Azərbaycan prezidenti: “Dünya böhranının mənfi fəsadlarını azaltmağa nail ola bilmişik”

Azərbaycan prezidenti: “Dünya böhranının mənfi fəsadlarını azaltmağa nail ola bilmişik”


“Son illərdə Azərbaycanda 600-dən çox müasir tibb ocağı tikilib və ya əsaslı təmir edilib. Ölkəmizdə pulsuz müayinədən keçmə siyasəti aparılır. Hər il milyonlarla insan yeni yaradılmış tibb ocaqlarında diaqnostikadan keçir, onlara lazımi xidmət göstərilir və beləliklə, insanlarımız dövlət hesabına öz sağlamlığını qoruyurlar”.

APA-nın məlumatına görə, bunu prezident İlham Əliyev Zərdab Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmirdən sonra yaradılan şəraitlə tanışlıqdan sonra tibb ocağının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

Dövlət başçısı bildirib ki, bu il ölkə üzrə dörd milyondan çox insan müasir xəstəxanalarda müayinədən keçib: “Zərdab rayonunda insanların sağlamlığı üçün digər tədbirlər də görülüb. Dörd il bundan əvvəl mənim iştirakımla Zərdab şəhərinə içməli suyun verilməsini qeyd etmişik. Kənd yolları layihələri. Bir çox məktəblər tikilib. Zərdab rayonunda sosial obyektlər yaradılır, iş yerləri açılır. Biz indiki şəraitdə sahibkarlığın inkişafına xüsusilə daha böyük diqqət göstəririk. Kənd təsərrüfatının inkişafı uğurla gedir. Bu il bu istiqamətdə dövlət proqramlarının icrası ilə bağlı çox önəmli addımlar atılmışdır. Hazırda kənd təsərrüfatının müxtəlif sahələri - pambıqçılıq, baramaçılıq inkişaf edir”.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda iş yerlərinin yaradılması daimi prosesdir: “Çünki bəzi başqa ölkələrdən fərqli olaraq bizdə əhali artır. Bu da iqtisadi inkişafın təzahürüdür. Hər il Azərbaycanda əhalinin sayı 100 mindən çox artır. Buna görə də iş yerlərinin yaradılması daimi proses olmalıdır. Bax, bu xəstəxanada 500-dən çox iş yeri yaradılıb. Biz bundan sonra da çalışacağıq ki, işsizliyi ən aşağı səviyyədə saxlayaq. Ölkəmizin hərtərəfli inkişafı davam edir. Son illərlə müqayisədə 2016-cı il ölkə iqtisadiyyatı üçün obyektiv səbəblər üzündən ən ağır il olmuşdur. Buna baxmayaraq, biz çox ciddi tədbirlər görərək dünya böhranının mənfi fəsadlarını azaltmağa çalışmışıq və buna nail ola bilmişik. Biz 2016-cı ili yaxşı göstəricilərlə başa vururuq. Qeyri-neft sənayesinin, kənd təsərrüfatının artımı, əlbəttə ki, görülmüş işlərin nəticəsidir. Biz valyuta ehtiyatlarımızı qoruya bilmişik. Çünki neftlə zəngin olan ölkələrin əksəriyyətində valyuta ehtiyatları tükənir, ya da azalır. Biz isə qoruyuruq, çünki bu, dövlətimiz, xalqımız üçün lazımdır. Bu, bizə əminlik və imkan verir ki, gələcəyə nikbinliklə baxaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
834 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...