İtalyanlar Avropa İttifaqına "Ciao" deyəcəkmi? - TƏHLİL

İtalyanlar Avropa İttifaqına "Ciao" deyəcəkmi? -


İtaliyada referendumun nəticələri Avrozona üçün ciddi nəticələr, fəsadlar doğura bilər. Artıq referendumdan dərhal sonra İtaliyanın Avropa İttifaqından çıxması tərəfdarları üçün yolların açıldığı ehtimalları səsləndirilir. Bu barədə bir qədər sonra...

Dekabrın 4-də İtaliyanın əhalisi Konstitusiyaya dəyişikliklərin edilməsi üzrə ümumxalq səsverməsində baş nazir Matteo Rensinin təklif etdiyi islahatlara “yox” dedilər. Referendum hökumət üçün son dərəcədə uğursuz nəticələndi. Səsvermənin predmeti nə idi? Təkliflərin əsas bəndi parlamentin strukturunun dəyişməsinə aiddir. Hazırda İtaliyada parlament iki palatadan ibarətdir və yuxarı palata olan Senat aşağı palatanın - Deputatlar Palatasının səlahiyyət və vəzifələrini, demək olar ki, tam olaraq təkrarlayır. Yeganə fərq üzvlərin sayındadır. Əgər aşağı palatada 630 üzv varsa, yuxarı palatada 315 üzv var. Təkliflər Senatın səlahiyyətlərinin son dərəcədə azaldılmasını nəzərdə tuturdu. Senatorların sayının 100-ə endirilməsi, onların regionları təmsil etməsi, qanunvericilik orqanın müşavirə orqanına çevrilməsi və hökumətə etimad göstərilməsi səlahiyyətindən məhrum edilməsi təklif edilmişdi. Əsas səbəb kimi o göstərilirdi ki, İtaliyada qanunların qəbulu inanılmaz çətin prosesə çevrilib, çünki hər qəbul ediləcək qanun hər iki palatada heç bir dəyişiklik edilmədən qəbul edilməlidir ki, nəticədə bəzi qanunların qəbul edilməsi sonsuz prosesə çevrilir. Senatın daxili strukturu də dəyişilməli idi, yəni əgər indi senatorlar seçilirdisə, təklif edilirdi ki, Senat regionların hökumətlərinin nümayəndələrdən ibarət olsun. Ümumilikdə, islahatlar nəticəsində qanunların yalnız aşağı palata tərəfindən qəbul edilməsi mümkün olacaqdı. Bundan əlavə mərkəzi və regional hökumətlərin səlahiyyət və vəzifələrinin dəqiq ayrılması ayrıca bənd kimi göstərilirdi. Əlavə olaraq, referenduma vilayətlərin ləğvi məsələsi də çıxarılmışdı.

Nəticədə, əhali islahatların keçirilməsinə razı olmadı. Sual yaranır: niyə? Çünki, məsələn, hər ölkədə hamı qanunvericilik orqanının mümkün qədər çevik və operativ olduğunu istəyir. Yəqin seçicilər ehtimal edib ki, parlamentin rolunun istənilən dərəcədə və üsulda azaldılması hökumətin səlahiyyətlərinin artırılmasına gətirib çıxaracaq ki, bəlkə italyanlar bunda demokratiya üçün təhlükə görüblər. Konkret cavab yoxdur, əslində ola da bilməz, çünki seçicilərin motivləri çox-çox fərqli ola bilər. Bir maraqlı məqam da var ki, bəzi müxalif partiyaların rəhbərləri referendumda “yox” deyilməsini Avropa İttifaqına “yox” deyilməsi kimi dəyərləndiriblər. Bu baxımdan referendumun nəticələri İtaliyanın Avropa İttifaqından çıxmasının təməli kimi qiymətləndirilir. Əslinə, Brexitdən sonra hər şey mümkündür, xüsusən də onu nəzərə alsaq ki, son aylarda referendum İtaliya üçün özünəməxsus bir Rubikon olmuşdur. Yəni bu il İtaliyada kəskinləşən iqtisadi problemlər referenduma qədər “gözdən itmişdir”, amma indi onlar ikiqat qüvvə ilə üzə çıxacaq. Faktiki olaraq, söhbət ondan gedir ki, əgər hökumətin təşəbbüsü əhali tərəfindən dəstəklənsə idi, bu, hökumətə yaranan iqtisadi problemlərin çevik həllinə imkan verəcəkdi, indi isə hər şey köhnə zamanlarda olduğu kimi qalacaq. İndiki situasiyada hökumətin böhran əlamətlərinə qanunlar vasitəsi ilə çevik təsir etmə imkanların artmasından söhbət belə gedə bilməz.

Referendumun nəticələri ilk növbədə bank böhranı doğurub. Əslində hələ yayda başlanmalı olan bu böhran referenduma qədər sakit qalmağa “qərar verib”. İndi onun başlanmasına heç bir efemer saxlayıcı qüvvə qalmayıb. Yayda məlum olmuşdu ki, İtaliyada vaxtı keçmiş bank kreditlərin həcmi rekord 360 mlrd. avroya, kredit portfelinində problemli kreditlərin xüsusi çəkisi isə 17%-ə çatıb. Bütün Avrozona üzrə banklarda vaxtı keçmiş və ümidsiz kreditlərin həcminin, demək olar ki, yarısı İtaliyaya düşür. Vəziyyətin səbəbləri kimi bir neçə əsas amil qeyd oluna bilər: bankların şişirdilmiş xərclər nəticəsində rentabelliyinin aşağı düşməsi, problemli kreditlərin vaxtında bankın vəsaitləri hesabına ödəmə imkanının olmaması, məhkəmə-hüquq sisteminin xüsusiyyətlərinə görə girovun likvid olmaması və s. Belə ki, girovun bankın xeyrinə keçirilməsi prosesi illərlə davam edir. Bu ilk növbədə daşınmaz əmlak və əsas vəsaitləri şəklində olan girova aiddir ki, bu növ girovlar isə, aydındır, ən iri kreditlər üzrə olur. Bu da vaxtı keçmiş kreditlərin mütləq şəkildə həcminin artmasını daha da sürətləndirir. Nəticədə vaxtı keçmiş kreditlərin həcmi misli görünməmiş həddə çatıb.

Referendumun nəticəsində iki əsas qüvvə yarana bilər. Birincisi, qaçırılmaz siyasi böhrandır. Belə ki, baş nazir Matteo Rensi artıq istefa verdiyini bəyan edib. Əgər istefa qəbul olunsa, ölkədə siyasi qeyri-müəyyənlik yaranacaq, qəbul olunmasa, indiki icra hakimiyyəti ilə qanunvericilik orqan olan Senatın münasibətləri böhran vəziyyətinə çatacaq. Bu durumda hər hansı ciddi qərarların qəbul edilməsinin mümkünlüyü sıfıra bərabərdir. Hər iki halda böhranın “partlanması” üçün əlverişli vəziyyət yaranacaq. İkinci amil. Hökumətin təşəbbüsünün əhali tərəfindən qəbul edilməməsi bəzi siyasi qüvvələr tərəfindən mərkəzdənqaçma qüvvəsinin yaradılmasında istifadə edilə bilər ki, həmin qüvvələr yaranan iqtisadi problemlərdən, xüsusən də bank böhranından çıxış yolu kimi Avropa İttifaqından çıxmaq ideyasını irəli sürəcəklər. Belə ssenari artıq bir dəfə, ötən il Yunanıstanda reallaşmağa yaxın idi, amma orada əhali bu dərəcədə kəskin islahat istəmədi. İtaliya barədə belə əminlik yoxdur, çünki artıq hazırlıq keçirilib və referendum məhz bunun təməli ola bilər.

Referendum hətta artıq indidən iqtisadi duruma öz mənfi təsirini göstərir. Belə ki, referendumdan bir gün sonra avronun dollara qarşı məzənnəsi 1,06-ya enməklə 21 aylıq minimumunu təzələyib. Avronun zəifləməsi İtaliyanın Avropa İttifaqından çıxması tərəfdarların mövqelərini gücləndirir. Ölkədə siyasi böhran yaransa və davam etsə, İtaliyanın Aİ-dən çıxma məsələsi gündəmə gələcək. Hazırda referendumun qalibləri İtaliyanın sağ radikal partiyalar, ilk növbədə “Beş ulduz hərəkəti” və “Şimal Liqası” hesab olunur. Bu siyasi qüvvələr İtaliyanın Avropa İttifaqından daha böyük müstəqilliyinin tərəfdarlarıdır. Hətta belə ehtimallar var ki, həmin partiyalar 2017-ci ildə İtaliyanın Avrozonadan çıxması barədə referendumun keçirilməsinə təşəbbüs göstərəcək. Əgər o vaxta qədər bank böhranı yaransa, bu böhran bank sektoru ilə kifayətlənməyəcək. Böhran durumu əhaliyə və real sektora keçsə, həmin referendumda qutudan “hə” cavabı çıxma ehtimalı son dərəcə yüksək olacaq.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
902 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...