Əli Əhmədov: “Məqsədimiz həyat səviyyəsini Avropa standartlarına yaxınlaşdırmaqdır”

Əli Əhmədov: “Məqsədimiz həyat səviyyəsini Avropa standartlarına yaxınlaşdırmaqdır”


“Çox təəssüf ki, bəşəriyyətin inkişafın yüksək mərhələsinə çatmasına baxmayaraq, hələ də çox ciddi problemlər mövcuddur. BMT-nin hesablamalarına görə, 1 milyarda qədər insan normal qidalana bilmir, 1,5 milyard insan gündə 1 dollara yaşamağa məhkumdur”.

APA-nın məlumatına görə, bu sözləri BMT-nin Azərbaycandakı nümayəndəliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə keçirilən “Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında vətəndaş cəmiyyətinin rolu” mövzusunda konfransda baş nazirin müavini Əli Əhmədov deyib. O bildirib ki, dünyada on milyonlarla insan işsizlikdən əziyyət çəkir: “Ayrı-ayrı ölkələrdə insanların orta ömrü 50-55 ildir, inkişaf etmiş ölkələrdə isə bu göstərici 75-80 ildir. Bütün bunlar BMT-ni ciddi şəkildə narahat edir. Ona görə də BMT bu problemlərin 2030-cu ilə kimi həll edilməsi məqsədlərini qarşıya qoyub. O da təəssüf doğurur ki, aclıq, yoxsulluq təbii və insan resursları ilə zəngin bir sıra Afrika və Asiya ölkələrində özünü göstərir. ABŞ-ın hərbi xərcləri 600 milyard dolları keçib, Avropa İttifaqında gündəlik 1 iş saatı orta hesabla 8 avrodur, dünyada 1 milyard insan isə gündəlik 1 dollara məhkumdur”.

Ə. Əhmədov qeyd edib ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulan Azərbaycan inkişaf edən ölkələr sırasına daxildir: “Son 12 ildə Azərbaycan iqtisadiyyatı 3,5 dəfə artıb. Azərbaycanda təhsil, səhiyyə infrastrukturunun yenilənməsi sahəsində mühüm iş görülüb. Bütün bunlar ölkəmizdə insanların həyat səviyyəsini köklü şəkildə dəyişib. BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulmaqda Azərbaycanın məqsədi əhalinin rifahını daha da yüksəltməkdir. İnanırıq ki, Azərbaycan iqtisadiyyatının inkişafı yeni mərhələyə qədəm qoyacaq. Məqsədimiz həyat səviyyəsini Avropa standartlarına yaxınlaşdırmaqdır. Bu hədəf və məqsədlər mili proqramda əksini tapıb”.

Baş nazirin müavini bildirib ki, Azərbaycanda güclü vətəndaş cəmiyyəti təsisatı formalaşıb: “İnanırıq ki, vətəndaş cəmiyyətinin iştirakı ilə qarşıya qoyduğumuz məqsədlərə daha sürətlə çatacağıq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
796 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...