VHP-dən gələnlər Nilli Şuranı tərk edirlər
Rafiq Manaflı: "Bu, gözlənilməz gediş oldu"
Radikal mövqedə dayanan Milli Şuranı daha bir nəfər tərk edib. Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) sədri Felmar Ələkbərov Milli Şurada fəaliyyətini dayandırdığını elan edib.
F.Ələkbərov bildirib ki, Milli Şurada artıq öz işini görüb, bu, onun üçün yetərli sayılır: "Mən son vaxtlar Milli Şuraya gedib-gəlmirəm. Həm əməliyyat olunmuşam, həm də orada öz işimi yetərincə görmüşəm. Əslində, Milli Şurada fəaliyyətim dondurulmuş vəziyyətdə idi. Biz Milli Şurada müxalifətin gücünü göstərmək üçün iştirak etdik, onun da nə qədər gücü olduğu bəlli oldu. İndi mən VHP-də post tuturam". Qeyd edək ki, son aylar Milli Şuradan mütəmadi olaraq istefalar baş verir. Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı isə deyib ki, son istefa haqda heç bir informasiyaya sahib deyil. Onun sözlərinə görə, F.Ələkbərovun istefası haqda xəbəri eşidib: "Son zamanlar Milli Şuranın sessiyasının keçirilməsi ilə bağlı problem var. Yəni yer tapa bilmirik. Felmar müəllimə gəldikdə, bu müddətdə xəstə olub, bir neçə dəfə əməliyyat keçirib. Yəni, xəstəliyi ilə bağlı bir neçə sessiyada iştirak edə bilməyib. Lakin bu, onun fəaliyyətini dayandırmaq anlamına gəlmirdi. İndi isə fəaliyyətini dayandırdığı haqda mətbuata açıqlama verib.
Mən onunla görüşməmişəm. Görüşəndə səbəbini öyrənərəm". R.Manaflı qeyd edib ki, Milli Şuranın F.Ələkbərovun səhhətində yaranan problemlə maraqlanmaması onun istefasına səbəb ola bilməz: "Biz onunla görüşəndə bu haqda bir söhbət olmayıb. Bunu səbəb görmürəm. İndi Felmar müəllim fəaliyyətini dayandırırsa, deməli, VHP-nin Milli Şurada cəmi iki üzvü qalır - mən və Samir Əsədli". R.Manaflı söyləyib ki, VHP-nin Milli Şuradakı üzvlərinin sayının azalması onların mövqeyini zəiflədə bilməz: "Bunun mövqe məsələsinə aidiyyəti yoxdur. Vəziyyət eynidir. Mən Milli Şurada VHP-çi olmaqdan daha çox Rafiq Manaflı olaraq iştirak edirəm. Milli Şura fərdlərin birliyidir. Burada partiya təmsilçiliyi əsas deyil. Düzdür, mən bu qurumdayam və həm də VHP Ali Məclisinin üzvüyəm. Bu dəqiqə aktiv siyasi fəaliyyət yoxdur. Zənn etmirəm ki, bundan sonra istefalar baş versin. Felmar müəllimin nəyə görə, belə açıqlama verməsindən xəbərim yoxdur. Oturub onunla söhbət etməliyəm. Deyim ki, bu, gözlənilməz gediş oldu. Ancaq indi kimlərinsə istefa verməsini gözləmirəm".
1135 dəfə oxundu