Leyla və Arif Yunusların məhkəməsinin başlama vaxtı məlum olub

Leyla və Arif Yunusların məhkəməsinin başlama vaxtı məlum olub


Sülh və Demokratiya İnstitutunun həbsdə olan direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun barəsində olan cinayət işi üzrə məhkəmənin başlama vaxtı məlum olub.

APA-nın məlumatına görə, onların cinayət işi üzrə ibtidai istintaq yekunlaşaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi üzrə məhkəmənin hazırlıq iclası iyulun 13-nə təyin edilib. Prosesə hakim Əfqan Hacıyev sədrlik edəcək.


Qeyd edək ki, ötən il iyulun 30-da Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunus barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 178.3.2-ci (Dələduzluq (külli miqdarda ziyan vurmaqla törədildikdə)), 192.2.2-ci (Qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə)), 213.2.2-ci ((Vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanılıb.

Arif Yunus isə ötən il avqustun 5-də həbs edilib. Ona qarş Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) və 274-cü (Dövlətə xəyanət) maddəsi ilə ittiham elan edilib.

Onu da qeyd edək ki, bir müddət əvvəl istintaq orqanı tərəfindən hər iki şəxsin barəsində olan Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib. Hazırda məhkəməyə göndərilən cinayət işi dələduzluq və digər cinayət işləri ilə bağlıdır.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1261 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...