"Prezidentin Fransaya səfəri səmərəli və ümidvericidir" - Aydın Mirzazadə

"Prezidentin Fransaya səfəri səmərəli və ümidvericidir" -


Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya səfəri səfəri səmərəli və ümidvericidir.

Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

A.Mirzəzadə bildirib ki, Prezident İlham Əliyevin Fransaya səfəri tək iki ölkənin deyil, dünya ictimaiyyətinin də diqqətində olan məsələdir: “Fransa dünyanın aparıcı ölkələrindən biridir, Azərbaycan isə öz uğurlu daxili və xarici siyasət ilə regionun lider dövlətinə çevrilir və bu gün dünya birliyində artan nüfuza malikdir. Həmçinin hər iki ölkəni dünyanın təhlükəsizliyi, stabilliyini qorunması, yaranan problemlərə adekvat cavabların axtarılması ciddi sürətdə maraqlandırır”.

Deputat vurğulayıb ki, Prezidentin Fransaya səfər proqramı kifayət qədər genişdir: “Həm rəsmi, həm biznes dairələri ilə görüşlərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Əlbəttə gündəlikdə duran ən vacib məsələ Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə son qoyulması və bu məsələdə Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi rolunun artırılmasıdır. Fransa bu məsələnin həllində böyük rol oynaya bilər. Nəzərə almaq lazımdır ki, Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və problemin həllində öz səylərini göstərir. Lakin bu səylər daha konkret, daha prinsipal və daha yüksək səviyyədə olmalıdır. Səfərin məqsədi də əlaqələrin möhkəmləndirilməsi, Dağlıq Qarabağ münaqişəsi barəsində obyektiv informasiyanın Fransa rəsmi dairələrinə çatdırılmasıdır. Eyni zamanda səfər zamanı dövlət başçısı bu məsələdə Azərbaycanın konkret mövqeyini ortaya qoydu və bildirdi ki, Azərbaycanın ərazi bütövlüyü heç bir halda danışıqlar mövzusu ola bilməz və Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək əzmindədir”.

A.Mirzəzadə vurğulayıb ki, Prezidentin Fransa səfəri iqtisadi baxımdan da mühüm əhəmiyyətə malikdir: “Azərbaycan Prezidentinin Fransanın işgüzar dairələri ilə görüşləri, birgə iqtisadi layihələrin həyata keçirilməsi, qarşılıqlı investisiya imkanlarının nəzərdən keçirilməsi də bu qəbildən olan məsələlərdən hesab edilə bilər. Azərbaycanda bu gün investisiyalar üçün cəlbedici bir mühit var, Azərbaycan eyni zamanda Avropaya öz kapitalını yatırdır və bununla da hər iki tərəf üçün müsbət nəticələr əldə olunur. Ümumilikdə götürdükdə Prezidentin Fransaya səfəri səmərəli və ümidvericidir. Nəzərə alsaq ki, bir müddət əvvəl Ermənistan prezidenti də Fransaya səfər etmişdi, hər iki səfərin müqayisəsi hətta Fransanın ermənipərəst diarələrində belə üstünlüyün Azərbaycana verilməsinə gətirib çıxarır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
814 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...