XİN Minsk Qrupunu "inhisarçı" adlandırdı

XİN Minsk Qrupunu "inhisarçı" adlandırdı


"ATƏT-in Minsk Qrupu həmsədrlərinin 22 yanvar 2016-ci il tarixli açıqlaması ilə münaqişənin həllinə töhfə vermək niyyətində olan digər beynəlxalq təşkilatın fəaliyyətinə və həmçinin, ciddi narahatlıq doğuran məsələ ilə əlaqədar beynəlxalq təsisata müraciət etmiş dövlətin suveren hüquqlarına müdaxiləsi MQ-nin həmsədrlərinin vasitəçilik səylərinin dürüstlüyünü, onlara olan inam və etimadı sual altına qoyur".

Virtualaz.org bildirir ki,bunu XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ATƏT-in Minsk Qrupu həmsədrlərinin 22 yanvar 2016-ci il tarixli bəyanatına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindəki vəziyyət ilə əlaqədar Avropa Şurası Parlament Assambleyasının müvafiq komitələrinin hazırladığı hesabatları və AŞPA-nın qış sessiyasında qəbul edilməsi gözlənilən qətnamələrinə dair mövqeyi ilə bağlı Xarici İşlər Nazirliyinin münasibəti 10 noyabr 2015-ci il tarixli bəyanatda ifadə olunub.

XİN rəsmisi qeyd edib ki, Minsk Qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurası tərəfindən verilən mandatı hələ də doğrultmayıb və 20 ildən artıq bir dövr ərzində münaqişənin həllində heç bir irəliləyiş əldə olunmayıb: "Belə ki, Azərbaycan Respublikasının ərazilərinin Ermənistan tərəfindən hərbi işğalı davam edir, qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması mümkün olmayib. Bunun da əsas səbəbi ATƏT-in Minsk Qrupunun Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının davam etməsinə münasibətdə nümayiş etdirdiyi barışdırıcı mövqeyidir.

Minsk Qrupu həmsədrlərinin danışıqlar prosesinin inhisarçısı qismində çıxış etməyə heç bir əsası yoxdur. Mandatına uyğun olaraq, həmsədrlər münaqişənin həlli prosesində BMT Təhlükəsizlik Şurasının 822(1993), 853(1993), 874(1993), 884(1993) qətnamələrinin tələblərini, eləcə də digər beynəlxalq təsisatların sənədlərini nəzərə almalıdırlar".

H. Hacıyevin fikrincə, Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət ilə əlaqədar Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının gündəliyinə çıxarılacaq qətnamələrə münasibətdə Ermənistanın təşviş içərisində olması rəsmi Yerevanın münaqişənin həllinə dair beynəlxalq ictimaiyyətin ədalətli və haqlı mövqeyindən nə dərəcədə qorxmasının daha bir göstəricisidir: "Bu hal bir daha sübut edir ki, Ermənistanın məqsədi ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə danışıqların davam etməsi imitasiyasının yaradılması ilə işğal və təcavüzə əsaslanan mövcud status-kvonun saxlanmasından ibarətdir.

Azərbaycan Respublikası beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalının nəticələrinin aradan qaldırılması və regionda davamlı sülh və sabitliyin bərpa olunması istiqamətində bütün beynəlxalq təsisatların xoşməramlı fəaliyyətini və töhfəsini təqdir edir. Azərbaycan bu istiqamətdə bütün müqabil beynəlxalq təşkilatlarda fəaliyyətini davam etdirəcəkdir".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
992 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...