Bako Saakyanın Brüsselə getməsi turist səfərindən başqa bir şey deyil Azərbaycan XİN

 Bako Saakyanın Brüsselə getməsi turist səfərindən başqa bir şey deyil


“Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təmsilçisi kimi özünü təqdim edən Bako Saakyan adlı şəxsin Brüsselə getməsi mahiyyət etibarilə turist səfərindən başqa bir şey deyil”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

“Brüsseldə olduğu dövrdə Bako Saakyan adlı şəxs Belçika parlamentinin Ermənistan üzrə dostluq qrupunun rəhbəri El van Hoof, yerli Flamand qanunverici orqanının üzvü və köhnə dostu Karl Vanlouve ilə fərdi əsasda görüşüb. Radikal təfriqəçi və islamafob baxışlara malik olan Karl Vanlouve dəfələrlə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edib və buna görə də arzuolunmaz şəxslər siyahısına daxil edilib. Azərbaycan Respublikasının Belçika Krallığında səfirliyinin etirazına cavab olaraq, Belçika parlamenti və Flamand qanunverici orqanından bu görüşlərin heç bir halda rəsmi xarakter daşımadığı və yalnız şəxsi əsasda baş tutduğu bildirilib”, - deyə o vurğulayıb.

H. Hacıyev bildirib ki, Ermənistanın diplomatik pasportu ilə hərəkət edən B. Saakyan adlı şəxs Şenqen vizasının alınması prosesində öz şəxsiyyəti və daimi yaşayış ünvanı haqqında yanlış bilgi verir. “Narazılıq doğuran hal odur ki, Şərq Tərəfdaşlığı proqramında iştirak edən digər ölkələrin halında Şenqen vizasının alınması prosesində bu kimi fərdlərə qarşı səfər sanksiyası tətbiq edildiyi halda saxta sənədlər təqdim etməsinə və yanlış məlumat verməsinə baxmayaraq, Bako Saakyana Şenqen vizası rəsmiləşdirilir. Bu bir daha onu sübut edir ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Vyanada prezidentlər səviyyəsində keçirilmiş görüşdən sonra münaqişənin həlli üzrə substantiv danışıqlara başlamaq və qəbuledilməz olan “status-kvo”nun dəyişdirilməsi üçün addımlar atmaq əvəzinə Ermənistan tərəfi bu kimi təxribatçı əməllərlə münaqişənin danışıqlar yolu ilə həllinə yenə də xələl gətirməyə çalışır”.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
812 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...