Manat dəyər itirməkdə davam edəcək
Onların fikrincə, mövcud şərtlər milli valyutanın xeyrinə işləmir
Milli valyuta olan manatın durumu pisləşməkdədir.
Dolların dekabrın 5-nə olan məzənnəsi 1,7339 səviyyəsində müəyyən olunub. Ekspertlər manatın dəyər itirməsinin davamlı olacağını vurğulayırlar.
Ekspert Vüqar Bayramov bildirib ki, OPEK-in hasilatının azaldılması ilə bağlı razılaşmasından sonra manatın məzənnəsinin necə dəyişəcəyi yenidən gündəmdədir: “Aydındır ki, neftin qiyməti manatın məzənnəsi üçün önəmlidir. Amma mövcud qiymət milli valyutamızın məzənnəsini stabilləşdirə bilərmi, ümumiyyətlə, manatın kursunun stabilləşməsi üçün neftin qiyməti neçə olmalıdır? Qeyd etmək lazımdır ki, manatın məzənnəsi üçün neftin qiyməti ilə yanaşı, Dövlət Neft Fondundan xərcləmlər səviyyəsi olduqca vacibdir. Çünki manatın taleyini artıq daha çox Mərkəzi Bankın intervensaiyası deyil, Neft Fondunun hərraca çıxardığı dollarların məbləği müəyyənləşdirir.
Bu baxımdan, fondun xərcləmələrinin artması birbaşa dollar təklifini artırır və ya əksinə, ”az xərcləmə az dollar" deməkdir. Bu ilin 9 ayında 4 milyard dollar satan fond həmin müddətdə cəmi 3 milyard 823 milyon manat xərcləyib. Həmin müddətdə manatın dollara orta məzənnəsini nəzərə aldıqda bu o deməkdir ki, sözügedən dövrdə fondda orta hesabla 2 milyard 440 milyon manat milli valyuta artıqlığı olub. Təbii ki, fond belə manat artıqlığı prinsipi ilə uzun müddət hərraclara çıxa bilməz və bu sözügedən qurumun strategiyasına da tam uyğun gəlmir.
Deməli, dövlət xərcləmələri və Neft Fondunun dollar satışı manatın məzənnəsi üçün yaxın illərdə əsas amil olacaq. Ehtiyatlarının 75 faizini itirən Mərkəzi Bank 4 milyard dollarlıq rezervi ilə artıq prosesə birbaşa müdaxilə etməkdə maraqlı görsənmir".
Ekspertin fikrincə, deməli, neftin indiki qiymət artımları Azərbaycanda dollara olan tələbi azaltmayacaq və təbii ki, bu kontekstdən manatın məzənnəsinin möhkəmlənməsi real deyil: “Digər tərəfdən, neftin dünya bazar qiymət hətta 60 dollara çatsa da belə bu manatın möhkəmlənməsi üçün yetərli deyil. Çünki bu halda da fondun qənaət prinsipi davam edəcək və nəticədə bazarda dollar qıtlığı olacaq. Eləcə də 2017-ci ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə transferin həcmi azalmaqda davam edəcək. 2017-ci ildə 1,5 milyard manat azalmadan söhbət gedir. Deməli, fond gələn il daha az dollar satacaq. Ona görə də neftin dünya bazar qiyməti manatın məzənnəsi üçün əhəmiyyətli olsa belə, hələlik mövcud qiymət valyuta bazarımıza təsir etmir. Bizim qiymətləndirmələr göstərir ki, əgər neftin qiyməti kəskin artmazsa və bazara ciddi intervensiya olmazsa, növbəti ildə də dollara tələbin artması fonunda manatın ucuzlaşması müşahidə ediləcək. Bütövlükdə bu ilin ortalarında qeyd etdiyim kimi, gələn il Rusiya və Qazaxıstanda olduğu kimi, Mərkəzi Bank mövcud məzənnə siyasətindən istifadə edib liberal üzən siyasətə keçməsi ehtimalı kifayət qədər yüksəkdir. Bu halda isə, hətta neft fondunun mövcud transferləri də manatın ucuzlaşmasının qarşısını ala bilməyəcək”.
Ekspert Samir Əliyev isə qeyd edib ki, noyabrda pul bazası 3,4 faiz artaraq 7,7 milyard manata çatıb: “Bu, son 20 ayda ən yüksək göstəricidir. Milli valyutaya təzyiqi azaltmaq məqsədilə Mərkəzi Bank uzun müddət pul kütləsini azaltmaq siyasəti yürüdüb. Yanvar ayında pul bazasını minimal həddə - 5,8 milyard manata endirmişdi. İlin sonuna doğru büdcə vəsaitlərinin dövriyyəyə buraxılması pul bazasının artmasına səbəb olub. Mərkəzi Bank da dövriyyəyə buraxılan pul vəsaitlərin bazara təsirini azaltmaq üçün depozit hərracndan savayı not buraxmağa qərar verib. Pul bazasının dekabr aynda da artmasını ehtimal etmək olar. Çünki il başa çatdığından büdcə öhdəliklərinin icrası dövriyyəyə əlavə manat buraxılmasını tələb edir”.
Ekspert Əkrəm Həsənov isə qeyd edib ki, dollar ən yaxşı halda, 1,90 manata qədər bahalaşacaq: “Hesab edirəm ki, manat ən yaxşı halda 1,90-na gedib çatacaq. Bu da ilin sonuna dollara olan tələbatın artmasıdır. İlin sonuna FES faiz dərəcəsini artırsa, vəziyyət daha ciddi olacaq. Bu artım da gözləniləndir. Bununla bərabər, neftin qiymətini ucuzlaşması da gözlənilir. Bunlar olsa, manat daha da ucuzlaşacaq”. (musavat.com)
904 dəfə oxundu