Azərbaycana 5 min M4 tüfəngi satmaq istəyən Anri Şuşan həbs olundu

Azərbaycana 5 min M4 tüfəngi satmaq istəyən Anri Şuşan həbs olundu


ABŞ-ın Federal Təhqiqatlar Bürosu aylarla davam edən xüsusi əməliyyatın nəticəsi olaraq Azərbaycana üçüncü ölkə üzərindən silah satmağa hazırlaşan İsrail vətəndaşını həbs edib. Virtualaz.org “The Sun Sentinel” nəşrinə istinadən xəbər verir ki, FTB-nin əməliyyatı nəticəsində qanunsuz silah satışı sövdələşmələri həyata keçirmək istəyən İsrail vətəndaşı, 39 yaşlı Anri Şuşanla yanaşı Belarus əsilli yəhudi, 65 yaşlı Benyamin Qolınkin də həbs olunub.

Onlar Brovard qraflığında İraq və Sudana, habelə Azərbaycana 1 milyon dollarlıq silah satışı hazırlığı görüblər. Həmin şəxslər ötən həftə “Pompano Beach”da FTB-nin uzun müddətdir davam edən məxfi təhqiqatlarının nəticəsi olaraq həbs olunublar. Federal prokurorlar bildirir ki, həmin şəxslər İraq və Sudana 500 min ədəd 23 millimetrlik zenit pulemyotu patronu satmağı planlaşdırıblar. Hansı ki, ABŞ hər iki ölkəyə silah və sursat ixracını qadağan edib. Prokurorluğun bildirdiyinə görə, bu patronları İraqdakı “subyekt” sifariş edib. Plana əsasən patronların 150 mini Sudana göndərilməliydi, qalanı İraqda qalmalıydı.

Məlumata görə Anri Şuşan iki il əvvəl ABŞ-a köçüb və bu ölkədə yaşamaq icazəsinə malikdir. Ona qarşı Azərbaycana silah və döyüş sursatı satmaq cəhdi ilə bağlı ittiham irəli sürüləcək. Prokuror Maykl Valleysa bildirib ki, Anri Şuşanın fəaliyyəti 2015-ci ilin əvvəllərindən izlənilirdi və FTB-nin gizli agenti onunla təmasa girərək bu müddət ərzində telefon danışıqlarını, SMS yazışmalarını qeydə alıb.

Prokurorun bildirdiyinə görə, Şuşan ABŞ-a gələndən az sonra qanunsuz fəaliyyətə girişib. O, silah alveri məsələləri ilə bağlı danışıqlar aparmaq üçün Almaniya, Avstriya, Qvatemala, Rusiya, Kolumbiya və Azərbaycanda səfərlərdə olub. Prokurorluqdan deyiblər ki, o, son səkkiz ayda başqa ölkələrin sakinlərindən bir neçə yüz min dollar, Azərbaycandan isə 170 min dollar alıb.

Anri Şuşan silah təchizatçısı hesab etdiyi gizli FTB agentindən xahiş edib ki, ona Azərbaycana 5000 ədəd M4 snayper tüfənginin göndərilməsində kömək etsin. FTB agenti ona həmin silahın komponentlərini təqdim edib və “ilkin ödəniş” kimi 10 min dollar alıb. Anri Şuşan habelə Kanada üzərindən Azərbaycana 10 min ədəd .408 markalı snayper tüfəngi patronu göndərməyə cəhd edib. Lakin həmin patronları istehsal edən və Vaşinqton ştatında yerləşən şirkət sövdələşmədən duyuq düşüb və bu haqda hakimiyyəti xəbərdar edib. Daha sonra Şuşan gizli FTB agentinə Azərbaycana 52 min ədəd .408 patronunun göndərilməsində kömək üçün 5200 dollar verib.

Bütün bu dəlillər məhkəmədə Anri Şuşanın həbsinə əsas olaraq təqdim edilib. İsrail vətəndaşı isə bildirib ki, heç kimə zərər yetirmək və heç bir qanunu pozmaq niyyətində olmayıb. Həmin ittihamlar üzrə onu 4 ilə qədər həbs gözləyir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
864 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...