Paradokslarla dolu İran seçkiləri - TƏHLİL
İranda prezident seçkiləri kampaniyasında maraqlı proseslər yaşanır. Bu dəfəki seçkilər namizədlərin daha aktiv mübarizəsi fonunda keçirilir, desək, yanılmarıq. Rusiyanın nüfuzlu "İzvestiya” qəzeti yazır ki, mayın 19-da hazırkı prezident Qərblə yaxınlaşma və islahatlar tərəfdarı olan Həsən Ruhaninin taleyi həll olunacaq. Onun əsas rəqibi Tehranın meri, İnqilab Keşikçiləri Şurasının keçmiş rəhbəri Məhəmməd Bağır Qalibaf ola bilər. Daxili və xarici siyasət məsələlərinə sərt yanaşma tərəfdarı olan bu şəxslə yanaşı, bir sıra güclü namizədlər də ona rəqib olacaq. Müşahidəçilərin qənaətincə, İranda elektoral mübarizənin mürəkkəb və maraqlı mübarizəsi, hətta amerikasayağı maraqlı teledebatlar müşahidə edilir. Lakin məsələ ondadır ki, namizədlərin yekun seçiminə ali dini lider ayətullah Əli Xamneyi son qoyacaq. Qərb şərhçiləri etiraf edirlər ki, İranda seçki proseduru həddən artıq sifarişlə həyata keçirilir. İstisna hal yalnız 2009-cu ilə yaşanıb. O zaman ölkə hakimiyyət dəyişikliyini tələb edən kütləvi etiraz aksiyalarından əməlli-başlı silkələnmişdi. Lakin o zaman ABŞ prezidenti olan Barak Obamanın Mahmud Əhmədinejadı prezident kimi tanıması və nümayişçiləri dəstəkləməkdən imtina etməsi aksiyaların səngiməsinə gətirib çıxardı. İlk baxışda 2009-cu il hadisələrinə bu cür qiymət bir qədər şübhəlidir. Lakin hakimiyyət sistemini və ölkənin siyasətini tədqiq edərkən görürük ki, bütün bu siyasət paradokslardan ibarətdir.
Qəzet bu paradoksları araşdırmağa çalışıb. Qeyd edilir ki, İran Birləşmiş Ştatların barışmaz ideya düşməni hesab edilir. Hətta İran inqilabının banisi ayətullah Xomeyni və onun varisi ayətullah Xameneyi Qərbin həyat tərzini kəskin şəkildə pisləyirlər. Lakin bu şəxslər məhz Vaşinqton və Qərb dəyərləri sahəsində İranda hakimiyyətə gələ bildilər. İranın sonuncu şahı Pəhləviyə qarşı 1979-cu il ildə baş qaldıran nümayişlər zamanı ABŞ prezidenti Cimmi Karter yumşaq mövqe nümayiş etdirdi. Aksiyalara qarşı zor tətbiqini pisləyən Kartet o zamankı rəhbərlikdən insan haqlarına hörmətlə yanaşmağı, iranlı dissidentlərə qarşı Qərb standartlarına uyğun hərəkət etməyi tələb etmişdi. Lakin Karter bilmirdi ki, həmin dissidentlər sonda hakimiyyətə amerikayönümlü liberalları deyil, ayətulah Xomeynini gətirəcəklər. Üstündən bir neçə il keçəndən sonra isə bəlli olacaq ki, Ronald Reyqan administrasiyası İranın İraqla müharibəsində Tehranın molla rejimini müdafiə edib. O zaman Vaşinqtonda böyük bir qalmaqal yaranmış və tarixə "irangeyt” adı ilə düşəcək bir insident baş vermişdi. Amerikalılara xoş məram kimi İran Əfqanıstanda mücahidləri müdafiə edən siyasət yürütməyə başladı. İran-İraq-Amerika dastanı bununla başa çatmır. Məhz İran Səddam Hüseyn rejiminin devrilməsinin əsas dəstəkçisi oldu və bununla İraqda şiələrin mövqelərinin möhkəmlənməsinə səbəb oldu. İranın Yaxın Şərqdə əsas qüvvəyə çevrilmək istəyi hər zaman problemlərlə üzləşib: şiələr sünnilərdən sayca xeyli azdır.
İran əvvəlcə özünü ümumislam lideri kimi mövqeyini gücləndirməyə çalışdı. Lakin Tehrana qarşı düşmən mövqedə olan "Əl-Qaidə” terror qruplaşmasının ortaya çıxması və Fələstinin HƏMAS qruplaşmasının Suriyada Bəşər Əsəd rejiminə qarşı mübarizəyə qoşulması İranın mövqeyini xeyli zəiflətmiş oldu. Bu gün İran yenə də Yaxın Şərqdə şiə qruplarına meyl göstərir, onlara hərtərəfli yardım edir. Lakin başlıca faktor ondan ibarətdir ki, amerikalılar iranlılara düşmən olan Səddam Hüseyndən qurtulmaqda kömək göstəriblər. Məhz amerikalılar Səddamın sünni ordusunu buraxdılar və bu, şiələrin Bağdadda möhkəmlənməsinə səbəb oldu. Bu gün İran aktiv şəkildə Suriyada Bəşər Əsədə dəstək verir, Rusiya qüvvələri ilə birlikdə terrorçuların zərərsizləşdirilməsinə yardım edir. Qonşu İraqda isə belə bir əməkdaşlığı Tehran Vaşinqtonla edir. İranla bağlı başqa bir paradoks İsraillə münasibətlərdir. Bu gün biz bilirik ki, məhz İsrail Pəhləvi rejiminə nüvə proqramını reallaşdırmağa kömək edib. Həmin illər əməkdaşlıq və müttəfiqlik münasibətlərinin pik dövrü idi. Ayətullah hakimiyyətə gəldikdən sonra isə İsrail ABŞ və SSRİ-dən sonra İranın əsas düşməni elan edildi.
Lakin İran İraqla müharibədə silahı məhz İsraildən alırdı. Daha maraqlı mövqe isə Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. Bəlli olduğu kimi, şiə-azərbaycanlılar bu müharibə nəticəsində öz torpaqlarının böyük bir qismindən məhrum olublar. Lakin bu, Tehranın Ermənistanla sıx əməkdaşlıq etməsinə mane olmur. İran tapmacasını anlamaq - çox mürəkkəb bir məsələdir. Bunun üçün ilk növbədə fars müxtəlifliyi və mürəkkəbliyini aydınlaşdırmaq gərəkdir. Bu müxtəliflik İran İslam Respublikasının etnik və dini tərkibində də üzə çıxır. Təəccüblü deyil ki, İranın siyasətində ən sərt islam fundamentalistlərinə qarşı praqmatizmlik nümayiş etdirilir. Bu seçkilərdə bütün namizədlər "İran paradokslarının” qeyd olunan bütün hallarına malikdirlər. Hətta ali dini lider Xameneyi hazırkı prezident Həsən Ruhaninin həddən artıq qərbyönümlü siyasət yürütməkdə ittiham etsə belə, hamı gözəl bilir ki, amplituda dəyişikliyi elə də böyük olmayacaq. Seçkilərdən sonra İranda dəyişikliklər dövrü başlaya bilər. Lakin bütün bu dəyişikliklər ABŞ prezidenti Donald Trampın İranda sözün əsl mənasında dəyişikliklər istəyib-istəməməsindən asılı olacaq. \\kaspi.az\\
787 dəfə oxundu