“Türk milliyyətçilərinin terrorda ittiham olunması provokasiyadır”
“Kafkassam” Rusiya mediasında ülkü ocaqlarını ittiham edən yazıya cavab verdi
Xəbər verdiyimiz kimi, Rusiyanın “Kommersant” qəzeti Türkiyə milliyyətçilərini terrorda ittiham edən xəbər yayıb. Qəzetin Federal Təhlükəsizlik Xidmətindəki mənbələrə istinadən yaydığı məlumatda ötən ilin oktyabrında Sina yarımadasında Rusiya təyyarəsinin partladılmasında “Boqzurdlar” adlandırdığı ülkü ocaqlarının əli olduğu vurğulanır.
Xəbərdə qeyd olunur ki, FTX İŞİD-lə bağları olan və Misir də daxil olmaqla bir çox ölkələrdə fəaliyyət göstərən türk radikal millətçi “Bozqurdlar” təşkilatının Rusiya sərnişin təyyarəsinin partladılması ilə əlaqəsinin ola biləcəyinə inanır.
Rusiyanın nüfuzlu qəzetinin belə bir iddia ortaya atması birmənalı qarşılanmayıb. Türk millətçi qruplarının İŞİD-lə əməkdaşlıqda və terrorda ittiham olunması ilk hadisədir.
“Kafkassam” strateji araşdırma mərkəzinin yaydığı açıqlamada Rusiya mediasının yaydığı xəbər “qaralama” olaraq dəyərləndirilir. Açıqlamada qeyd olunur ki, Türkiyədə “Bozqurdlar” deyilən bir təşkilat yoxdur, bu, ülkü ocaqları təşkilatına simpatiyası olanlar haqda deyilən ifadədir. Ülkü ocaqları isə Türkiyədə rəsmi dövlət qeydiyyatından keçmiş bir QHT və gənclər təşkilatıdır. İŞİD-lə düşüncə və baxışlar olaraq katolik və pravoslavlar qədər aralarında fərqlər var. Yəni aralarında heç bir bağ yoxdur. Eyni zamanda ülkü ocaqlarının AKP ilə heç bir əlaqəsi yoxdur. İŞİD-in ən böyük düşməni sünni mühafizəkar sufi türklərdir. Zatən, o bölgədə İŞİD ən böyük ziyanı türklərə vurur”.
“Mosulun İŞİD tərəfindən işğalından sonra ülkü ocaqları bölgəyə böyük həcmdə humanitar yardım göndərib. Yəni İŞİD-lə ülkü ocaqlarının bir yerdə olması mümkün deyil” – deyə açıqlamada qeyd olunur. O ki qaldı Rusiyaya məxsus sərnişin təyyarəsinin Misirdə partladılmasına, açıqlamada qeyd olunur ki, bu hadisənin təşkili və həyata keçirilməsi onun hansısa qruplaşmanın deyil, kəşfiyyat orqanının “əl işi” olduğunu göstərir. Bu baxımdan Misirdə heç bir fəaliyyəti olmayan ülkü ocaqlarının bu terrorda İŞİD-lə birgə ittiham olunması açıq şəkildə iz azdırmaq cəhdidir. Daha yaxşı olar ki, Rusiya mediası həqiqi cavabdehlərlə bağlı araşdırmalar aparsın.
Daha sonra Suriyada Rusiya təyyarəsinin pilotunu vurmaqda ittiham olunan Türkiyə vətəndaşı Alparslan Çeliklə bağlı iddialara toxunulur. Qeyd olunur ki, Türkiyənin Suiryadakı fəaliyyəti ilə bağlı hazırkı hökumətlə milliyyətçi siyasi təşkilatlar arasında kəskin fikir ayrılığı var. Sitat: “Türkiyə Suriya məsələsində Qərbdəki müttəfiqlərinin təkidi ilə aktiv rol alıb. AKP hökumətinin Suriya siyasəti MHP və ülkü ocaqları tərəfindən davamlı olaraq tənqid olunur. Hökumətdən fərqli olaraq ülkü ocaqları təşkilatları davamlı olaraq Suriyada çətin durumda olan türkmənlərə maddi və mənəvi dəstəyini davam etdirib. Bildiyiniz kimi, son illərdə minlərlə Türkiyə vətəndaşı Suriyada fərqli qruplarda savaşıb. Bir qrup millətçi gəncin də Suriyadakı türkmənlərin müdafiəsində iştirakı o qədər də gözlənilməz hadisə sayıla bilməz”.
915 dəfə oxundu