“İrandakı molla rejiminin özünü ifşa etməsi hər mənada Azərbaycanın maraqlarına uyğundur”

 “İrandakı molla rejiminin özünü ifşa etməsi hər mənada Azərbaycanın maraqlarına uyğundur”


“İran prezidentinin Ermənistana səfəri gözlənilən idi. Çünki İrandakı molla rejimi yanlış olaraq Azərbaycanın güclü, demokratik, müstəqil, problemsiz bir ölkə olmasını özünün ərazi bütövlüyünə, daxildəki sabitliyinə, ümumiyyətlə, rejimə təhlükə sayır”.

Bunu APA-ya açıqlamasında İran prezidenti Həsən Ruhaninin Ermənistana səfərinə münasibət bildirən millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev deyib.

Q. Həsənquliyev bildirib ki, hazırda İslam dinini dünyada gözdən salan iki qüvvə var: “Bunun biri İrandakı hazırkı molla rejimi, ikincisi isə İŞİD terror təşkilatıdır. İran təəssüf ki, islamı, islam daxilindəki şiə təriqətçiliyini faktiki, ifşa edir. Bir milyon müsəlmanı evindən didərgin salan, Xocalıda körpə uşaqlara, qadınlara, yaşlı insanlara aman verməyən bir hərbi cinayətkar rejimlə ən yüksək səviyyədə əməkdaşlıq edirlər. İran prezidentinin bugünkü səfəri də bunu təsdiq edir. Ermənistandakı hərbi xuntanın yaşamasına dəstək verən ölkələrdən biri, ümumiyyətlə, iqtisadi baxımdan birincisi İrandır. Ermənistana siyasi baxımdan Rusiya, iqtisadi baxımdan İran dəstək verir. Çünki Rusiya ilə Ermənistanın birbaşa sərhədi yoxdur”.

Millət vəkili hər pis şeyin yaxşı bir tərəfi olduğunu da vurğulayıb: “İran-Ermənistan əməkdaşlığı bizi üzsə də, bunun yaxşı bir tərəfi var. Yaxşı tərəfi odur ki, Azərbaycandakı müsəlmanların böyük bir hissəsi dini hakimiyyətin, islam respublikasının mahiyyətini dərk edir, artıq dinin siyasiləşməsinə meyllənmirlər. Tutaq ki, İran Ermənistana münasibətdə ən azı Türkiyə səviyyəsində davransaydı, məsələn, sərhədlərini bağlı saxlasaydı, Azərbaycanda siyasi islama meyl daha çox olardı. İsamın ədaləti, bütün müsəlmanların qardaşlığı kimi ideyalar daha cəlbedici olardı, islam rejiminin daha ədalətli bir rejim olması barədə fikir formalaşardı. İndi Azərbaycan insanı görür ki, fırıldaqçılıq və dələduzluqdan başqa bir şey yoxdur, dindən yalnız bu məqsədlə istifadə olunur. Azərbaycan insanının böyük bir hissəsi bunu dərk edir. Az bir hissə pula görə fərqli düşünə, yaxud lap cahil insanlar İrandakı molla rejiminin mahiyyətini görməyə bilər. İrandakı 30 milyon Azərbaycan türkü də bunu görür. İrandakı molla rejimi həmişə milli məsələni arxa plana keçirir, deyirlər ki, biz müsəlmanıq. Fars-molla rejimi ən azı 30 milyon Azərbaycan türkü olan vətəndaşlarına da hörmət qoymur. Qarabağ həm azərbaycanlıların, həm də müsəlmanların torpağıdır. Qarabağı işğal edən, 1 milyon insanı yurd-yuvasından qovan rejimlə molla rejimi bu səviyyədə yaxından əməkdaşlıq edir. Düşünürəm ki, elə molla rejiminin özünü bu cür ifşa etməsi hər mənada Azərbaycanın maraqlarına uyğundur”.

İran prezidentinin Ermənistana səfərinin İsrail baş naziri Benyamin Netanyahunun Azərbaycana səfərinə cavab olub-olmamasına gəlincə, Q. Həsənquliyev deyib ki, H. Ruhaninin İrəvana səfəri öncədən planlaşdırılıb: “İndiyə qədər onlar Ermənistana çoxlu sayda səfərlər edib, Ermənistanla iqtisadi əlaqələri genişləndiriblər. Molla rejimi bu məsələdə Azərbaycanın İsraillə münasibətlərini bəhanə gətirə bilməz. Başqa arqumentləri bir kənara qoyuram. Sözsüz ki, Azərbaycan İsraillə əməkdaşlıq qurmaqla səhv etmir, düz addım atır. Amma tutaq ki, indiki Azərbaycan hökuməti İsraillə əməkdaşlıq qurmaqda səhv edir. İndi bu hökumət səhv etdiyi üçün sən müsəlmanların məscidini dağıdanlarla, məscidləri donuzxanaya çevirənlərlə, islam mədəniyyətinə və incəsənətinə məxsus abidələri, muzeyləri dağıdan bir dövlətlə əlaqə qurursan ki, mən də cinayətkarla qardaş olacağam. Burada heç bir normal məntiq yoxdur. Əslində tutaq ki, bizim hökumət səhv edirsə, sən normal davran ki, bax, belə olmalıdır. Azərbaycan əslində nə edir? 1 milyon insanı yurd-yuvasına qaytarmaq, öz torpaqlarını işğaldan azad etmək üçün İsraillə əməkdaşlıq edir. Əməkdaşlıq edir ki, İsraildən ən müasir silahlar alsın və İrandakı molla rejiminin hər cür əlaqə qurduğu, iqtisadiyyatını inkişaf etdirdiyi işğalçıya müqavimət göstərsin. Bəs İrandakı molla rejimi nə edir? Azərbaycan həm də Fələstin məsələsinə dəstək verir”.

Millət vəkili hesab edir ki, bu günə qədər Azərbaycan yanlış olaraq İsraildə öz səfirliyini açmayıb: “Azərbaycanın İsraildə səfirliyini açmasının çoxdan vaxtı çatıb”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
875 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...