Rusiya XİN-in jurnalında erməni müəllifin Azərbaycan əleyhinə məqaləsi dərc olunub - ARAŞDIRMA
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbu orqanı olan, nazirliyin təsis etdiyi “Mejdunarodnaya jizn” jurnalının son buraxılışında Azərbaycana qarşı təxribata yol verilib.
APA-nın Moskva müxbirinin apardığı araşdırmaya görə, jurnalın oktyabr ayındakı buraxılışında dərc olunan “İslamskiy vızov XXI veka: Rossiyskoye izmereniye” (“XXI əsrin İslam çağırışı: Rusiya ölçüsü”) adlı məqalədə Azərbaycanla bağlı tarixi faktlar təhrif olunub, Sovet İttifaqının süqutundan sonra milyon yarım rusun Azərbaycanda ictimai-siyasi həyatın islamlaşması səbəbindən ölkəni tərk etdiyi vurğulanıb.
Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin (MQİMO) professoru, erməni Robert Yengibaryanın müəllifi olduğu bu məqalə başdan ayağa yalan və iftira üzərində qurulub. R. Yengibaryan məqalənin əvvəlində Sovet İttifaqının dağılmasının səbəblərindən danışaraq bildirir ki, SSRİ-nin süqutunun başlıca səbəbi siyasi və iqtisadi deyil, həm də onun ayrı-ayrı hissələrində olan mədəniyyət uyğunsuzluğu ilə bağlı olub: “Belə ki, bir tərəfdən Sovet İttifaqına müasir Qərb həyat tərzinin mövcud olduğu Moskva, Sankt-Peterburq, Novosibirsk, Kiyev, Xarkov, Lvov, Vilnüs, Riqa, Tallin, Tbilisi və Yerevan daxil idisə, digər tərəfdən, sovet həyat tərzini kənardan qəbul etmiş, lakin əslində orta əsr şəriət qanunları ilə yaşamağa davam edən Azərbaycan və Orta Asiya respublikaları, Şimali Qafqazın və Povoljyenin müsəlman anklavları daxil idi”. R. Yengibaryan SSRİ dövründə Azərbaycanın Bakı şəhəri istisna olmaqla, orta əsr şəriət qanunları ilə yaşadığını iddia edir.
Daha sonra erməni müəllif Sumqayıt hadisələrinə toxunaraq bu olaylarda Mixail Qorbaçovu günahlandırır, onun baş verən hadisələri düzgün qiymətləndirmədiyini, ermənilərə lazımi dəstəyi vermədiyini bildirir. Sovet İttifaqının dağılmasını islam amili ilə bağlayan Yengibaryanın fikrincə, SSRİ-yə daxil olan müsəlman ölkələri əslində ittifaqın dağılmasını çoxdan arzulayırmışlar və bu fürsət onların əlinə düşən kimi, bundan istifadə ediblər.
Müəllif Rusiya-Azərbaycan xalqları dostluğuna kölgə salan ifadələrə də yer verib. O, yazır ki, Azərbaycan SSRİ-nin tərkibindən çıxdıqdan sonra qeyri-müsəlman xalqların nümayəndələri Azərbaycanı tərk etməyə başlayıblar: “Azərbaycanda yaşayan milyon yarım rus əhali Sovet İttifaqı dağıldıqdan sonra bu ölkənin bütün ictimai-siyasi həyatının islamlaşdırılması səylərinə və ölkədə yaşamağın perspektivsiz olduğuna görə oranı tərk etmək məcburiyyətində qalıb”.
Bütün bunları hazırda barmaqla sayılacaq qədər rusun yaşadığı monoetnik (təkmillətli) Ermənistanın nümayəndəsi deyir. R. Yengibaryan MDB ölkələri içərisində rus dilinin qorunub saxlanıldığı azsaylı ölkələrdən birinin Azərbaycan olduğunu ya bilmir, ya da bildiyi halda, qəsdən əks fikir yaratmaq istəyir. Rusiya prezidenti və xarici işlər naziri də çıxışlarında dəfələrlə Azərbaycanda rus dilinin vəziyyətindən məmnun olduqlarını bildiriblər. R. Yengibaryan isə hazırda vətəndaşı olduğu ölkənin prezidentinin sözlərini və mövqeyini inkar edir, “Mejdunarodnaya jizn” jurnalının redaksiya şurasına daxil olan xarici işlər naziri Sergey Lavrovun fikirlərinə məhəl qoymur. Özü də Rusiya XİN-in jurnalında...
APA-nın Moskva müxbiri jurnalın baş redaktoru Armen Ohanesyanla əlaqə saxlayaraq ondan Rusiya XİN-in təsisçisi olduğu jurnalda Azərbaycan tarixi ilə bağlı faktların saxtalaşdırıldığı, Azərbaycan xalqına qarşı nifrət ruhunda yazılan, Rusiya və Azərbaycan xalqları, dövlətləri arasında dostluq münasibətlərinin ruhuna zidd yazının dərc olunmasının səbəblərini soruşub. A. Ohanesyan jurnalın oktyabr sayında çıxan məlum məqalədəki fikirlərin müəllifə məxsus olduğunu söyləyib: “Bu, müəllifin yazdıqlarının hamısının doğru olması demək deyil. Bu, elmi mübahisədir. Siz hesab edirsinizsə ki, Yengibaryanın yazdıqları düzgün deyil, o zaman bizim redaksiyaya yazın. Onun yazdıqlarını təkzib edə bilərsiniz. Biz sizin də mövqeyinizi çap etməyə hazırıq”.
P. S. Robert Yengibaryana və “Mejdunarodnaya jizn” jurnalının baş redaktoru Armen Ohanesyana bir daha xatırlatmaq istəyirik ki, Azərbaycanda rus dilinin tədrisi yüksək səviyyədədir. Ölkədə 300-dən çox rusdilli məktəb, bütün ali məktəblərdə rus dili bölməsi, Bakı Slavyan Universiteti, Rusiyanın nüfuzlu ali təhsil ocaqları olan Lomonosov adına Moskva Dövlət Universitetinin və Seçenov adına Moskva Dövlət Tibb Universitetinin filialları, Rus Dram Teatrı, Rus Pravoslav Kilsəsi fəaliyyət göstərir. Ermənistandan fərqli olaraq, Azərbaycanda yaşayan milli azlıqlara qarşı heç bir etnik təmizləmə aparılmayıb, Azərbaycanın əhalisi monoetnik deyil. Bu gün Yengibaryanın doğulduğu qədim Azərbaycan şəhəri olan İrəvanda ermənilərdən başqa heç bir millətin nümayəndəsi yaşamır. Azərbaycanda isə vəziyyət tam əksinədir. Burada bütün xalqlar dostluq və sülh şəraitində əsrlər boyu yaşayıb, indi də yaşamağa davam edir, xüsusilə də ruslar. Azərbaycanda rus əhalinin sayı 140 min nəfərdən çoxdur.
Ümid edirik ki, Rusiya Xarici İşlər Nazirliyi “Mejdunarodnaya Jizn” jurnalının oktyabr buraxılışında son illər yüksələn xətlə inkişaf edən Rusiya-Azərbaycan münasibətlərinə, xalqlar arasındakı dostluğa kölgə salan, yalan və iftiralarla dolu məqalənin dərc olunması ilə bağlı tədbir görəcək.
863 dəfə oxundu