Azərbaycanlı həkim Obama ilə Qarabağı müzakirə edəcək
Azərbaycanı dünyanın ən məhşur beynəlxalq proqramlarından olan Elm və Texnologiya üzrə Qlobal Sammitdə (2016 GİSTİ) bu il Leyla Tağızadə təmsil edəcək. ABŞ Dövlət Departamenti və Amerika Elmə Dəstək Assosiasiyası (AAAS) tərəfindən hər il keçirilən müsabiqədə həmyerlimiz final mərhələsinə keçib. Azərbaycanı müsabiqədə “HealthBox” layihəsi ilə təmsil edəcək Leyla Tağızadə ABŞ prezidenti Barak Obama ilə görüşmək şansı qazanıb.
Leyla Tağızadə AzVision.az-a açıqlamasında Obama ilə bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparmaq istədiyini deyib. “Müsabiqə ötən il Keniyada keçirilib. Tədbirin hansı ölkədə keçirilməsindən asılı olmayaraq ABŞ prezidenti açılışda iştirak edir. Finala çıxan iştirakçıların həm ABŞ prezidenti, həm də dövlət adamları ilə görüşləri keçirilir. Mən də tədbir çərçivəsində ABŞ prezidenti Barak Obama ilə görüşəcəyəm”.
Həmyerlimiz ABŞ prezidenti ilə görüşdə Dağlıq Qarabağ problemindən danışacağını vurğulayıb. O, qeyd edib ki, bu görüş zamanı ilk növbədə Azərbaycanın elmi, mədəniyyəti ilə bağlı danışacaq. “Əsas məqsədimiz dünya ölkələrinin diqqətini Qarabağ probleminə yönəltməkdir. Bu layihə əvəzedilməz beynəlxalq təcrübədir. Azərbaycan və Dağlıq Qarabağ problemi dünaya çatdırmaq üçün yaxşı fürsətdir. Orada bizdən başqa Ermənistan da finala vəsiqə qazanıb. Görüşdə ermənilər bizə qarşı təxribat törədə bilərlər”
Layihəsi barədə danışan L.Tağızadə bildirib ki, məqsədi konflikt zonalarında insanların tibbi xidmətlərə əlçatanlığını təmin etməkdir: “Müharibə, konflikt zonasında olan əhali, yaralananların tibbi xidmətə və ya dərmana ehtiyacı olur. Müharibələr zamanı ilk dağılanlar məktəblər və xəstəxanalar olur. Ona görə də əhaliyə tibbi xidmətin əlçatanlığı həmin müddətdə kəskin aşağı düşür. Bu mobil proqramı işləməyimizin səbəbi həmin problemlərdən qaynaqlanıb. Burada məqsəd insanların mobil vasitələrlə zamanında tibbi xidmətlərdən yararlana bilməsidir. İnsanlar bu problemlərdən əziyyət çəkirlər. Bu layihə qlobal layihə olduğu üçün müsbət qiymətləndirilib və finala layiq görülüb. Bunu dünyanın müxtəlif ölkələrində tətbiq etmək olar”.
Qeyd edək ki, Leyla Tağızadənin layihəsi 135 ölkədən 1075 ərizə arasından beynəlxalq münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilərək, final mərhələsinə vəsiqə qazanıb. Finala Azərbaycandan başqa 24 ölkə keçib. Bütün finalçılar bu il iyun ayının 20-24 arası Stendford Universitetində gördüyü işlər haqqında təqdimat edəcəklər.
855 dəfə oxundu