“Türkiyə Avropa ilə münasibətlərinin korlanmasına yol verməməlidir” - RƏY
“Son vaxtlar həm ABŞ-da, həm də Avropada islamofobiya meyllərinin gücləndiyi müşahidə olunur”.
Bunu APA-ya açıqlamasında Niderlandın Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin enişinə icazə verməməsi və ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanın Türkiyənin Rotterdamdakı Konsulluğuna buraxılmayaraq ölkədən çıxarılmasına münasibət bildirən millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev bildirib.
Q. Həsənquliyev deyib ki, özünü demokratiyanın beşiyi sayan, demokratik, ali dəyərlərin daşıyıcısı, təminatçısı olduğunu söyləyən ölkələr demokratik prinsiplərə, dəyərlərə barmaqarası baxırlar: “Guya demokratiyanı müdafiə adı altında insanların sərbəst toplaşmaq azadlıqlarını məhdudlaşdırırlar. Bu, bizi hiddətləndirir”.
BAXCP sədri hesab edir ki, Türkiyə hökuməti bu cür təxribatlara emosional və kəskin reaksiyalar verməməlidir: “Çünki Avropa ilə münasibətlərin tamamilə korlanması Türkiyənin dövlət maraqlarına cavab vermir. Türkiyənin rəsmiləri daha təmkinli davranmalı, bu cür konfliktlərdən qaçmalıdırlar. İmkan verməməlidirlər ki, Türkiyəyə qarşı böyük bir informasiya savaşı açılsın və Türkiyənin dünyadakı imici tamamilə korlansın. Çünki dünyanın aparıcı KİV-i Qərbin nəzarətindədir və bu baxımdan Qərblə bu qarşıdurma Türkiyənin və müttəfiqlərinin dövlət maraqlarına qətiyyən cavab vermir. Bu baxımdan Türkiyə hökumətinin daha təmkinli davranmasını arzulayardım. Türkiyəni təxribatlara çəkirlər və Türkiyə bu təxribatlara getməməlidir”.
Politoloq Qabil Hüseynli isə APA-ya açıqlamasında çox mürəkkəb situasiyanın yarandığını vurğulayıb: “Qərb ölkələrində demokratik dəyərlərin böhranı təsiri bağışlayan hərəkətlərə yol verilir. Türkiyə Avropa türklərinin arasında təbliğat işlərini qurmaq üçün diplomatik protokola uyğun variantlar seçə və həmin ölkələrin siyasi rəhbərliyinin razılığını alaraq bunu edə bilərdi. Amma xüsusən Hollandiyada baş verənlər ətürpədicidir. Türkiyənin Rotterdamdakı Konsulluğunun ətrafına toplaşmış dinc insanlara qarşı atlı və itli polislərdən istifadə edilməsi heyrət doğurur. Xəsarət alanlar var, üstəlik, 15 nəfər həbs edilib. Bütün bunlar Hollandiyanın demokratik ölkə kimi imicinə ciddi xələl gətirir. Məsələn, Almaniya bu məsələdə sonda tolerant hərəkətlər etməklə vəziyyəti bir qədər yumşaltmağa çalışdı. Yəni Almaniyada PKK terror təşkilatının simvollarının yayılmasına və Abdullah Öcalanın portretlərinin gəzdirilməsini qadağan edən qərar qəbul edildi. Bu, PKK-nın terror təşkilatı kimi Almaniyada fəaliyyətinin müəyyən qədər məhdudlaşdıran addım sayıla bilər. Amma bütövlükdə referenduma görə Türkiyəyə xeyli turist axınını təmin edən Avropa ölkələri ilə münasibətlərin pozulmamasına çalışmaq lazımdır”.
792 dəfə oxundu