"İnsan haqları və ABŞ sayağı demokratiya" - Çingiz Qənizadənin yazısı
ABŞ Dövlət Departamentinin iyunun 25-də yaydığı “İnsan haqları 2014” hesabatının Azərbaycanla bağlı hissəsi qərəzli və məqsədlidir. Hesabatda qeyd olunur ki, Azərbaycan ordusunda əsgərlərin döyülməsi problem olaraq qalır və bəzi hallarda ölümlə nəticələnir.
İşğalçı Ermənistanla döyüşə hazır vəziyyətdə vətəni qoruyan orduda belə halların olmasının iddia edilməsi, erməni dəyirmanına su tökmək və Azərbaycan ordusunda qeyri-sağlam mühitin olması fikrini formalaşdırmaq, əsgərlər və onların valideynlərini daim narahat və qorxu içində saxlamaq niyyəti güdür. Lakin onlar unudurlar ki, bu gün ordudakı vəziyyət 5-10 il bundan əvvəlki vəziyyət deyil. Əksinə Ermənistan ordusunun bərbad olması, əsgərlərin Dağlıq Qarabağda döyüşmək istəməməsi, postlara muzdluların və mülki şəxslərin qoyulması heç kimə sirr deyil.
Həbsxanalar və saxlanma məntəqələrindəki şəraiti tənqid edən Dövlət Departamenti qeyd edir ki, həbsxanalarda şərait pis və bəzən də həyat üçün təhlükəlidir. Qeyri-adekvat qidalanma, isitmə və havalandırma sisteminin pis olması, tibb xidmətinin zəif olması səbəbindən yoluxucu xəstəliklərin yayılması problem olaraq qalır.
Penitensiar sahəyə ictimai nəzarəti həyata keçirən “İctimai Komitə”nin koordinatoru kimi qeyd etmək istəyirəm ki, son illərdə qanunvericiliyə edilmiş çoxsaylı əlavə və dəyişikliklər, 10 iyul 2012-ci ildə qəbul edilmiş “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu məhz məhkumların və saxlanılan şəxslərin vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir.
Məhkumların görüş və telefon danışıqlarının vaxtının iki dəfə artırılması, tibbi müayinə və vəkillə təminatı, ərzaq qəbulu qaydaları, şəxsin saxlanılması zamanı ailəsinin dərhal məlumatlandırılması və s. kimi halları, həmçinin isitmə və havalandırma sistemi ilə bağlı işlərin artıq neçə il əvvəl başa çatdırılmasını ABŞ ya görmür, ya da özlərinin yaratdığı və qanunsuz olaraq yüzlərlə məhbusu istintaq işi aparılmadan və məhkəmənin hökmü olmadan saxladıqları Guantanamo həbsxanası ilə səhv salırlar.
Polis və təhlükəsizlik orqanlarının rolu bölümündə qeyd olunur ki, polis kütləyə nəzarət etmək üçün müxtəlif metodlardan istifadə edir, etirazçılara qarşı həddən artıq güc tətbiq edir.
Əslində dünyanın hər yerində polis və təhlükəsizlik orqanları bu işi görür, lakin qanunla icazə verilmiş metodlarla.
Deyəsən ABŞ öz ölkəsinin vətəndaşları ilə yanaşı, eyni zamanda digər ölkələrin şirkət rəhbərlərinin, siyasi xadimlərin və hətta dövlət başçılarının izlənməsini və telefon danışıqlarının qanunsuz olaraq dinlənilməsini unudur?!
ABŞ-da demək olar ki, polis hər gün vətəndaşlara qarşı güc tətbiq edir, odlu silahdan istifadə edərək irqi ayrı-seçkiliyə yol verir və günahsız olaraq insanlara atəş açıb öldürür.
Maraqlıdır ki, Dövlət Depatamenti ABŞ-ın Ferqyuson şəhərində polis Darren Vilsonun 18 yaşlı əli silahsız qaradərili Maykl Braunu, Klivlenddə 12 yaşlı qaradərili oğlan uşağını əlindəki oyuncaq tapançanı silah bilərək güllələnməsini, Baltimorda baş verənləri və neçə-neçə bu cür halları görmür və ya görmək istəmir. Bəs polisin bu zorakılığına etiraz əlaməti olaraq ABŞ-ın 100-dən çox şəhərində keçirilmiş aksiyalar nədən xəbər verir?!
Əgər Azərbaycanda polis və ya təhlükəsizlik orqanları tərəfindən belə bir hal baş vermiş olsaydı onda görün Dövlət Departamenti hansı bəyanatlarla çıxış edərdi...
Azərbaycanda ədalətli mühakimə bölümündə qeyd edilir ki, məhkəmə sistemi korrupsiyalaşmış və qeyri-səmərəli olaraq qalır, hakimlər müstəqil deyillər və s.
Bu Azərbaycanda mövcud olan hakimiyyətin qollarından biri – məhkəmə hakimiyyətinə qarşı böhtan və iftiradan başqa bir şey deyil. Əvvəla bu yaxınlarda yaradılmasının 10 illiyini qeyd etdiyimiz və müstəqil qurum olan Məhkəmə-Hüquq Şurası 10 ildir ki, bu sahədə islahatlar aparır və çox uğurlu nəticələr əldə etmişdir. Hakimlərin seçilməsi, onların fəaliyyətinin qiymətləndirilməsi, məhkəmə proseslərinə onlayn sistemin tətbiqi, tərəflərin məhkəmə prosesinə sms vasitəsilə dəvət edilməsi, yeni müasir məhkəmə binalarının tikilib istifadəyə verilməsi, hakimlərə Avropa məhkəmə təcrübəsinin öyrədilməsi və presedent hüququnun tətbiqi və s. kimi çoxsaylı işləri görməmək mümkün deyil.
Bu gün Azərbaycan məhkəmələrinə üz tutan minlərlə vətəndaşın hüquqlarını bəlkə məhkəmə deyil, ABŞ müdafiə edir?
Dövlət Departamenti ədalət mühakiməsindən danışarkən Klivlenddə 12 yaşlı uşağı oyuncaq tapançaya görə öldürən polisi həbs etməkdən imtina edən hakimləri və polisi sadəcə işdən uzaqlaşdırmaqla kifayətlənən ədalət mühakiməsini xatırlasın!
Son olaraq ABŞ Dövlət Departamentindən soruşmaq istərdim ki, nə üçün indiyə qədər öz ata-baba torpaqlarını ziyarət etməyə getmiş və erməni işğalçıları tərəfindən əsir götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə yazmır, onların pozulmuş hüquqlarının bərpasını və azad olunmasını tələb etmir?
Nəyə görə Ermənistanı işğalçı adlandırmır?
Nə üçün Azərbaycanın 1 milyon qaçqın və məcburi köçkünlərinin hüquqları onları narahat etmir?
Niyə müstəqil bir dövlətin, Azərbaycanın ərazilərinin 20% işğalına biganə yanaşır?
Nəyə görə ATƏT-in Minsk Qrupunun həmsədri olan ABŞ 20 ildən artıqdır ki, işğalçını öz adı ilə çağırmır və ona qarşı sanksiyalar tətbiq etmir?
Bəlkə AbŞ dünyada mövcud olan və hamı tərəfindən qəbul edilmiş beynəlxalq hüquq normalarının varlığını unudub?
Sonda isə məndə belə bir sual yarandı, iyunun 23-də AŞPA-da qəbul edilmiş 13801 saylı qətnamədən “Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ və ətraf 7 rayonu işğal etməsi faktını tanıyır” cümləsinin çıxarılmasında ABŞ-ın rolu varmı? Cavab bəllidir!
Çingiz Qənizadə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü
1148 dəfə oxundu