“Bələdiyyələrə daxil olan vəsait artıb” - PA-nın sektor müdiri
“2016-ci ildə bələdiyyə büdcələrinə daxil olmuş vəsait 31 617 200 manat təşkil edərək 2015-ci illə müqayisədə 2,7% artıb”.
Gundeminfo.az belediyye.info-ya istinadən xəbər verir ki, bu fikri Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının ümumi yığıncağında Prezident Adminstrasiyasının Regional İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə İş şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov bildirib.
Onun sözlərinə görə, ötən ilin fevral ayından başlayaraq, vergi və ödənişlərin toplanması, tədiyyəçilərlə münasibətlərin düzgün qurulması, gəlir və xərclər sahəsində şəffaflığın təmin olunması üçün Prezident Administrasiyasının dəstəyi ilə Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyaları tərəfindən Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi (BAMS) proqramı hazırlanıb və ötən ilin oktyabr ayından bələdiyyələrdə tətbiq edilməyə başlanıb.
Sektor müdiri çıxışında daha sonra bildirib ki, BAMS proqramı bələdiyyələrin bütün fəaliyyətini əks etdirən məlumatları bazada yerləşdirməklə vergi və ödənişlər, həmçinin gəlir və xərclərlə bağlı aparılacaq bütün əməliyyatları qeydə alır və lazım olan statistik məlumatları operativ əldə etmək imkanı yaradır. Hazırda bu proqram bütün bələdiyyələrdə uğurla tətbiq olunur və bələdiyyələr proqramdan rahat istifadə edirlər.
Göründüyü kimi, BAMS proqramının tətbiqindən sonra bələdiyyə fəaliyyətinin bütün sahələri ilə bağlı, o cümlədən vergi və ödənişlərlə bağlı vahid informasiya bazasının yaradılması başa çatdırılmışdır ki, bu da gələcəkdə yerli büdcə daxilolmalarının artımı üçün şərait yaradır.
Milli assosiasiyalar və bələdiyyələr bilməlidirlər ki, yerli vergi və ödənişlərin tam həcmdə yığılmasının təmin edilməsi BAMS proqramının düzgün istifadəsindən birbaşa asılıdır.
Bununla yanaşı bələdiyyə sədrləri əhali arasında vergilərin ödənilməsi ilə bağlı geniş maarifləndirmə və təbliğat işini davam etdirməli, seçiciləri qarşısında hesabat yığıncaqlarını daim keçirməli, vergilərdən əldə olunacaq gəlirlərin həmin vergiləri ödəyən şəxsləri narahat edən yerli problemlərin həllinə yönəldiləcəyini bildirməlidilər”.
E.Eyvazov çıxışında yerli vergi və ödənişlərin onlayn rejimində dah geniş formatda həyata keçirilməsi imkanlarının yaradılması nəzərdə tutulduğunu qeyd edib:
“Hesab edirəm ki, bu məsələ reallaşdırıldığı tədqirdə ödəmələrin asanlaşdırılmasına, habelə yığım səviyyəsinin artmasına xidmət edəcək. Qeyd olunmalıdır ki, Azərbaycan Prezidentinin 2016-cı il 27 aprel tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planında” yerli vergi və ödənişlərin onlayn və elektron terminallar vasitəsilə həyata keçirilməsinin təmin edilməsi artıq nəzərdə tutulub.
Yaxın gələcəkdə qeyd olunan məsələnin realaşdırılması üçün Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalara Nazirliyinin habelə digər aidiyyəti qurumlarının nümayəndələri ilə müvafiq məsləhətləşmələrin aparılması nəzərdə tutulur”.
1038 dəfə oxundu