Türkiyənin yeni baş naziri kim olacaq - adları və şanslar

Türkiyənin yeni baş naziri kim olacaq -


Qurultaya 6 gün qalmış hakim partiya sədrliyinə iddialılar və imkanlar haqda qeydlər. Mayın 22-də Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının növbədənkənar qurultayı keçiriləcək. Qurultayda partiyanın yeni sədri, eyni zamanda ölkənin yeni baş nazirinin adı məlum olacaq. Türkiyə siyasətinin həssas bir dönəmində baş tutacaq qurultay və seçkilər hazırda yalnız hakim partiya üçün deyil, bütövlükdə ölkənin taleyi üçün mühüm əhəmiyyət kəsb edir.

Mayın 16-də AKP baş qərargahında partiyanın yeni sədri və baş nazirin müəyyən olunması ilə bağlı toplantı keçirilib. Ölkənin 81 vilayətindən gəlmiş yerli təşkilat sədrləri, gənclər və qadınlar təşkilatları, eləcə də əyalət bələdiyyə sədrləri və vilayət partiya məclisi sədrlərindən ibarət 329 nümayəndənin qatıldığı toplantı nəbz yoxlaması xarakterli olub.

Belə ki, iştirakçıların hər birinə zərf verilib və partiyanın sədri olaraq görmək istədikləri bir şəxsin adını yazmaları istənib. əl-Cəzirə kanalının məlumatına görə, ilkin nəticələrə əsasən iştirakçıların böyük çoxluğu rabitə və nəqliyyat naziri Binəli Yıldırımın sədr olmasını istəyib. Bundan başqa ədliyyə naziri Bəkir Bozdağ, baş nazirin müavini Numan Kurtulmuş da sədrliyə arzulanan namizədlər arasında olublar, lakin daha çox iştirakçı Yıldırımın üzərində dayanıb.

Qeyd edək ki, analoji nəbz yoxlaması AKP deputatları, qadın və gənclər təşkilatları idarə heyətləri, nəzarət təftiş, partiya mərkəzi aparatı qurumları üzvlərinin iştirakı ilə də keçiriləcək. Bununla da rəhbərlik əslində daxili fikrin daha çox hansı personaya meylli olduğunu müəyyən etməyə çalışır. Ancaq aydındır ki, son qərarı qurultay və ona qədər partiyanın əsas fikir liderləri verəcəklər.

Yeri gəlmişkən, bir qədər əvvəl AKP-nin “B” planı olaraq mediada prezidentin yenidən partiya sədri olacağı və bu yöndə konstitusiya dəyişikliyi ediləcəyi ilə bağlı məlumatlar yayıldı. Eyni zamanda prezidentin nəzarəti altında hökumətin fəaliyyətinin davam etdirilməsi, baş nazirlik prezidentin təsiri altında olacağı ilə bağlı versiyalar mediaya yol tapıb. Ancaq bir çox siyasi analitiklər indiki halda bunun mümkün olmayacağı qənaətindədir. Çünki bunu etmək üçün konstitusiya dəyişməli, prezidentin partiya üzvü olması leqallaşdırılmalıdır. Hələliksə bu, mümkün deyil. Bu səbəbdən də indi əsas diqqət yeni AKP sədrinin və baş nazirin kimliyi mövzusuna yönəlib. Yeri gəlmişkən, bir çoxlarına görə, bu cür versiyaların mediaya yol tapması həm də nəbz yoxlamasının bir başqa şəklidir. Hakimiyyət, cəmiyyətin fərqli versiyalara münasibətini öyrənməyə çalışır.

Artıq qurultaya 6 gündən də az vaxt qaldı və görünən odur ki, hakimiyyət bu dəfə partiyanın aparıcı kütləsinin rəyini də nəzərə almağa çalışır. Hələliksə Ankara dəhlizlərində gələcək AKP sədri və baş nazirliyə namizəd olaraq bir neçə şəxsin adları hallanır. Sonunda prezidentin hansı adın üzərində duracağı qəti bilinməsə də, indidən daha şanslı olanlar və ümumilikdə adı gələcək sədrliyə iddialılar arasında keçən bir sıra tanınmış siyasi xadimlər var.

Ön sıralarda hazırkı prezidentin köhnə dostu, uzun illər bir yerdə çalışdığı, etibar etdiyi rabitə və nəqliyyat naziri Binəli Yıldırımın adı keçir. B.Yıldırım Rəcəb Tayyib Ərdoğanla uzun illər dost münasibətlərində olub, İstanbul bələdiyyəsi sədrliyi dövründən birgə çalışıblar, AKP-nin qurulmasında iştirak edib. Ərdoğanın çox etibar etdiyi şəxslərdən biri olması və bu günkü sorğulara görə partiya içərisində də böyük dayağının olması Yıldırımın şansını artırır. Ancaq opponentlərinin iddialarına görə, hər nə qədər yaxın dost və etibarlı yoldaş olsa da, B.Yıldırım iddialı və bəzi hallarda “ipə-sapa yatmaz” adam kimi tanınır. Yəni dolayısı ilə onun itaətkar baş nazir olması mümkün görünmür.

Məhz bu xarakteri Yıldırımın baş nazirlik yolunu bağlaya bilər. Çünki hazırda AKP-yə daha yumşaq və iddiasız bir baş nazir və partiya sədri lazımdır.
Daha bir iddialı, keçmiş Səadət Partiyası lideri, Ərdoğanla hərəkat yoldaşı olmuş və hazırda baş nazirin müavini və hökumət sözçüsü olan Numan Kurtulmuşdur. Numan bəy iddialı siyasi xadimdir və AKP-yə sonradan gəlsə də, partiya daxilində böyük tərəfdar gücü var. Ancaq partiyaya sonradan gəlməsi və Ərdoğanla keçmiş rəqib olması AKP daxilində ona qarşı güclü müxalifətin yaranmasına səbəb olub. Bir çoxları onun sədr olacağı təqdirdə AKP-nin içdən dəyişəcəyini düşünür. Bu səbəbdən də Numan bəyin AKP sədri olması yolunda ciddi əngəllər mövcuddur.

Adı baş nazir və AKP sədrliyinə namizədlər arasında hallanan daha bir şəxs ədliyyə naziri Bəkir Bozdağdır. Bəkir bəy uzun illər AKP və hökumətdə yüksək vəzifələr tutub, partiya lideri Ərdoğana bağlı bir şəxs olaraq tanınır. Ancaq Bozdağ güclü siyasi fiqur olaraq tanınmır, onun şansını daha çox artıran isə məhz iddiasız və liderə sadiq olmasıdır.

AKP sədrliyinə daha bir iddialı prezident Ərdoğanın dostu və partiyada ən etibarlı adamlarından biri olan Mehmet Əli Şahindir. Bir dönəm parlamentin spikeri olmuş Şahinin baş nazirliyə adı hallansa da, ön sıralarda deyil. Daha bir ciddi, ancaq adı çox da hallanmayan iddiaçılardan biri də hazırkı müdafiə naziri İsmət Yılmazdır. İ.Yılmaz Ərdoğanla çox yaxın münasibətlərə malik, etibarlı şəxslərdən biridir. Eyni zamanda hakimiyyətə çox bağlı şəxslərdən hesab olunur. Bu amillər Yılmazın şansını artırır. Eyni zamanda anlaşma ilə Abdullah Gülün baş nazirliyə dəvət oluna biləcəyi haqda da zəif də olsa iddialar var.

Bu gün AKP rəhbərliyində keçirilən ilkin sorğunun nəticələrinə görə, partiya içərisində əsas namizədlər 3 şəxsdir: Binəli Yıldırım, Bəkir Bozdağ və Numan Kurtulmuş. 3-cü gün keçiriləcək növbəti səsvermənin də nəticələri elə olsa, böyük ehtimalla partiya rəhbərliyi daxili elektoratın rəyini nəzərə almalı olacaq. Bu isə Yıldırımın şansının güclü olduğunu deməyə əsas verir. Ancaq siyasət hər zaman çox kombinasiyalı oyundur. Son qərarı verəcək şəxs və şəxslərin seçim kriteriyaları AKP üzvlərindən fərqli ola bilər. Bu səbəbdən qurultay günü fərqli nəticə ilə də qarşılaşmamız tamamilə realdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
872 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...