Əli Həsənov: “Ermənistandakı aksiyalar Sarkisyan rejiminə qarşı erməni xalqının üsyanıdır”

Əli Həsənov: “Ermənistandakı aksiyalar Sarkisyan rejiminə qarşı erməni xalqının üsyanıdır”

“Ermənistandakı kütləvi aksiyalar cinayətkar və anti-xalq Serj Sarkisyan rejiminə, bu hakimiyyətin dövründə sosial problemlərin milli fəlakət səviyyəsinə yüksəlməsinə, korrupsiya və rüşvətxorluğun dövlət siyasətinə çevrilməsinə, anti-demokratik üsul-idarəçiliyə, insanların haqq səsinin boğulmasına və onların kütləvi şəkildə ölkəni tərk etməsinə qarşı erməni xalqının üsyanıdır”.

APA-nın məlumatına görə, bunu “AzərTAc”a müsahibəsində Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Ermənistanda iyunun 20-dən başlayan etiraz aksiyaları şərh edərkən deyib.

Ə. Həsənov qeyd edib ki, etiraz aksiyasının hakimiyyət qüvvələri tərəfindən sərt şəkildə və xüsusi amansızlıqla dağıdılması bu ölkədə anti-demokratik durumun əyani göstəricisidir: “Yüzlərlə insan döyülüb, onlara fiziki xəsarət yetirilmiş, zorakılıq tətbiq olunub. Aksiyanın dağıdılması üçün xüsusi texniki vasitələrdən geniş istifadə edilib. Hətta aksiyanı işıqlandıran jurnalistlər, həmçinin hüquq müdafiəçiləri polis və xüsusi xidmət orqanları əməkdaşlarının zorakılığına məruz qalıb və həbs olunub. Ermənistan hakimiyyəti xalqın qəzəbindən qorxaraq ən qəddar vasitələrə əl atıb”.


Prezidentin köməkçisi bildirib ki, adətən Azərbaycanda kiçik bir hadisəni şişirdərək rəsmi strukturlar səviyyəsində münasibət bildirən Qərb dairələrinin susqunluğu təəccüb doğurmaya bilməz. “Azərbaycanda hansısa kiçik bir məsələyə ABŞ Dövlət Departamenti, Avropa Parlamenti, Avropa Şurası, ATƏT, ayrı-ayrı Avropa dövlətlərinin rəsmi qurumları səviyyəsində münasibət bildirən Qərbin Ermənistanda baş verən ciddi qanun pozuntularına, vətəndaşlara, KİV nümayəndələrinə, hüquq müdafiəçilərinə qarşı qəddar davranışa dair davamlı susqunluğu diqqəti cəlb edir. Azərbaycanda konkret cinayət əməli törətmiş hansısa şəxsin həbsini Dövlət Departamenti səviyyəsində tənqid edən ABŞ hökuməti Ermənistandakı hadisələrə bu ölkədəki səfirliyi vasitəsilə münasibət bildirdi. Münasibətin özü də daha çox beynəlxalq ictimaiyyətin diqqətini məsələnin mahiyyətindən yayındırmaq cəhdindən başqa bir şey deyildi.

Həmin gün AŞPA-nın plenar sessiyasında Azərbaycanı tənqid edən bəzi avroparlamentarilər özlərini elə apardılar ki, sanki Ermənistanda heç bir hadisə baş vermir. Qərb mediası məsələni səthi işıqlandırmaqla kifayətləndi, beynəlxalq QHT-lər isə ümumiyyətlə bu hadisəyə toxunmadılar. Azərbaycana qarşı qərəzli münasibəti ilə seçilən “Freedom House” təşkilatı Ermənistanda aksiyaçılara divan tutulduğu gün hesabat yayaraq, bu ölkəni az qala “demokratiya nümunəsi” kimi təqdim etdi.

Bütün bunlar Qərbin ikili standartlar, ayrı-seçkilik siyasətinin göstəricisidir. Bir ölkəyə qarşı planlı şəkildə, davamlı olaraq qarayaxma kampaniyası təşkil olunduğu halda, digər qonşu ölkədə etiraz aksiyasının amansız şəkildə dağıdılmasına, insan haqlarının tapdanmasına göz yumulması başqa cür adlandırıla bilməz”, - deyə o vurğulayıb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1148 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...