Ermənistandakı hadisələrin arxasında kim dayanır: Qərb, yoxsa Rusiya?
“Bu aksiyaların qarşısın Ermənistan höküməti sakit ala bilərdi, amma deyesən bir qədər geçikdi”
Bildiyimiz kimi, bir neçə gündür Ermənistanda etiraz aksiyaları davam edir. Elektrik enerjisi tariflərinin bahalaşması ilə bağlı keçirilən etiraz aksiyasına Ermənistanın bir çox şəhərindən etirazçılar qoşulmaqdadır. Ermənistan polisi bir neçə dəfə oturaq aksiyanı dağıtmağa cəhd etsə də, buna nail olmayıb. Nümayişçilər polisə qarşı müqavimət göstərəcəklərini gizlətmirlər. Dünən isə Ermənistan parlamentinin deputatları və erməni şou nümayəndələri etirazçılarla polis arasında canlı qalxan yaradaraq, polisin nümayişçilərə qarşı güc tətbiq etməsinin qarşısını alıblar. Bu gün yayılan xəbərlərdə isə göstərilir ki, Ermənistanın bir çox regionlarından aksiyada iştirak etmək üçün paytaxt Yeravana axışırlar. Yəni Azərbaycana düşmən olan qonşu ölkədə gərginlik sürətlə yüksəlməkdədir və bəzi siyasi araşdırmaçılar Ermənistanda növbəti rəngli inqilabın olmasını istisna etmirlər.
Maraqlıdır ki, Yeravanda keçirilən etiraz aksiyasına Los Anceles, Strasburq, Fransa və Almaniyada yaşayan ermənilər də dəstək veriblər.
Bəs Ermənistandakı etiraz aksiyalarının Azərbaycana hansısa təsiri ola bilərmi?
Bu suallarla PİA.AZ-ın əməkdaşı konfliktoloq və hərbi psixoloq Azad İsazadə müraciət edib. Əməkdaşımızın sualını cavablandıran Azad İsazadə bildirib ki, Ermənistandakı aksiyaların Azərbaycana tək təhlükəsi cəbhə bölgəsində ola bilər:
“Ermənistandakı etiraz aksiyasının Azərbaycana heç bir təsiri ola bilməz. Ermənistanda gedən proses konkret enerji tariflərinin qalxması ilə bağlıdır və bu sosial bir partlayışdı. Bu aksiyaların qarşısını Ermənistan höküməti sakit şəkilə ala bilərdi, amma deyesəb bir qədər geçikdi. Yenə qeyd edirəm ki, bu hadisənin Azərbaycana heç bir təsiri ola bilməz, ancaq həmişə belə bir təhlükə olur ki, Ermənistanda hansısa siyasi ya da iqtisadi problemlər yaranan kimi cəbhə bölgəsində gərginlik çoxalır və onlar ümummilli ideyanı milli təhlükəsizlik məsələsi olaraq ortaya atırlar. Bununla da cəmiyyətin diqətini daxili problemlərdən uzaqlaşdırmaq istəyirlər. Azərbaycanın tək təhlükəsi cəbhə bölgəsində ola bilər”.
Ermənistandakı hadisələrin arxasında kim dayanır? Qərb, yoxsa Rusiya?, sualını cavablandıran konfilikoloqun fikrincə hadisələr hələlik xaotik olaraq inkişaf edir:
“Hələlik Ermənistandakı hadisələrin arxasında nə Qərb nə də, Rusiya dayanır. Bu sadəcə kor kütlə hərəkətidir. Sözsüz ki, uzun müddət belə ola bilməz və bəlkə də indi iki tərəf də, istər Rusiya, istər Qərb çalışacaq bu hərəkatı nəzarət altına götürüb idarə etsinlər. Amma ilkin çıxışlar kortəbii idi”.
Azəd İsazadə: “Qarabağda müharibə yox döyüşlər başlaya bilər”.
Hərbi psixoloq eyni zamanda, bəzi ekspertlərin Ermənistanda vəziyyət nəzarətdən çıxarsa, Sərkisyan hakimiyyətini qorumaq üçün Qarabağda yeni müharibə başlada bilməsi fikrinə də münasibətin bildirib. Azad İsazadə hesab edir ki, Qarabağda müharibə yox, döyüşlər başlaya bilər:
“Qarabağda müharibə yox döyüşlər başlaya bilər. Yəni onlar aksiya iştirakçılarını günahlandıracaqlar. Çünki xəbər yayılıb ki, cəbhə bölgəsində bir neçə hissəni çıxardıb Yeravana keçiriblər. Bu səbəbə görə də, aksiya iştirakçılarını günahlandıracaqlar ki, sizə görə cəbhəni zəiflətdik. Təxmini məntiq cəhətdən döyüşlərin başlanmasını belə gözləmək olar ki, deyəcəklər ki, Azərbaycan yaranmış fürsətdən istifadə etdi hücüma keçdi və siz faktır ki, bunun səbəbkarı oldunuz”.
1222 dəfə oxundu