Qafqazda yeni İran-Rusiya savaşı başlayır? ANALİZ

Qafqazda yeni İran-Rusiya savaşı başlayır?


"Sanksiyaların götürülməsindən sonra İranın təsir imkanlarını Cənubi Qafqaz, Xəzər dənizi, hətta Orta Asiyaya qədər genişləndirəcəyi ehtimalları Rusiyanı narahat edir"

GUNDEMİNFO.AZ publika.az-a istinadən bildirir ki, bu barədə "Russia-direct" analitik saytı yazıb.

Sayt qeyd edir ki, Kreml İranın nüvə proqramı ilə bağlı razılaşmaya isti yanaşdı: "Uzun müddət davam edən nüvə qarşıdurması və Suriya müharibəsi Rusiya ilə İranı bir-birinə yaxınlaşdırdı. Suriyada Əsədə verdikləri ortaq dəstək dünya ictimaiyyəti tərəfindən Tehran-Moskva ittifaqı kimi təqdim olundu. Suriya məsələsini çıxsaq, bəzi məsələlərdə tərəflər qarşı-qarşıyadır. Misal üçün, Suriyadan fərqli olaraq Tehran və Moskva Yəməndə toqquşurlar, həmçinin, bir çox məqamlarda da bu toqquşmalar davam edir. Hazırda güclənən İran 2006-cı ildən başlayaraq Avrasiyada itirdiyi gücü yenidən qazanmağa çalışacaq. Kreml isə xüsusilə cənub sərhədlərini təşkil edən Cənubi Qafqaz, Xəzər dənizi və Orta Asiyada İranın gözlənilən siyasətindən narahatdır".

Cənubi Qafqaz: Qarabağda müharibə gözləntiləri və İran-Rusiya qarşıdurması

Məqalədə bildirilir ki, Rusiya Azərbaycan, Gürcüstan və Ermənistanın yerləşdiyi Cənubi Qafqazı öz təsir dairəsində olan bölgə kimi qəbul edir: "2008-ci ildə Moskvanın Tiflislə müharibə aparması da bu yanaşmanın nümunəsi idi. Rusiya həmçinin, Ermənistan və Azərbaycanı silahlandıraraq bu iki ölkəni bir-birinə qarşı müharibəyə sövq edir. Moskvanın Cənubi Qafqaza yanaşması, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibəti İranla tamamilə kəsişir. Dağlıq Qarabağ İranın şimal sərhədində mövcud olan qaynaq bir nöqtədir. İran Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ üzərində başlaya biləcək müharibənin ona da sıçrayacağından narahatdır. Buna görə də İran Rusiyanın Cənubi Qafqazda hakim olmasını qəbul etmir. Hesab etmək olar ki, İran Azərbaycanla Ermənistan arasındakı münaqişəni həll etmək üçün vasitəçilik missiyasını Rusiyanın əlindən ala bilər".

Xəzər dənizi: təhlükəli sularda kimlər üzür?

Sayt yazır ki, SSRİ dağılandan sonra Rusiya və İran Xəzər dənizini öz xeyirlərinə uyğun bölmək üçün müxtəlif addımlar atdı: "Şübhəsiz, bunun arxasındakı əsl səbəb təbii sərvətlərdir. İki ölkə Xəzərin ucsuz-bucaqsız neft ehtiyatlarını necə bölmək üzərində razılığa gələ bilmədilər. Bu da dənizin sürətlə hərbiləşməsinə səbəb oldu. Hazırda Rusiya Xəzərdə ən güclü donanmaya sahibdir, İran isə gücünü ona çatdırmağa çalışır. Əvvəllər dənizdə əsasən kiçik həcmli raket və mühafizə gəmiləri üzürdüsə, ötən ilin oktyabrında Rusiya Xəzərdən Suriyaya raket atmaqla vəziyyəti dəyişdirdi. Xəzərdən atılan raketlərin 26-sı İran üzərindən keçdi. Bundan İranın xəbəri olsa da, yenə də ciddi mesaj kimi qəbul olunmalıdır. Digər tərəfdən, 5 Xəzəryanı ölkə dənizin statusu ilə bağlı ortaq məxrəcə gələ bilməyiblər".

Orta Asiya: İran Rusiyadan sonra Çinlə üz-üzə

Məqalədə bildirilir ki, İranın Orta Asiya ilə mədəni və siyasi bağları güclü olsa da, son 10 ildə siyasi təsirlərini maliyyə olaraq dəstəkləyə bilmədiyi üçün bölgəni itirib.

"İranın bölgədə buraxdığı boşluğu Çinin doldurması Moskvanı və Tehranı narahat etməyə bilməz. İndi İran bölgədəki fəaliyyətini sürətləndirəcək. Ötən il özbək, türkmən və iranlı rəsmilərin keçirdiyi görüşlərin qarşıdakı dövrdə də davam edəcəyi görünür. İran Orta Asiya neftini Rusiyadan yan keçməklə Avropaya daşınması üçün Türkmənistana ən qısa yol təklif edir. Aşqabad da buna isti yanaşır. Digər tərəfdən, İran Orta Asiya ölkələrinə Körfəz və Şimali Afrikanın qapılarını aça bilər. Rusiya İranın Orta Asiyada genişlənməsindən xoşlanmasa da, buna müqavimət göstərəcək kimi görünmür. Lakin bölgədə İranın qarşısına Çin kartını çıxaracağı gözlənilir", - deyə "Russia-direct" yazıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
958 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...