“Ermənistanı Azərbaycanla əlaqələrə məcbur etmək lazımdır“
Chatham House Bako Saakyanla görüş üçün ən azı 8 faktoru nəzərə alsa, regional sabitliyə töhfə verər
I. Dağlıq Qarabağın de-fakto rəhbəri B.Saakyanı dəvət etməklə Chatham House Böyük Britaniyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində bu vaxtadək yürütdüyü siyasətə zərər vura bilər.
Əsaslandırma:
Böyük Britaniya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edir. Dağlıq Qarabağ münaqişəsinin həllinin başlanğıcını Dağlıq Qarabağın erməni və azərbaycanlı icmasının dialoqunun və əməkdaşlığının qurulmasında görür.
Bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin bir neçə dəfə açıqlamaları olub. Aİ və AŞPA-da Böyük Britaniyanı təmsil edən deputatlar bu fəlsəfəyə söykənirlər. Böyük Britaniyanın Azərbaycandakı səfiri bir neçə dəfə bu mövzuya münasibət bildirib.
Hətta Böyük Britaniyanın Ermənistandakı səfiri K.Liç bir neçə dəfə Ermənistan ictimai-siyasi mühiti qarşısında öz ölkəsinin Azərbaycandakı maraqlarını müdafiə edib. Bunu presedent hesab edirik.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa məsələləri üzrə naziri Devid Lidinqton ötən ilin noyabrında məxsusi olaraq bu münaqişənin tənzimlənməsindən ötrü Azərbaycanda oldu. D.Lidinqton Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərovla görüşdü.
II. "Dağlıq Qarabağ xalqı" və ya "Dağlıq Qarabağ ermənisi" adlı etnonim yoxdur. Əsaslandırma:
Chatham House-un istənilən analitiki 0.35 saniyə ərzində bunu müəyyən edə bilər. Bu etnonim uydurmadır və beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün nəzərdə tutulub. Dağlıq Qarabağda yaşayan ermənilərlə Ermənistan ermənilərinin danışdığı dillərin arasındakı fərq cəmi 15%-dir. Amma Ermənistan ermənilərinin danışdığı şərqi erməni dili ilə diaspor ermənilərinin danışdığı qərbi Ermənistan dili arasında fərq 80%-dir. Ermənistanda diaspora erməniləri ilə özlərini eyni xalq, Dağlıq Qarabağdakı ermənilər ilə isə ayrı xalq hesab edirlər.
III. Dağlıq Qarabağda ermənilər heç vaxt müstəqillik uğrunda mübarizə aparmayıblar. Müstəqillik uğrunda mübarizə əzəli Azərbaycan torpağını Ermənistana birləşdirmək yolunda sonradan məcburən seçilmiş taktikadır. Əsaslandırma:
SSRİ dövründə ermənilər Dağlıq Qarabağın və Azərbaycanın digər ərazilərinin Azərbaycan SSR-dən ayrılıb Ermənistan SSR-ə birləşdirməsi ilə bağlı vaxtaşırı müntəzəm kompaniyalar aparıblar.
1988-ci ilin fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayətinin Xalq Deputatları Soveti Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR-in tərkibindən ayrılıb Ermənistan SSR-in tərkibinə birləşməklə bağlı qərar qəbul etdi. Bu qərara istinad edərək Ermənistan SSR Ali Soveti 1989-cu il iyunun 16-da Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşməklə bağlı qərarına müsbət cavab verdi. SSRİ dağıldıqdan sonra da Ermənistan SSR Ali Soveti bir neçə dəfə bu məsələyə qayıdıb, münasibəti həmişə təsdiqləyici olub. Dağlıq Qarabağın Ermənistana birbaşa və ya bir mərhələdə birləşməsinin qeyri-mümkünlüyünü başa düşən ermənilər aralıq variant kimi Dağlıq Qarabağın müstəqilliyi ideyasını ortalığa atdılar və 1991-ci ilin dekabrın 10-da guya "referendum" keçirdilər.
IV. Dağlıq Qarabağ ermənilərinin "müstəqillik referendumu" legitim hesab edilə bilməz.
Əsaslandırma:
Bu referendumun hüquqi əsası yoxdur. Çünki referendum barədə qərar qəbul ediləndə həm Ermənistan SSR, həm də Azərbaycan SSR SSRİ-nin tərkibindən çıxmaq, müstəqil olmaqla bağlı qərar qəbul etmişdilər. Ona görə SSRİ qanunvericiliyinə istinad əsassızdır. Həm də ermənilərin Sovet qanunvericiliyinə istinadının da əsası yoxdur. Çünki SSRİ-dən ayrılmaq hüququ 15 müttəfiq respublikaya aid idi.
Müttəfiq respublikaların tərkibindəki muxtar qurumlara şamil edilmirdi. Dağlıq Qarabağ muxtar vilayəti Azərbaycanın tərkibində hətta muxtar respublika da deyil, muxtar vilayət statusunda idi. Digər tərəfdən müstəqilliyini elan etmiş Azərbaycan və Ermənistanda müvafiq qanunvericilik bazası yox idi.
Ən vacib nəzərə alınmalı məsələ isə, azərbaycanlıların deportasiyasıdır. Ermənilər Dağlıq Qarabağdakı azərbaycanlıları deportasiya etdikdən sonra "referendum" keçirdilər.
V.Dağlıq Qarabağdaki azsaylı ermənilər heç vaxt heç nəyi həll etməyiblər və həll etmək gücündə də deyillər.
Əsaslandırma:
Dağlıq Qarabağ de-fakto Ermənistanın tərkib hissəsidir. Gümrü kimi daha çox rusiyapərəstliyi ilə fərqlənən regionudur. İndi Ermənistan özü müstəqil siyasət formalaşdıra, apara bilmir. Belə olan halda Dağlıq Qarabağın müstəqil qərar vermək bacarığına Chatham House analitiklərinin inanması düşündürücüdür.
VI. Dağlıq Qarabağın Azərbaycanlı icmasının rəhbəri və ya rəhbərliyinin təmsilçisi B.Saakyanla bərabər səlahiyyətdə və eyni vaxtda görüşə dəvət olunmalıdır. Bu, Böyük Britaniyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində götürdüyü kursa daha uyğundur.
VII. Chatham House Bako Saakyanla bağlı görüş barədə verdiyi açıqlamada Azərbaycanın suverenliyinə və müstəqilliyinə hörmət etdiyini bəyan edir. Amma ərazi bütövlüyünü unudur. Ona görə B.Saakyanla görüş ərəfəsində Chatham House Azərbaycanın ərazi bütövlüyünə münasibət bildirməlidir.
VIII. Böyük Britaniya Ermənistandakı son proseslər fonunda S.Sərkisyan hakimiyyətinin Rusiyaya qarşı müqavimətini gücləndirmək kursu götürübsə, bu, səhv kursdur. Rusiya Ermənistanda vəziyyəti istənilən səviyyəyədək gərginləşdirib regional xaosa çevirə bilər. Bu zaman ən çox ziyan çəkən məhz Böyük Britaniya ola bilər.
Çünki bu regionda ən çox iqtisadi iştirakı olan qərb dövləti məhz Böyük Britaniyadır. Böyük Britaniya Azərbaycan və Gürcüstanla əlaqələrə söykənərək regionda mövqeyini gücləndirmək kursunu davam etdirərsə, daha faydalıdır. Ermənistanı isə bütün vasitələrdən istifadə edərək Azərbaycanla əlaqələrə məcbur etmək lazımdır. Bunun yolu Dağlıq Qarabağ separatizminə dəstək verməkdən, işğalçı müharibənin nəticəsini alqışlamaqdan deyil, Dağlıq Qarabağın Azərbaycanın tərkibinə qayıtmasından keçir.
Mübariz Əhmədoğlu - Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru (trend)
1274 dəfə oxundu