Trampın Suriya həmləsi - Özünü qoruma, yoxsa uşaq ölümlərinə görə hiddət?

Trampın Suriya həmləsi -


ABŞ gəmilərinin atdığı raketlər bölgədə nəyi dəyişəcək?

ABŞ hərbi-dəniz qüvvələri aprelin 7-də Suriya saatı ilə 04:40-da Aralıq dənizinin şərqində yerləşən gəmilərdən Suriya ordusuna məxsus hərbi hava bazasını vurub. Pentaqon yaydığı rəsmi açıqlamada “əş-Şayrat” bazasına 59 “Tomohavk” raketi atıldığı bildirilir.

Bazanın yerləşdiyi Xums əyalətinin valisi yerli mediaya açıqlamasında hava zərbələri nəticəsində biri general olmaqla 5 hərbçinin öldüyü, 7 nəfərin isə yaralandığını bildirib. Baza dağıdılıb. Lakin itkilərin az olmasının səbəbi hava zərbələrindən öncə Pentaqonun Rusiyanı xəbərdar etməsi, rusların isə suriyalılara xəbər ötürməsi olub. Vaxtında xəbərdar edilən Suriya ordusunun komandanlığı təyyarələrin bir qismini bazadan çıxarmağa nail olub.

ABŞ prezidenti Donald Tramp Florida ştatında etdiyi çıxışında bildirib ki, Suriyaya hava zərbəsi əmrini o verib. Hava zərbələri bu həftənin ikinci günü Suriya ordusunun Xan Şeyxun qəsəbəsində sarin qazından istifadə etməklə həyata keçirdiyi bombardmana cavab olaraq həyata keçirilib. Xan Şeyxunu bombalayan Suriya təyyarələri məhz “əş-Şayrat” aerodromundan havaya qalxmışdı.

Hava zərbələrini Britaniya, Avstraliya, Səudiyyə Ərəbistanı, Türkiyə kimi ölkələr dəstəkləyib. Rusiya, İran isə bombardmanı qınayıb. Rusiya bunu müstəqil dövlətin suverenleyinin tapdanması kimi qiymətləndirib.

6 ildən sonra gələn əmr və ya Trampın cəsarəti

Image result for donald tramp

Qeyd edək ki, bu hadisə daxili müharibə başladıqdan sonra ABŞ-ın Suriya ordusuna qarşı ilk zərbəsidir. 2013-cü ildə Suriya ordusunun müxaliflərə qarşı zəhərli qazdan istifadəsi iddiaları zamanı Suriyaya hərbi müdaxilə gündəmə gəlsə də, Rusiyanın BMT-də vetosundan sonra əldə olunmuş razılaşmaya əsasən BMT mütəxəssislərinin nəzarəti altında Suriyanın kimyəvi silahları ölkədən çıxarılmışdı.

Ancaq 4 ildən sonra bu yenidən gündəmə gəlib və bu dəfə İdlib ətrafına hücuma keçən Suriya ordusunun əməliyyatlar zamanı zəhərli qazdan istifadə etdiyi iddiası ortaya atılıb. Suriya ordusu və Rusiya hərbi komandanlığı iddiaları təsdiqləməsə də, beynəlxalq ictimaiyyətin ciddi təpkiləri altında Vaşinqton hava zərbələrinə qərar verib.

4 il əvvəl Obamanın qərar vermədiyi, ancaq Trampın Suriyanı vurma əmri bu baxımdan gözlənilməz olub. Çünki Trampın Rusiya ilə yaxın olması, Putinlə dostluğu onun Suriya münaqişəsində hərbi yola əl atması ehtimallarını zəiflədirdi. Lakin ehtimal ki, Trampın Suriyaya hava zərbəsi endirməsində məhz Rusiya amili rol oynayıb. Çünki məhz Rusiya ilə mülayim xətt tərəfdarı olması ilə bağlı ittihamlar Trampın başı üzərində qara bulud olaraq dolaşır, yaxın ətrafından bir neçə nəfər artıq Rusiya ilə əlaqələrinə görə dindirilməyə məruz qalb və vəzifədən istefaya məcbur edilib. Bu prosesin Trampın özünə qədər gedə biləcəyi iddiaları var. Belə bir vəziyyətdə ABŞ prezidentinin üzərindəki “Rusiyapərəst” yarlığını təmizləmək və daha qətiyyətli, hətta Rusiya ilə konfrantasiyaya gedəcək qədər cəsarətli olduğunu göstərməsi üçün Suriyaya məhdud hava zərbəsi əlverişli fürsət idi.

Digər tərəfdən, Trampa Konqresdə və dövlət bürokratiyası içərisində Suriya mövzusu ilə bağlı ciddi təzyiqlər var. Eləcə də Trampın ən yaxın müttəfiqlərindən biri olan İsrail hakimiyyəti də ona ilk gündən Suriyaya qarşı hərbi güc tətbiqi üçün təzyiq edir.

Nəhayət, hava zərbələrindən sonra Trampa dəstəyin artması, onun reytinqinin yüksəlməsi ilə bağlı fikirlər onu göstərir ki, ABŞ prezidentinin bu ərəfədə hava zərbəsi ilə xeyli dərəcədə qazanclı çıxıb.

ABŞ Suriyada hərbi əməliyyatları davam edəcəkmi?

Image result for suriya idlib

Bu əməliyyatın davam etməsi ehtimalı hələlik xeyli azdır. Çünki hava zərbələrinin elan olunmuş məqsədi İdlibi bombalayan Suriya hərbi təyyarələrinin və kimyəvi silahların yerləşdirildiyi bazanın məhv edilməsi idi. Hazırda faktiki olaraq Pentaqon bu məqsədinə çatıb. Bundan sonra əməliyyatı davam etdirmək üçün əsaslandırılmış dəlillər lazım olacaq. Digər tərəfdən, Suriyaya hərbi müdaxilə ABŞ ordusu üçün ciddi problem yarada bilər. Amerikalılar Suriyaya quru əməliyyatı keçirmək istəmirlər, çünki bu zaman itkilər daha da arta bilər, hətta İraq və Əfqanıstandan da çox ola bilər. Çünki Suriyada amerikalıların düşmənlərinin sayı çoxdur, amerikalılardan qisas almaq istəyən güclər var. Hava zərbələri də indiki vaxtda risklidir, çünki rusların Suriyada S-400 batareyaları var və aviasiyaya qarşı istifadə oluna bilər. İndiki zamanda Pentaqon üçün ən əlverişli variant dənizdən raketlə Suriya hədəflərinin vurulmasıdır.

Amerikanın zərbələri savaşı daha da şiddətləndirəcək

Ən qorxulu sonluq məhz budur. Çünki artıq gələn bilgilərə görə, İŞİD Palmira istiqamətində və eləcə də gecə bombalanan “əş-Şayrat” bazasının yerləşdiyi bölgədə silahlılar Suriya ordusuna hücuma keçib. Yəni raket zərbələri istənilən halda döyüşən tərəflərdən birini – Suriya ordusunu – zəiflədir, qarşı tərəfdə ən azından ruh yüksəkliyini artırır. Üstəlik, itkilərin Suriya ordusunu zəiflətməsi və onun döyüş imkanlarına nə qədər təsir edəcəyi də məlum deyil.

Image result for suriya idlib

Bu mənada amerikalıların zərbələri Suriyada münaqişəni daha da qızışdıracaq. Bu cür zərbələr Bəşər Əsədin devrilməsi üçün kifayət etməsə də, müharibəni daha da qızışdıracaq, itkilərin daha da artmasına səbəb olacaq. Çünki artıq Suriya ordusunun Xan Şeyxun şəhərinə yenidən hücum etdiyi ilə bağlı xəbərlər var.

Beləliklə, nəticə olaraq ABŞ İraq müharibəsində olduğu kimi, beynəlxalq birliyin qərarı, təsdiqlənmiş beynəlxlaq araşdırma olmadan birtərəfli hərbi əməliyyat həyata keçirdi. Məsələ ondadır ki, Rusiya və Suriya tərəfi Dəməşqin əlində kimyəvi silah olmadığı, 2013-cü ildə hamısının müsadirə edildiyini bildirir. Eyni zamanda Xan Şeyxunda baş verən zəhərlənmənin səbəbi Suriya aviasiyasının bombardmanı zamanı bombalardan birinin müxaliflərin əlində olan kimyəvi maddə anbarına düşməsi nəticəsində olub. Amma bu iddianı Qərb ölkələri qəbul etmirlər.

Nəticə etibarı ilə dinc insanların kimyəvi qazlardan zəhərləndiyi faktı var. Bu qazın Suriya ordusu tərəfindən atıldığı, yoxsa bombalanan ərazidə olduğu hələlik dəqiqləşməmiş iddiadır. Amma ortada bir fakt var ki, müharibə davam edir və hər gün dinc insanlar ölür və ölməkdə davam edəcək kimi görünür. Qazananlar isə yenə də kənarda olanlardır.

Son hava zərbələri ABŞ və Rusiya arasında, eləcə də zərbələrdən daha əvvəl hərbi müdaxiləyə dəstək verməyə hazır olduğunu bəyan edən Türkiyə dövləti ilə Rusiya arasında münasibətləri pisləşdirəcək. Rusiya Suriyada ABŞ-la hərbi əməkdaşlığı dayandırdığını bəyan edib. Türkiyə hökumətinin mövqeyindən sonra yəqin ki, Ankara ilə Moskvanın Suriyadakı əməkdaşlığının başa çatdığını demək olar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
874 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...