AŞPA 13 ildən sonra Türkiyəyə qarşı həmin qərarı verdi
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda keçirilən yaz sessiyasının bugünkü plenar iclasında "Türkiyədə demokratik təsisatların fəaliyyəti" adlı hesabat layihəsi müzakirə olunub.
APA-nın Avropa bürosunun xəbərinə görə, Türkiyədəki son Konstitusiya referendumundan sonra ölkə üzrə məruzəçilərin hazırladıqları hesabatda Türkiyənin monitorinq mərhələsinə qaytarılması təklif olunmuşdu.
Gərgin müzakirələr zamanı bəzi assambleya üzvləri sənədə əlavə və dəyişikliklər təklif etsələr də, bu təkliflərin heç biri qəbul edilməyib və Türkiyənin postmonitorinq prosesindən monitorinq mərhələsinə salınmasına dair müddəa olduğu kimi saxlanılıb.
Sonda qətnamə layihəsi tam şəkildə səsə qoyularaq qəbul edilib. Qərarın lehinə 113, əleyhinə 45 parlamentar səs verib.
Qeyd edək ki, Türkiyə 13 il əvvəl monitorinq prosesindən çıxarılmışdı və post-monitorinq mərhələsində idi. Beləliklə, Türkiyə monitorinqdən çıxarıldıqdan sonra yenidən monitorinq altına alınan ilk ölkə olub.
731 dəfə oxundu