Şeyx ABŞ Dövlət Departamentindən gileyləndi
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan ABŞ-dakı Simon Vizental Mərkəzinin rəhbərinin müavini, ravvin Abraham Kuperi qəbul edib.
Virtualaz.org QMİ-nin mətbuat xidmətinə istinadən bildirir ki, A. Paşazadə Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayıb: “Məscid, kilsə və sinaqoqların böyük qayğı ilə tikilib bərpa olunduğu, bütün ənənəvi dini icmaların maddi-mənəvi cəhətdən dəstəkləndiyi Azərbaycanda multikultural həyat tərzi, dinlər və məzhəblərarası müstəvidə ehtiramlı münasibət hökm sürür".
Azərbaycanda dini dözümlülük ənənələrindən danışan şeyxülislam deyib ki, ölkədə müxtəlif konfessiyaların və icmaların nümayəndələri uzun əsrlər boyu dinc yanaşı yaşayıblar, heçvaxt ksenofobiya və dini zəmində münaqişələr müşahidə olunmayıb. O, Azərbaycanda uzun əsrlərdən bəri tolerantlıq ənənələrinin mövcud olduğunu, bu ənənələrin bu gün də davam etdirildiyini, müxtəlif dinlər, məzhəblər arasında qarşılıqlı ünsiyyət və əlaqələrin qorunub saxlandığını qonağın diqqətinə çatdırıb. QMİ sədri prezident İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili” elan etməsini əhəmiyyətli hal kimi dəyərləndirərək, Azərbaycanda bunun gündəlik həyat tərzi olmasından qürur duyduğunu bildirib.
Dağlıq Qarabağ münaqişəsindən söhbət açan A. Paşazadə Azərbaycanın bu problemin sülh yolu ilə həllinin tərəfdarı olduğunu söyləyib, işğal olunmuş ərazilərdə ermənilər tərəfindən tarixi, dini, mədəni abidələrin məhv edildiyini diqqətə çatdırıb.
A.Kuper təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verərək Azərbaycana budəfəki səfərinin də əhəmiyyətli olacağını vurğulayıb. Azərbaycandakı mövcud tolerantlıq mühitini yüksək qiymətləndirən qonaq diqqətə çatdırıb ki, səfər zamanı ölkənin bu sahədəki dəyərli təcrübəsini bir daha öyrənmək niyyətindədir. A. Kuper xüsusi qeyd edib ki, Azərbaycanın dünyaya ixrac üçün olduqca qiymətli sərvəti - tolerantlığı, multikultural dəyərləri var. Onun sözlərinə görə, ABŞ hər zaman dialoq və qarşılıqlı əməkdaşlıq tərəfdarı kimi çıxış edir və əmindir ki, bu növ səfərlər Azərbaycanla ABŞ arasında əlaqələrin inkişafına öz töhfəsini verəcək.
A. Paşazadə isə bildirib ki, ABŞ Dövlət Departamentinin hesabatları hazırlanarkən, Azərbaycanda müşahidə olunan həqiqətlər, dini icmaların real həyatları düzgün əksini tapmalıdır. Əks təqdirdə, belə hesabat sənədləri qərəzli kimi qiymətləndirilir və dindarların narazılığına səbəb olur. Daha sonra o, qonaqları maraqlandıran sualları cavablandırıb.
969 dəfə oxundu