“Prezidentin çağırışlarına cavab verməliyik” - Fəttah Heydərov
Dünyada gedən proseslərin ölkəmizə də təsiri şübhəsizdir. Ancaq Azərbaycan dövləti, dövlət başçısı cənab İlham Əliyev də çalışır ki, bu təsirlərin qarşısı alınsın, insanlara, ölkənin iqtisadi inkişafına ciddi təsir göstərməsin. Bu fikirləri parlamentin Regional məsələlər komitəsinin sədr müavini və Milli Məclisin Hesablayıcı Komissiyasının sədri Fəttah Heydərov adıçəkilən komitənin qarşıdan gələn 2016-cı il yaz sessiyası ilə bağlı yanvarın 29-da keçirilən iclasında dilə gətirib.
Onun sözlərinə görə, bu gün Azərbaycan dövləti həm də özünün dünyada sülhsevərliyi, sabitliyi və sakitliyi ilə seçilir. “Bununla belə, dediyim kimi, dünyada yaşanan iqtisadi-siyasi böhranların bizə də müəyyən təsirləri var. Ona görə biz də bu təsirlərin qarşısının alınması, bu məsələdə ölkə başçısına dəstək verilməsi üçün çox fəal olmalıyıq.
Bizim mütəqilliyimizi istəməyən, məsələləri tərsinə yozan qüvvələr var ki, onlara qarşı qətiyyətli mübarizə aparmalıyıq. Bizim bu məsələ ilə bağlı qarşımızda ciddi vəzifələr dayanır. Dövlət başçısının məmurlarla bağlı səsləndirdiyi fikirlər, çağırışlar bizə də aiddir. Biz də bu çağırışlara öz fəaliyyətimizlə cavab verməliyik, Prezidentin siyasətini daha ürəklə dəstəkləməliyik, onun yanında olmalıyıq, ona kömək etməliyik.
Baxmayaraq ki, əhali sayı və ərazi baxımdan elə də böyük dövlət, xalq deyilik, ancaq bununla belə, dünyada sözümüz, çəkimiz, yerimiz var, bizimlə heasablaşırlar. Bunlar da hamısı dövlət başçısının yeritdiyi uğurlu siyasətlə bağlıdır. Biz bir çox ölkələrin illərlə keçdiyi yolu çox qısa zaman ərzində keçmişik. Ona görə müstəqilliyimizə, inkişafımıza xələl gətirməyə çalışan qüvvələrə də fürsət verməməlyik, onlara qarşı qətiyyətli mübarizəmizi aparmalı və davam etdirməliyik” - deyə, F. Heydərov daha sonra sözlərinə əlavə edib.
972 dəfə oxundu