“Emin Hüseynovu Azərbaycandan gizli yolla çıxarıblar”
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) rəhbəri, uzun müddət İsveçrənin Azərbaycandakı səfirliyində saxlanılan Emin Hüseynovun ölkədən çıxarılmasına münasibət bildirib.
S.Novruzov “Report”a açıqlamasında deyib ki, Emin Hüseynovu Azərbaycandan gizli yolla aparıblar və onun ölkədən bu cür çıxarılması qanunsuzluqdur.
YAP icra katibinin müavini qeyd edib ki, RATİ rəhbəri Azərbaycandakı fəaliyyəti ilə bağlı qanun qarşısında cavab verməlidir: “İsveçrənin Azərbaycandakı səfirliyi Emin Hüseynovu uzun müddət gizlətdi. Ona verilən 1 milyon 500 min manat qrantın 160 min manatını vergiyə ödənilməli idi. Vergidən yayınma ağır cinayət hesab olunur. Bu maliyyənin bir hissəsini onu verən təşkilat mənimsəyib, müəyyən hissəsi də təyinatdan kənar, başqa istiqamətlərə-dövlət əleyhinə işlərin aparılmasına, kütləvi ixtişaşlara insanların cəlb edilməsinə xərclənib. Bu şəxsin izini itirməkdən ötrü neytral bir ölkənin-İsveçrənin səfirliyində saxladılar, sonra gizli yolla ölkədən apardılar. Emin Hüseynov siyasi baxışlarına görə təqib olunurdusa, İsveçrə ona siyasi sığınacaq verə bilərdi. Amma iqtisadi cinayət törədən şəxs səfirliyin binasında saxlanılırdısa, deməli, burada maraq başqa idi”.
Qeyd edək ki, RATİ rəhbəri Emin Hüseynov bir neçə gün öncə saxlanıldığı İsveçrənin Azərbaycandakı səfirliyinin binasından çıxarılıb və o, İsveçrə xarici işlər naziri Didye Burkhalterin təyyarəsi ilə ölkədən aparılıb.
1278 dəfə oxundu