Allahşükür Paşazadə: “Sarkisyan riyakardır”
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Ermənistan prezidenti Serj Sarkisyanı siyasi riyakar adlandırıb.
APA-nın məlumatına görə, A. Paşazadə Türkiyənin Əziz Mahmud Hüdayi Vəqfinin fəxri başqanı Osman Nuri Topbaşın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə S. Sarkisyanın bir neçə gün əvvəl qondarma “erməni soyqırımı” ilə bağlı İrəvanda etdiyi çıxışa toxunub.
Şeyxülislam bildirib ki, özünü prezident adlandıran şəxs tarixi faktları saxtalaşdıraraq siyasi riyakarlığa yol verib: “Deyir ki, bu tədbiri dünyaya sülhün çatdırılması, ölkələrin dostluğu naminə keçirir. O zaman mən ondan soruşuram, əgər sən belə sülh carçısısansa, cəmi 23 il bundan əvvəl elə öz iştirakınla Xocalıda törədilən soyqırımı niyə dilə gətirmirsən?! Niyə bundan danışmırsan?! Axı sən özün də etiraf etmisən ki, Dağlıq Qarabağda azərbaycanlıları necə qırmısınız. Bu necə sülh və ədalətdir ki, 100 il əvvəlki bir hadisəni indi “soyqırımı” kimi dünyaya bayraq edirsən, amma Dağlıq Qarabağda azərbaycanlıların qanına susamağınızı görməməzliyə vurursan. Axı bu, ən azı siyasi riyakarlıqdır və özünü prezident adlandırana yaraşmaz”.
1491 dəfə oxundu