“Mənəvi terroruna məruz qalırıq” - Azay Quliyev

“Mənəvi terroruna məruz qalırıq” -

“Bizim bu qədər zəhmətimiz, etdiyimiz jest və xoş niyyət qarşılığında ölkəmizə qarşı edilən haqsızlığı və aparılan qarayaxma kampaniyasını sakit izləmək və buna üzülməmək mümkün deyil. Biz bu barədə dəfələrlə danışmış və öz etirazımızı bildirmişik. Biz bu gün faktik olaraq Avropadan və ABŞ-dan idarə olunan bir sıra maraqlı dairələrin total hücumuna və mənəvi terroruna məruz qalırıq”.

AzVison.az-ın məlumatına görə, bu fikirləri Azərbayan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev bildirib.

A. Quliyev hesab edir ki, nə Soçi olimpiadasında Rusiyaya, nə də Pekin olimpiadasında Çinə qarşı belə məkrli və çirkin kampaniyalar aparılmayıb: “Ölkəmiz əleyhinə aparılan kampaniyanın təşkilatçıları və iştirakçıları artıq “insan haqları və söz azadlığı” kimi ümumi prinsiplərin arxasında gizlənə və əsl məqsədlərini ört-basdır edə bilmirlər. Çünki hadisələri analiz edəndə görürsən ki, baş verənləri sadəcə tənqid kimi qəbul etmək mümkün deyil. Əslində biz heç vaxt sağlam tənqidin əleyhinə də olmamışıq. Bir mövzu haqqında bir və ya bir neçə dəfə yazılan yazıları da anlamaq olar. Amma biz nəyi müşahidə edirik? Kütləvi hücumun və əsassız ittihamlarla aşağılamaq cəhdlərinin”.

Deputat bildirib ki, təkcə bu ilin aprel ayında Azərbaycanla bağlı əsasən Avropa və ABŞ-da 1279 məqalə çap edilib: “Bunların da böyük əksəriyyətinin sifarişli olduğu qərəzli məzmunundan və eyni mövzunu dönə-dönə təkrar etmələrindən bəlli olur. Və yaxud təkcə son iki həftədə 1-ci Avropa Oyunları ilə bağlı Almaniyada 29, Böyük Britaniyada 26 və ABŞ-da 19 məqalə çap olunmasını götürək. Əgər eyni mövzuda və eyni stildə bir ölkə haqqında gündə 2 və ya 3 məqalə yazılırsa, onların necə deyərlər süjet xətti demək olar ki, fərqlənmirsə onda buna nə ad verəsən?

Bu qərəzlilik və kampaniyaçılıq deyilsə, bəs nədir? Onların qeyri-səmimi və məkrli olduğunu sübut edən başqa bir detala- Avropa Oyunlarının açılş mərasiminin Avropanın aparıcı KİV-lərinın yanaşmasına diqqətinizi çəkmək istərdim. Biz burada nəyin şahidi olduq: Azərbaycana qarşı qisqanclıq və onun uğurlarını həzm etməmək hissi bir çox Avropa mediyasında o qədər güclü oldu ki, onlar açılış mərasimini ümumiyyətlə və ya tələb olunan səviyyədə işiqlandırmağı da lazım bilmədilər.

Sual olunur: Avropaya bir başa aidiyyatı olan və ilk dəfə keçirilən belə bir möhtəşəm idman tədbirini niyə işiqlandlrmaqdan imtina edirsən? Niyə milyonlarla avropalını sevdiyi idman oyunlarına baxmaqdan məhrum edirsən? Çünki, onlar əgər bunu etsəydilər, o zaman ölkəmizi müsbət fonda təqdim etməyə məcbur olacaqdılar və bu da görünür indiyə kimi onların həyata keçirdikləri qarayaxma kampaniyasının konsepsiyasına uyğun olmayacaqdı.

Məsələn, bir faktı deyim. BBC Oyunların açılışı mərasimi ilə bağlı reportaja tənqidlə başladı. Sonra onlar Azərbaycandakı müxbirləri ilə bağlantı qurdular. Müxbir ilk Avropa Oyunlarının açılışı haqda müsbət fikirlər bildirdi və dərhal onun sözünü yarımçıq kəsərək efirdən ayırdılar. Bax, budur onların səmimiyyəti və insan haqları və söz azadlığı uğrunda apardığı “mübarizələrinin” əsl mahiyyəti”.

Deputatın fikrincə, bu fakt açıq şəkildə bir daha onu göstərir ki, Azərbaycan nə edirsə etsin, bu kimi dairələr onun gördüyü pozitiv işləri qiymətləndirmək istəməyəcəklər.

“Digər bir məsələyə diqqət yetirək. ABŞ konqresmeni, Helsinki komissiyasının sədri Kristofer Smit deyir ki, «Azərbaycanın açılış mərasimində göstərdiyi nəticələr və onun möhtəşəmliyi heç kimin gözünü qamaşdırmamalıdır. Və heç kim heç bir halda Azərbaycanı tənqid etməkdən çəkinməməlidir». Əslində, o, bu tədbirin möhtəşəmliyini etiraf edir və bundan narahatlığını gizlətmir. Elə Almaniya Bundestaqında Azərbaycan haqqında qəbul edilən qətnamənin iyunun 12-də baş tutması da bu qəbildən olan planın tərkib hissəsi idi. Bilirsiniz ki, belə faktları çox sadalaya bilərik. Bir daha təəssüflə qeyd edirəm ki, Avropanın aparıcı KİV-ləri, bəzi siyasətçilər bu məsələdə doğurdan da siyasi maraqlar baxımından yanaşdılar, qısqanclıqlarını açıq şəkildə nümayiş etdirdilər. O ki, qaldı bütün bunların əsl səbəbinə, bu da çox sadədir: Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardığı müstəqil daxili və xarici siyasət, milli maraqlarımızın daima qorunması, Dağlıq Qarabağ münaqişəsində güzəştə gedilməməsi, hər hansı bir bloka və kiminsə çətiri altına girməməyimiz və əlbəttə iqtisadi baxımdan heç kimdən asılı olmamığımız bütün bu anti-Azərbaycan kampaniyasının şərtləndirən əsas amillərdir.


Bu kampaniyanın təşkilatçıları, o cümlədən keçmiş səfir Arif Məmmədov kimi adamları “piştaxta”dan çıxarıb həssas məqamda siyasi səhnəyə gətirməklə ondan hakimiyyət əleyhinə istifadə etməyə ümid edənlər bilməlidirlər ki, onaların bu cəhdlərinın Azərbaycanda heç bir perspektivi yoxdur”,- A.Quliyev deyib.

Millət vəkili bildirib ki, Avropada sağlam düşüncəli, ədaləti müdafiə edən ictimai, siyasi xadimlər çoxdur: “Hamı Riçard Kozlariç, Kristofer Smit və Ulrike Lunaçek kimi düşünmür. Onların arasında Azərbaycanın geostrateji əhəmiyyətini yaxşı dərk edən, buna yüksək səviyyədə qiymət verən siyasətçilər də var. Müxtəlif vaxtlarda xaricdə Azərbaycana dəstək kampaniyaları da keçirilib. Amma müəyyən dairələr isə yalnız neqativ məqamları gündəmdə saxlamağa maraqlıdırlar. Təəssüf doğuran hallardan biri də budur ki, ölkəmizə qarşı aparılan qərəzli kampaniyaya yerli mediada da dəstək verənlər var. Azərbaycanı yalnız bir rəngdə-qara rəngdə görmək istəyi bunların hamısını birləşdirən və səfərbər edən əsas şərtdir”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1288 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...