“ATƏT-in Minsk qrupundan konkret nəticələr gözləyirik” - Almaniyalı deputat
Almaniyanın CDU partiyasından olan parlament üzvü, CDU/CSU koalisiyasının daxili işlər üzrə mətbuat katibi Stefan Mayer Ermənistan qoşunlarının təmas xətti boyunca Azərbaycanın mövqelərinə və mülki əhalinin məskunlaşdığı kənd və qəsəbələrə ağır silahlardan atəş açmasına münasibət bildirib. APA-nın məlumatına görə, S. Mayer Avropa Azərbaycan Cəmiyyətinin sorğusuna cavabında bildirib ki, günahsız insanlar arasında çoxlu sayda itkilərin qarşısını almaq üçün bütün zorakılıq halları birmənalı şəkildə pislənilməlidir.
“Cənubi Qafqazda sabitliyin davamlı xarakter daşıması çox vacibdir və bu, Almaniya və Avropanın strateji maraqları kontekstində prioritet təşkil edir. Xüsusilə hazırkı hərbi münaqişə kontekstində beynəlxalq ictimaiyyətdən və ATƏT-in Minsk qrupundan problemin sülh yolu ilə həllinə nail olacağını səbirsizliklə gözləyirəm. Təbii olaraq bu həll yolu beynəlxalq hüququ və, xüsusilə, Birləşmiş Millətlər Təşkilatının müvafiq qətnamələrini əks etdirməlidir”, - deyə o vurğulayıb.
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.
815 dəfə oxundu