Yaqub Məmmədov sirləri açdı

Yaqub Məmmədov sirləri açdı


Keçmiş müdafiə və daxili işlər naziri, sonradan dövlət gömrük komitəsinin sədri olmuş general Tahir Əliyev moderator.az-a müsahibəsində Xalq Cəbhəsinin hakimiyyətə gəlişindən öncə bir neçə ay ölkə prezidenti səlahiyyətlərini icra edən Ali Sovetin keçmiş sədri Yaqub Məmmədova ittihamlar irəli sürüb.

O qeyd edib ki, Yaqub Məmmədov prezident olmaq istəyirmiş və ondan dəstək ala bilmədiyi üçün onu 1992-ci il aprelin 25-də daxili işlər naziri vəzifəsindən azad edib.

Əhali isə ayağa qalxaraq Yaqub Məmmədovun bu fərmanına etiraz eləyib: “Onun bu fərmanına cəmiyyətdən çox ciddi təpki gəldi. Gecə ilə Bakı və Sumqayıt əhalisinin bir hissəsi, digər hüquq-mühafizə orqanları, xüsusən də prokurorluq əməkdaşları etiraz əlaməti olaraq nazirliyə axışdılar, respublika prokuroru Murad Babayev DİN-in ətrafına yığılan çoxsaylı əhali qarşısında çıxış etdi. Çıxışının da əsas məğzi ondan ibarət idi ki, onlar Tahir Əliyevi müdafiə etmək üçün toplaşıblar. Bir çox adamlar xidməti otağıma girməklə məni otaqdan çıxarmağa qoymurdular. Bütün bunlarla bağlı da məndə videomaterial var. Bütün bunları görən Yaqub Məmmədov məcbur olub mənim daxili işlər naziri postundan kənarlaşdırılmağımla bağlı verdiyi fərmanı dayandırdı və bu, televiziyada elan olundu. Mən dəqiq bilirdim ki, onun mənim nazir təyinatımdan bir ay sonra yenidən verdiyi belə bir anormal fərman qarşıdan gələn prezident seçkiləri ilə bağlı idi.

Məsələ belə olmuşdu. Jurnalistlərdən biri mənə sual vermişdi ki, qarşıdan gələn prezident seçkilərində daxili işlər naziri kimi hansı namizədin tərəfində olacaqsınız. Mən ümumiyyətlə sualın qoyuluşunun düzgün olmadığını bildirdim və DİN-in, başda onun naziri Tahir Əliyev olmaqla, hansısa namizədin tərəfində olmağımızın qanunla qadağan olunduğunu xatırlatdım. Bildirdim ki, bizim vəzifəmiz sabitliyi və seçkilərdə də ictimai asayişi təmin etmək olacaq. Müsahibə Yaqub Məmmədovu qane etməmişdi və təsəvvür edin ki, bu müsahibə ilə bağlı Yaqub Məmmədovla aramızda söhbət oldu və həmin müsahibədən sonra onun mənə qarşı münasibəti demək olar ki, tamamilə mənfiyə doğru dəyişdi. Martın 17-də məni daxili işlər naziri təyin etmişdi. Aprelin 25-də də mənim işdən çıxarılmağımla bağlı fərman verdi. Səbəbsə gün kimi aydın idi və o, prezident olmaq istəyirdi. Könlündən keçirdi ki, qanunlara məhəl qoymayan bir daxili işlər naziri olsun, onun prezident olması üçün açıq-aşkar təbliğat aparsın, bu istiqamətdə fəaliyyət göstərsin. Yəni o, prezident seçilməsi müqabilində hər şeyə hazır idi, təki mənim əlimlə o kürsüdə otursun.

Tahir Əliyevin bunu etməyəcəyini bilib seçkilərdən öncə niyyətini gerçəkləşdirmək üçün bu məsələni bu cür həll etmək istəyirdi. Qazaxdan Nurəddin Yusifov adlı bir nazir müavini vardı, onu mənim yerimə təyin etdi, amma əhali buna kəskin etiraz etdiyinə görə bu fərman havada qaldı".

Tahir Əliyevin ittihamlarına Yaqub Məmmədov sərt reaksiya verib. “Yeni Müsavat”a açıqlamasında Yaqub Məmmədov bildirdi ki, Tahir Əliyevin onun barəsində danışdıqları cəfəngiyyatdır, boş sözlərdir: “Tahir Əliyev elə o vaxtlar da səfeh-səfeh danışırdı. Məni də görəndə deyir ki, bağışla, üzr istəyirəm. İndi də dediklərinin hamısı yalan, sayaqlama, cəfəngiyyatdır. Guya mən ölkə prezidenti olmaq üçün çalışırmışam, guya mən bundan prezident olmağıma kömək istəyirmişəm. Belə bir şey heç vaxt olmayıb. Əvvəla, mən prezident olmağa çalışmamışam. İkincisi, daxili işlər naziri prezident seçirdi ki, mən ondan kömək xahiş edim? Mənim prezident olmağa çalışmağımı o nə ilə sübut edə bilər? Belə bir şey olmayıb axı. Mən hansı əməlimdə, fəaliyyətimdə prezident olmaq üçün təbliğat aparmışam, özüm üçün komanda yaratmışam? Tahir Əliyev ağzına gələni danışır. O, xeyli vaxt idi danışmırdı, indi kimsə onu mənə qarşı danışdırır. Onu da deyim ki, münasibətlərimiz normal olub, elə bir ciddi konfliktimiz olmayıb”.

Y.Məmmədov Tahir Əliyevi daxili işlər naziri təyin etməsindən də danışdı: “Onu Ayaz Mütəllibov müdafiə naziri təyin eləmişdi. Mən də prezident səlahiyyətini icra etməyə başlayanda işlərlə tanış olanda gördüm ki, ümumiyyətlə, Müdafiə Nazirliyinin adı var, özü yoxdur, bu adam nazir kimi heç bir iş görməyib. Cəbhə xəttində də vəziyyət çox gərgin idi. Getdim Ağdama, gördüm ki, hərə bir batalyon yaradıb. Həmin batalyonların heç biri Tahir Əliyevə tabe olmur, onu qəbul edən yoxdur. İcra hakimiyyətinin bir batalyonu var, AXC-nin bir, Etibar Məmmədovun bir, ”Ala Yaqub" deyilən bir nəfər var idi, onun bir batalyonu var. Müdafiə Nazirliyini də bunların heç biri qəbul etmirdi. Hamısı dedi ki, Rəhim Qazıyevi müdafiə naziri təyin edin, biz nazirliyə tabe olaq. Mən də Rəhim Qazıyevi təyin edəndə Rəhim Qazıyev dedi ki, Tahir Əliyev mənim cəbhəçi yoldaşımdır, onu da daxili işlər naziri təyin edin, bu halda müdafiə naziri olmağa razıyam. Beləliklə, mən Tahir Əliyevi müxalifətin təkidi ilə daxili işlər naziri təyin etdim, Rəhim Qazıyev isə müdafiə naziri oldu. Tahir Əliyev daxili işlər naziri kimi də işləyə bilmədi, getdi qoşuldu siyasətə. Etibar Məmmədovun-filanın dəstəsinə qoşuldu və axmaq-axmaq işlərlə məşğul oldu. Ona görə də azad eləmək üçün fərman verdim. Etibar Məmmədovun dəstəsi, İsgəndər Həmidovun dəstəsi, cəbhəçilər hamısı hay-küy saldılar ki, daxili işlər naziri Tahirdir vəssalam. Belə bir itaətsizlik yaratdılar. Tahir Əliyev də fərmana tabe olmayaraq kabinetdən çıxmadı. Mənim fərmanımın icrasına qeyd etdiyim müxalifətçilər imkan vermədilər. Onu aparıb kabinetdə oturtdular və dedilər ki, nazir budur. Mənə də ultimatum verdilər. Bax belə bir qanunsuzluq etdilər. Tahir Əliyev də onlara arxalanaraq kabineti tərk etmədi. Mənim yeni təyin etdiyim nazir də bu səbəbdən işə başlaya bilmədi. Fərman icra olunmadı, qaldı havada. Onlar konstitusiyaya itaətsizlik elədilər. Sonra Şuşa işğal olundu, vəziyyət qarışdı və mən işdən getdim. Sonra da Ayaz Mütəllibov Tahir Əliyevi işdən azad elədi və o da getdi. Bir neçə gün sonra isə Ayaz Mütəllibov getdi və İsgəndər Həmidov daxili işlər naziri oldu".

Y.Məmmədov onu xatırlatdı ki, onun dövründə Tahir Əliyevə dəstək verən müxalifət-cəbhəçilərin mayın 18-də hakimiyyətə yiyələndikdən az sonra nazirlə münasibətləri pozulub: “Mayın 14-də müxalifət mitinqlərə başladı, mayın 18-də Prezident Aparatını, Ali Soveti tutdular və hakimiyyəti ələ keçirdilər. Tahir Əliyev elə bilirdi ki, onu daxili işlər naziri təyin edəcəklər. Ancaq onu kabinetdə oturdanlar mayın 18-də onu kənarlaşdırdılar və İsgəndər Həmidov nazir təyin olundu. Tahir Əliyevi uzaqlaşdırdılar və vəzifə vermədilər. Ona görə də Tahir başladı onlara da müxalifətçilik eləməyə, onlarla da çəkişməyə. Ali Sovetdə cəbhə hakimiyyətinə qarşı davranışlarını yəqin xatırlayırsınız. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Tahir Əliyev Gömrük Komitəsinin sədri təyin olundu. Lakin o bu sahədə də işləyə bilmədiyini qısa müddətdə ortaya qoydu və Heydər Əliyev iclasda canlı efirdə onu işdən qovdu, özü də çox biabırçı vəziyyətdə. İndi aradan xeyli illər keçdikdən sonra ortaya çıxıb cəfəngiyyat danışır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
3281 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...