvir edirdi”, - İzabel Mandro qeyd edir.
Müəllif seçkilərdən qabaq Emmanuel Makronun əsas rəqibi Marin Le Peni Kreml sarayında qəbul edən Putinin yeni prezidentə təbrik mesajının bundan sonra münasibətlərin düzəlməsi yolunda heç bir fayda verməyəcəyini vurğulayıb.
808 dəfə oxundu