“Qazaxıstan ilə Azərbaycan arasında münasibətlər heç vaxt və heç bir halda pozulmayıb”

“Qazaxıstan ilə Azərbaycan arasında münasibətlər heç vaxt və heç bir halda pozulmayıb”


“Qazaxıstan ilə Azərbaycan arasında münasibətlər heç vaxt və heç bir halda pozulmayıb, əksinə, biz tariximizin, mədəniyyətimizin, dinimizin yaxınlığını qeyd etmişik və münasibətlərimizi bu etimad əsasında qurmuşuq. Müstəqilliyi bərpa etdikdən sonra biz Heydər Əliyevlə birlikdə bunun bünövrəsini yaratmışıq və indi həmin işi davam etdiririk”.
“Report”un xəbərinə görə, bunu Bakıda Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə məhdud tərkibdə görüşdə deyib.


“Nümayəndə heyətimiz buraya səmimi əminliklə gəlib ki, bu səfər və danışıqlar ticari-iqtisadi, siyasi münasibətlərin möhkəmləndirilməsinin, xalqlarımızın və ölkələrimizın daha da yaxınlaşmasının yeni əsasını qoyacaq. Biz artıq dünən Sizinlə ilkin danışıqlara başlamışıq və bu yeni şəraitdə hansı perspektivlərin, imkanların olduğunu görürük.

Elə indi - dünyada böyük dəyişikliklərin, iqtisadi-siyasi cəhətdən böhranın baş verdiyi zamanda bizim ixrac-birja məhsullarımız çöküb. Bu, bir tərəfdən, pisdir, digər tərəfdən, məlum olduğu kimi, problemdə imkanları da görmək lazımdır. Biz də bu imkanları onda görürük ki, iqtisadiyyatı şaxələndirməliyik, yeni istehsal sahələri yaratmalıyıq, yeni işlər görməliyik, buna isə elmi və innovasiyaları cəlb etməliyik. Bu işlər həm sizdə, həm də bizdə həyata keçirilir və yeni əsaslar üzərində ölkələrimizin iqtisadi əlaqələrini kəskin şəkildə yüksəltmək mümkündür. İşimizi davam etdirmək üçün vaxtı bir daha dəqiqləşdirməliyik.

Mən Sizi keçirilmiş referendum münasibətilə təbrik edirəm. Əminəm ki, bu referendum Azərbaycan xalqının rifahına xidmət edəcək. Bu referendum xalqın şəxsən Sizə olan etimadını bir daha nümayiş etdirdi. Belə mürəkkəb dövrdə bu, çox mühüm məqamdır. Biz səmimi qəlbdən Sizi təbrik edirik”, - Nazarbayev vurğulayıb.

O, paytaxt Bakı şəhərinin inkişaf etdiyini də deyib: “Mən Bakı şəhərinin necə inkişaf etdiyini, daha da gözəlləşdiyini görürəm. Yeni paytaxt quran insan kimi mənim üçün bu, aydındır, bunun necə başa gəldiyini bilirəm. Şəhər gözəlləşir, çünki bu, ölkənin simasıdır. Hər gələn paytaxtı, ölkəni görür, həmçinin Azərbaycan da inkişaf edir. Mən bir daha qeyd edirəm ki, biz yaxın qonşularıq və biri-birinə etibar edən dostlarıq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
767 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...