Prezidentdən mühüm mesajlar: Cənubi Qafqazda sülh üçün unikal imkan yaranıb - ŞƏRH

Prezidentdən mühüm mesajlar:
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxış etdi. Dövlət başçısı çıxışı zamanı mühüm məsələlərə toxundu. Ölkə lideri Azərbaycanın daxili və xarici siyasət kursu, həmçinin rəsmi Bakının regional və beynəlxalq müstəvidə oynadığı rolla bağlı mühüm mesajlar verdi.

Ölkə liderinin vurğuladığı əsas məsələlərdən biri bəzi dövlətlərin Azərbaycana qarşı soyuq müharibəyə başlaması ilə bağlı idi.

“Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük”, - İlham Əliyev söyləyib.

Dövlət başçısı, həmçinin qeyd edib ki, rəsmi Bakı bu məsələ ilə bağlı qırmızı xətləri keçmir.

Öncə onu deyək ki, hazırda Qərb Azərbaycana qarşı, doğrudan da, səlib yürüşünə başlayıb. Bunun əsas səbəbi bir çox güclərin rəsmi Bakının əldə etdiyi uğurları, o cümlədən ərazi bütövlüyünü təmin etməsini qəbul etməməsidir. Təsadüfi deyil ki, 2020-ci il İkinci Qarabağ müharibəsi və 2023-cü ildəki antiterror tədbirləri nəticəsində ərazi bütövlüyünü təmin etməsindən və Cənubi Qafqazda yeni reallıqlar yaratmasından sonra ölkəmizə qarşı aqressiv münasibət gücləndi. Çünki rəsmi Bakının yaratdığı yeni reallıqlar regionda sülh və sabitliyin formalaşması üçün şərait yaradıb. Bu isə Qərbə sərf etmir. Belə ki, ABŞ, Fransa kimi imperialist güclər məhz konflikt vasitəsilə bölgədəki təsir güclərini qoruya bilərlər. Elə bununla bağlıdır ki, həmin aktorlar bütün imkanları ilə bölgənin ən zəif bəndinə - Ermənistana təsir göstərməyə çalışırlar.

Qərb gücləri Azərbaycana qarşı əsassız iddialarla çıxış edir, saxta tarix yaratmağa çalışırlar. Sözügedən aktorların bəzi addımları, o cümlədən uzun müddət Qarabağ həqiqətlərinə obyektiv yanaşmaması, rəsmi Bakıya qarşı təzyiqlərə cəhd etməsi həm də siyasi etikasızlıqdır.
Prezidentdən mühüm mesajlar:


Azərbaycan isə Prezidentin qeyd etdiyi kimi qırmızı xətləri keçmir, beynəlxalq hüquqa hörmətlə davranır. Buna baxmayaraq, Bakının Paris və Vaşinqton kimi oyunçuların bəzi riyakar addımlarına adekvat cavab verməsi onu deməyə əsas verir ki, Azərbaycan kimsənin diktəsi ilə oturub-durmur, bütün addımlarında ancaq öz maraqları kontekstindən çıxış edir.

Adı çəkilən güclərin və digərlərinin Azərbaycana qarşı qərəzli mövqeyinin daha bir nümunəsi regiondakı reallıqları qəbul etməməsi və bütün imkanları ilə Ermənistanı silahlandırmasıdır. ABŞ, Fransa, Hindistan kimi oyunçular Ermənistanı silahlandırmaqla bu dövləti revanşa və nəticə etibarı ilə bölgədə yeni qarşıdurmanın yaranmasına çalışırlar.

Ölkə lideri çıxışı zamanı bu məsələyə də toxundu. O bildirdi ki, Fransa, Hindistan və Yunanıstan Ermənistanı Azərbaycana qarşı silahlandırır: “Biz oturub gözləyə bilmərik”.
Prezidentdən mühüm mesajlar:


Həmin ölkələrin bunu açıq şəkildə həyata keçirdiklərini vurğulayan dövlətimizin başçısı qeyd edib: “Özü də onlar bunu açıq və nümayişkaranə şəkildə edirlər və hətta çalışırlar ki, bununla bizə nə isə sübuta yetirsinlər. Biz sadəcə oturub gözləyə bilmərik. Biz bu mövqeyi açıq şəkildə Ermənistan hökumətinə və bu gün onun qayğısına qalmağa çalışan tərəflərə bildirmişik. Əgər özümüzə ciddi təhdid görsək, biz ciddi tədbirlər görməli olacağıq”.

Bu, əslində nəinki İrəvana, həm də ona havadarlıq etmək istəyənlərə xəbərdarlıq idi.

Reallıq ondan ibarətdir ki, bu gün Cənubi Qafqazda sülh üçün unikal imkan yaranıb. Rəsmi Bakı özünün hərbi və diplomatik səyləri nəticəsində sülhə mane olan bütün əngəlləri aradan qaldırır. Son günlər baş verən bir sıra mühüm hadisələr, o cümlədən Qazaxın işğal altındakı 4 kəndinin Azərbaycana qaytarılması, sərhədlərin delimitasiyasının başlanması buna bariz nümunədir.

Ancaq bəzi üçüncü güclər bu prosesin qarşısını almaq istəyirlər. Bu, açıq-aydın görünür. Ermənistan isə bilməlidir ki, üçüncü güclərin “ipi ilə quyuya düşmək” müsbət nəticə verməyəcək. Bu, Ermənistanın gələcəyinin təhdid altına düşməsi deməkdir. Həm də Azərbaycanın təhlükəsizlik maraqlarının nəzərə alınmamasıdır. Əlbəttə, rəsmi Bakı buna səbirli yanaşa bilməz. O baxımdan İlham Əliyevin “Əgər özümüzə ciddi təhdid görsək, biz ciddi tədbirlər görməli olacağıq” sitatı xüsusi əhəmiyyətə malikdir.

Ermənistan vasitəsilə regionu “qan gölünə çevirmək” istəyənlər bilməlidirlər ki, bu, bumeranq effekti verəcək. Qərb dövlətlərinin Azərbaycanla münasibətlərini pozması onların özləri üçün də ziyanlıdır. Çünki tərəflər arasında həm də iqtisadi və enerji sahəsində əlaqələr var. Qərbin Azərbaycana qarşı qərəzli mövqeyi nəticəsində Fransa və ABŞ mühüm enerji tərəfdaşlarını itirə bilərlər.

Rəsmi Bakının xarici siyasət kursunda konstruktiv mövqe həmişə aparıcı yer tutur. Azərbaycan həm beynəlxalq, həm də regional ölkələrlə normal münasibətin qurulmasına və davam etməsinə çalışır. İlham Əliyev də dünən bu barədə danışdı. O söylədi ki, Azərbaycan qonşularla yaxşı və bəzən əla münasibətlər qura bilib. Bu o, deməkdir ki, rəsmi Bakının kimsənin ərazi bütövlüyündə, suveren hüquqlarında gözü yoxdur. Bakıya qarşı qərəzli mövqe sərgiləyənlər də bunu nəzərə almalıdırlar.

Məhz aparılan uğurlu xarici siyasət kursunun nəticəsidir ki, Azərbaycan bu gün həm Avropa, həm də şərqdə öz sözünü deyə bilər. Dövlət başçısının çıxışında qeyd etdiyi kimi, Azərbaycan özünü həm Avropada, həm də Şərqdə rahat hiss edir.

Bu, onu göstərir ki, rəsmi Bakı özünün diplomatiyasına inanır, ona arxalanır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
441 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...