Ukraynanın Kurska hücumla başlayan böyük planı: Hədəfdə bu ərazilər var

Ukraynanın Kurska hücumla başlayan böyük planı:
Ukrayna Silahlı Qüvvələri Belqorod vilayəti istiqamətində əks hücuma hazırlaşır. Rusiyanın hərbi jurnalisti Kirill Fedorov bu məlumatı dərc edib və onun digər həmkarı Vladimir Romanov da faktı təsdiqləyib.

“Belqorod vilayəti ilə üzbəüz, Ukrayna Silahlı Qüvvələrinin yaxınlığında hərbi toplaşmalar müşahidə olunur. Orada da hücuma hazırlaşırlar. Bizimkilər də bundan xəbərdardır”, - Fedorov bildirib.

Ukrayna Ordusunun Belqorod istiqamətinə nə qədər qoşun cəmləşdirdiyi isə bilinmir. Sadəcə, o bəllidir ki, vəziyyət getdikcə gərginləşir, çünki Ukrayna qüvvələri başqa istiqamətlərdən də hücuma keçə bilərlər. Qeyd edək ki, avqustun 6-da səhər saatlarında Ukrayna qoşunları Rusiyanın Kursk vilayəti istiqamətində hücuma başlamış və qısa müddət ərzində sərhədi yara bilmişdi. Müxtəlif mənbələrin iddialarına görə, gün ərzində Ukrayna Silahlı Qüvvələri Rusiyanın 15 və ya 25 km. dərinliyinə qədər irəliləmişlər. Rusiyanın ən azı iki böyük hərbi birləşməsinin mühasirəyə düşdüyü və Ukraynanın bəzi strateji obyektləri ələ keçirdiyi vurğulanır. Maraqlıdır ki, Ukraynanın qərb istiqamətində isə Rusiya qoşunları ləng də olsa irəliləyirlər. Bu da bəzi suallara yol açır: Ukrayna bütün qüvvələrini niyə öz ərazilərini işğaldan azad etməyə yox, Rusiyaya hücum əməliyyatına sərf edir?

Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a deyib ki, Ukrayna qoşunlarının Kursk və Belqorod istiqamətində hücuma keçməsinin əsas məqsədi öz ərazilərini işğaldan qurtarmaqdır. Onun sözlərinə görə, Ukrayna Rusiyanın dərinliklərinə hücum etməklə əslində Donbass və Xarkov istiqamətində ləng addımlarla irəliləyən rus ordusunun diqqətini öz daxilinə çəkmək və onun işğal əməliyyatlarını dayandırmaq istəyir:

“Bunun üçün də “ən yaxşı müdafiə hücumdur” taktikasından istifadə etməyə çalışır. Məqsəd, sözsüz ki, Ukraynanın içərisində cəmləşən rus ordusunun bir hissəsini öz sərhədlərinə çəkməkdir. Ukrayna bu hücumlarını uğurla davam etdirsə, öz hədəfinə rahatlıqla vara bilər. Rus qoşunları Ukraynadakı cəbhə xəttində seyrəlsə, hazırda ağır döyüşlərin getdiyi ərazilərdə vəziyyəti öz xeyrinə dəyişdirər. Hazırkı qüvvə ilə qərb cəbhəsini yara və ərazilərini işğaldan azad edər”.


Ukrayna savaşı başlayandan bəri, NATO müttəfiqlərinin ciddi şəkildə Rusiyaya qarşı ikinci cəbhə açmağa çalışdıqlarını xatırladan Heydər Oğuzun fikrincə, əslində Kursk və Belqorod istiqamətində hücum da bu məqsədə qulluq edir: “Bilirsiniz ki, Ukrayna-Rusiya müharibəsi 1100 km-lik ərazidə gedir. Rusiya öz canlı qüvvəsini və texnikasını bu ərazilərə yığmaqla Ukrayna qarşısında üstünlük qazanıb. Tamamilə fərqli istiqamətdə bir başqa cəbhə açılarsa, Rusiya qoşunlarını həmin istiqamətə yönləndirə və beləcə, Ukrayna xəttindəki rus hücum səfləri azalar. Məhz bunun üçün də NATO qüvvələri Gürcüstandan belə bir addımın atılmasını gözləyirdi. Rəsmi Tiflis isə bu tələblərdən boyun qaçırır, bacardığı qədər rus qoşunları ilə üz-üzə gəlmirdi. Qərb ölkələri məcburən ikinci cəbhəni Ukraynanın şimal-qərbində - Sumi sərhədlərində açdı. Dolayısıyla, cəbhə xəttini bir neçə yüz kilometr uzatdı.

Belqorodun Kursk vilayətinin cənubunda yerləşdiyini nəzərə alsaq, bu bölgəyə hücum hazırlıqları da təsadüfi görünmür. Məqsəd Kurskla Donbass arasındakı neytral zonanı da cəbhə xəttinə birləşdirmək və rus qoşunlarının Kurska irəliləməsinin qarşısını almaqdır. Zənnincə, Ukrayna ordusuna ana vətəndən əlavə qüvvələr gələrsə, onun Smolenski istiqamətində də fəaliyyətə başlayacağını görə biləcəyik”.

Heydər Oğuzun fikrincə, Ukraynanın cəbhə xəttini Kursk, Belqorod və Smolenski istiqamətində yaymasının digər bir məqsədi canlı qüvvə problemini də həll etməkdir: “Bəllidir ki, Belqorod 1918-ci ildə Ukrayna hetmanlığı adlanan dövlətin ərazisinə daxil idi. Hetmanlığa həmçinin Voronej və Kursk quberniyaları da daxil idi. Ukraynanın milli dövlət forması sayılan bu hetmanlığa Sovet hakimiyyətinin ilk illərində son qoyuldu. Bununla belə, həm Belqorod, həm də Kursk sakinlərinin xatirələrində bu dövlətin izləri yaşayır və məhz bu səbəbdən də yerli əhali Ukrayna hücumuna kəskin reaksiya vermir. Qərb dövlətləri də bu vilayətin əhalisi arasında hetmanlıq təbliğatını genişləndirirlər. Yəqin ki, həmin ərazilərin ələ keçirilməsi əsnasında vilayətin bir çox sakinlərindən də Ukrayna ordusuna qatılanlar olacaq. Beləcə, Ukraynanın son zamanlarda üzləşdiyi canlı qüvvə problemi də qismən həllini tapacaq. Ən azı Ukrayna hərbi strateqləri buna ümid edirlər və bu səbəbdən də həmin ərazilərin işğal olunmasının yox, işğaldan qurtulmasının təbliğatını aparırlar.

Eyni şəkildə Smolenksdə də xeyli sayda belarus yaşayır. Tarixə nəzər salsaq görərik ki, Smolensk torpağı 1654-1667-ci illər Rusiya-Polşa müharibəsi nəticəsində işğal olunub. Və bu vilayətin sakinləri öz tarixlərini heç bir zaman unutmayıblar. Təsadüfi deyil ki, Rusiya çarlığı dağıldıqdan sonra Smolensk əhalisi D.F.Jilunoviçin başçılığı ilə Belarus Müvəqqəti İnqilabçı Fəhlə və Kəndli Hökuməti yaratmış və uzun müddət Belarusun tərkibində qalmışdı. 1938-ci ildə vilayət Belarusdan qoparılıb Rusiyanın tərkibinə verilmişdi. ABŞ və Qərb dövlətləri Smolensk əhalisinin bu duyğularından maksimum faydalanaraq, onu Rusiyadan ayırmağa çalışırlar. Hətta bu məqsədlə 21 mart 2024-cü il tarixində Varşavadakı Belarus Evi adlı təşkilatda “Smolensk Respublikası” adlı fikir mərkəzi yaradılıb. Mərkəzin ekspertləri tərəfindən “Smolensk Respublikasının Konstitusiyası”nın layihəsinin təqdimatı keçirilib. Tədbirə qatılan “Smolensk Respublika Mərkəzi”nin sədri Vladislav Jivitsa, mərkəzin nümayəndələri və ictimai xadimlər gələcəkdə Smolenskin Belarusa birləşməsini də istisna etməyiblər. Nəzərə alsaq ki, 2020-ci ildə Belarusun böyük əksəriyyəti indiki prezident Lukaşenkonun əleyhinə böyük mitinqlər keçirirdi, Smolenskdə ortaya çıxan qığılcımın qısa müddətə Belarusa sıçraya bilər. Qısası, Ukraynanın Kurska hücumla başlayan həmləsinin altında böyük hədəflər yatır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
300 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...