Saxta profillə yalan məlumat yayanlar üçün cinayət məsuliyyəti daşıyacaq

Saxta profillə yalan məlumat yayanlar üçün cinayət məsuliyyəti daşıyacaq


Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanda internet informasiya ehtiyatında saxta istifadəçi ad və ya hesablardan istifadə edərək böhtan və təhqirlərə yol verməyin cinayət məsuliyyəti sayılması təklifi müzakirə olunub.

Baş prokuror Zakir Qaralov tərəfindən Cinayət Məcəlləsinə 148-1 (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ay təhqir etmə) maddəsinin əlavə edilməsi təklif edilib.

Yeni maddəyə əsasən, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə 1000 manatdan 1500 manata qədər cərimə və ya 360 saatdan 480 saata qədər ictimai işlər, yaxud 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Yeni maddənin “Qeyd” hissəsində isə göstərilir ki, bu maddədə “saxta istifadəçi adlar, profil və ya hesablar” dedikdə internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya hesablar başa düşülür. Müvafiq olaraq Cinayət Prosessual Məcəlləsinə də uyğunlaşdırma düzəlişlər təklif edilir.

Baş prokuror əsaslandırmasında qeyd edir ki, təklif olunan əlavə və dəyişiklər layihəsi internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmənin qarşısının alınması və bu cür hüquq pozuntuları ilə daha səmərəli mübarizə aparılmasını təmin edilməsi məqsədini daşıyır. "Belə ki, təcrübədə xüsusən də internet texnologiyalarının inkişaf etdiyi bir dövrdə bir sıra şəxslər tərəfindən saxta adlar, profil və ya hesablar yaradılaraq insanların təhqir edilməsi hallarına rast gəlinməkdədir. Göründüyü kimi, bu sahənin tənzimlənməməsi və qanunvericilikdə olan müəyyən boşluqlar cinayət əməllərinin və digər bu kimi qanun pozuntularının törədilməsinə şərait yaradır. Odur ki, təklifin qəbulu hüquq pozuntularının qarşısının daha səmərəli şəkildə alınması, onlara qarşı mübarizənin gücləndirilməsi, qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması, habelə qanunvericilikdə olan müəyyən boşluqların aradan qaldırılmasını təmin etməkdir", - deyə Z. Qaralov qeyd edib.

Layihə səsə qoyularaq qəbul olunub.(APA)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
857 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...