Fazil Mustafa: “Səməd Seyidov xəstədir…”

Fazil Mustafa: “Səməd Seyidov xəstədir…”


"Səməd Seyidovun Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri vəzifəsindən kənarlaşdırılması barədə xəbər doğru deyil". Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili, AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Fazil Mustafa deyib. Onun sözlərinə görə, Səməd Seyidov son iclasda səhhətinə görə iştirak edə bilməyib:

“Səməd Seyidovun səhhətində problem yaranıb, ayağında olan narahatlığa görə sessiyada iştirak edə bilmədi. Yəqin buna görə onun haqqında qeyri-dəqiq informasiya yayılıb”. F.Mustafa millət vəkili Vüsal Hüseynovun AŞPA-dakı nümayəndə heyətinin yeni rəhbəri təyin edilməsi xəbərinə də münasibət bildirib:

“Səməd Seyidov AŞPA sessiyasında iştirak edə bilmədiyi üçün Vüsal Hüseynovun onu əvəz etməsi mümkündür. Amma bu dəyişikliklə bağlı xəbər yanlışdır. Səməd Seyidovun Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri vəzifəsindən kənarlaşdırılması heç mümkün də deyil. Çünki o, uzun müddətdir bu yöndə çalışır və bizim onun təcrübəsinə çox böyük ehtiyacımız var".

Qeyd edək ki, bu gün Haqqin.az saytı Robert Uolterin «Dağlıq Qarabağda və Azərbaycanın digər işğal olunmuş ərazilərində gərginliyin artması» məruzəsinin AŞPA-da qəbul edilməməsinin səbəbkarı kimi Səməd Seyidovu göstərib. Belə ki, müzakirəyə cəmi bir həftə qalmış Səməd Seyidovun AŞPA-ya məktub göndərdiyi, həmin məktubda Azərbaycan torpaqlarının işğalı faktının qeyd olunmadığı və Ermənistanın hərbi təcavüzünün AŞPA tərəfindən qınanmasına çağırışın əksini tapmadığı, Robert Uolterin məruzəsi üzrə səsvermə zamanı erməni nümayəndə heyəti və lobbisinin bu məruzənin əsassız olmasını sübuta yetirmək üçün Səməd Seyidovun bu məktubundan istifadə etdiyi vurğulanır.

Buna görə də Səməd Seyidovun Azərbaycan nümayəndə heyətinin rəhbəri vəzifəsindən alındığı və onun yerinə millət vəkili Vüsal Hüseynovun təyin olunduğu iddia edilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1063 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...