"May ayında əfv olmayacaq"
Mayın 13-də bir qrup hüquq müdafiəçisi mətbuat üçün konfrans keçirərək problemlərini diqqətə çatdırıblar. Musavat.com xəbər verir ki, onlar QHT-lərin donor, maliyyə problemlərindən, həmçinin İşçi Qrupun fəaliyyətindən danışıblar.
Hüquq müdafiəçisi Sahib Məmmədov çıxışında bildirib ki, onlar hakimiyyəti tənqid etməyi qarşılarına məqsəd qoymayıblar: “Problemlərin həlli üçün bundan istifadə etmirik. Ancaq bəzi QHT-LƏR var ki, siyasi məhbusların uzun siyahılarını ictimailəşdirirlər və bu, hakimiyyətlə dialoq məsələsində problem yaradır: “Biz həm də qanunvericiliyin yaratdığı problemlərlə üzbəüzük. Üçüncü ölkələrdə maliyyələşmə asan deyil. Maliyyə resurslarına çıxışımız yoxdur, fəaliyyət göstərməyimiz çətinləşib. Bütün bunlara baxmayaraq, bizim İşçi Qrup çərçivəsində işimiz davam edir”.
Əvəz Həsənov isə qeyd edib ki, QHT-lərin vəziyyəti illər əvvəl hətta Gürcüstandan daha yaxşı olsa da, artıq vəziyyət pisləşib: "Artıq faktiki olaraq 2014-cü ildən indiyə kimi heç bir beynəlxalq donorun ölkədə yeni fəaliyyətə başlamaq imkanı yoxdur, layihəni qeydiyyatdan keçirmək imkanı yoxdur. Donorlaırn qeydiyyat qaydalarını gözləyirdik ki, hökumət yumşaldıcı təklif etsin. Amma gördük ki, hökumət donorların qeydiyyatı baxımından heç bir güzəştə getməyə hazır deyil, buna maraqlı deyil. Müstəqil donorlar Azərbaycanda işləməyə hazırdırlar, ancaq mexanizm hazır deyil. QHT-lər maliyyə blokadasındadırlar. Bu problem də ölkənin beynəlxalq səviyyədə reytinqini aşağı salır”.
Səidə Qocamanlı maliyyə olmasa da, fəaliyyətlərini davam etdirirlər: “Biz qapımızı döyən şikayətçiləri hər zaman dinləyirik”. Məmur biganəliyindən danışan hüquq müdafiəçisi vurğulayıb ki, İşçi Qrupun iclaslarında böyük fasilələr yaranıb: “Son bir ildə bizə 739 şikayət daxil olub. Bunların hamısı ölkə vətəndaşlarıdır. Telefon zənglərini demirəm. İşçi Qrupu hər həftənin şənbə günü yığışıb işini davam etdirir. Bunların bəziləri İşçi Qrup daxilində həll olunan məsələlərdir, həllinə nail oluruq. Siyasi məhbus məsələsinə gəldikdə isə, bizim siyahımızdan 17 nəfər azadlığa buraxılıb. Əvvəl isə iki nəfər- Leyla və Arif Yunuslar hətta ölkədən də buraxıldı. Burada bizim böyük səyimiz, əməyimiz olub. Azərbaycanın hüquq müdafiəçilərinin əməyini heç cür aşağılamaq olmaz. Siyahımızda az siyasi məhbus qalıb. Onların da buraxılmasına çalışırıq. May ayında əfv veriləcəyini gözləmirik. Çünki qısa zaman əvvəl- mart ayında verilib. Amnistiya ola biləcəyi istisna deyil. İşçi qrupunun siyahısından altı nəfər həbsdə qalıb. Ömürlük məhbuslar da var ki, biz onlarla bağlı da fəaliyyət göstəririk. Onların məsələsi ilə mütəmadi məşğul oluruq ki, əfv olunsunlar”.
Hüquq müdafiəçisi Səadət Bənənyarlı da hüquq müdafiəçilərinin hesablarında olan problemdən söz açıb. Həmçinin şikayətləri detallaşdıraraq daha çox Təhsil Nazirliyindən, uşaq bağçalarından onlara şikayətlər daxil olduğunu vurğulayıb.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə deyib ki, hüquq müdafiəçisi təkcə siyasi məhbusun hüququnu qorumaq üçün deyil: “Bu gün minlərlə insanın hüququ pozulur, onlardan da danışmaq lazımdır”.
867 dəfə oxundu