“Müsavat və AXCP bərbad gündədir” - Siyavuş Novruzov
“İsa Qəmbər Müsavatı özəlləşdirmişdi, cəbhəçilər isə ermənilərdən pul alır”
Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, deputat Siyavuş Novruzov Müsavat və AXCP-də son günlər davam edən istefalara münasibət bildirib. S. Novruzov Azvison.az-a açıqlamasında deyib ki, hər iki partiyada baş verən istefaların səbəbləri bəllidir. “Müsavat Partiyasında qeyri-legitim qurultay keçirilib. Qeyri-qanuni sədr seçilib. Bunun nəticəsi olaraq insanlar buna etirazlarını bildirir, istefa verir. Yəni, onlar yeni seçilən tərkibin perspektivinə inanmırlar. Müsavatın fundamental partiya yolundan çıxıb, tamamilə bir dərnəyə çevrilməsi və bir neçə ailənin monopoliyasında olması üzvləri narahat edir. Nəticədə də üzvlər istefa verirlər.
Partiyada söz, fikir azadlığına hörmət qoyulmaması, fikir plüralizminin olmamaması, demokratik fikir söyləyən şəxsin iqtidara işləməsi damğası vurub partiyadan çıxarılması Müsavatın bərbad gündə olmasından xəbər verir”.
YAP yetkinlisinin fikrincə, İsa Qəmbər başqan olduğu dövrdə Müsavatı öz monopoliyasına götürmüşdü.
“Əvvəllər də deyirdik ki, bu Müsavatla o Müsavat tamam fərqlidir. İsa Qəmbər isə bu adı öz monopoliyasına götürmüşdü. Zaman da göstərdi ki, adı eyni olsa da hazırkı Müsavatla o zamankı Müsavat eyni deyil. O zamankı Müsavatın ruhu, rolu, fəaliyyəti, cəmiyyət üçün başqa idi, indiki Müsavatın başqa. Nəticə isə göz qabağındadır. Ona görə də Müsavat Partiyası Azərbaycan siyasi sistemindən tamamilə silinib. Bircə adı qalıb”. S.Novruzov daha sonra AXCP-də baş verən olaylardan söz açıb. Onun sözlərinə görə, Azərbaycanı sevən, xalqın maraqlarına xidmət edən insan AXCP-də qalmır, oradan uzaqlaşır. Orada ancaq erməni lobbisinin ayırdığı pula xidmət edən insanlar qalıb. Həmin insanlar öz rəyləri, fikirləri, proqram nizamnamələri ilə deyil, xaricdən verilən “zakaz”larla fəaliyyət göstərirlər. Bu da bəzi üzvlərin narazılığına səbəb olur və istefa verib uzaqlaşırlar”.
S.Novruzov hesab edir ki, AXCP və Müsavat Partiyaların arasında həmişə gərgin münasibət olub.
“Bir müddət öncə “Azadlıq” qəzeti bütün yazılarını Rauf Arifoğluna və Müsavatda gedən proseslərə həsr edirdi. Ona görə də hər iki qəzet düşmən saydığı partiyadan istefa verənlərə meydan verir. Çünki, bu partiyalar və qəzetlər arasında həmişə gərginlik, düşmənçilik və mübarizə gedib. İndi də gedir”.
1370 dəfə oxundu