İspaniyalı jurnalist Azərbaycan hökuməti və xalqından üzr istədi
İspanyalı jurnalist Rikardo Markina Montanyananın adı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "arzuolunmaz şəxslər" siyahısından çıxarılıb.
XİN-in mətbuat xidmətindən BakiPost.az-a verilən məlumata görə, Argentina və Latın Amerikası regionunun KİV-də yazılarla çıxış edən ispan jurnalist Rikardo Markina Montanyana Azərbaycanın Argentinadakı səfirliyinə məktubla müraciət edərək, adının "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.
Məktubunda R.Montanyana Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə və qanunlarına hörmət etdiyini bildirib. R.Montanyana həmçinin işğal edilən ərazilərimizdən hazırladığı reportajda da o ərazilərin Azərbaycana aid olduğunu vurğuladığını qeyd edib.
Səfərlə əlaqədar təəssüfünü ifadə edərək, R.Montanyana Ermənistan tərəfindən işğal olunan Azərbaycan ərazilərinə səfərin heç bir halda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini bildirib və işğal olunan ərazilərə qanunsuz səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib.
R.Montanyanın müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının "Arzuolunmaz şəxslər siyahısı”ndan çıxarılmasına dair qərar qəbul edilib.
752 dəfə oxundu