ABŞ-dan ATƏT-in iki hesabatına fərqli münasibət: onlarda qeyri-ciddi, bizdə ciddi hesabat? - TƏHLİL

ABŞ-dan ATƏT-in iki hesabatına fərqli münasibət:
Azərbaycanda fevralın 7-də keçirilən növbədənkənar prezident seçkiləri başa çatandan sonra seçkini izləyən müşahidə missiyaları rəylərini açıqladılar. Ölkədə seçkini müşahidə edən 72 missiyadan yalnız birinin rəyində tənqidlər var idi.

Seçki prosesində exit-poll həyata keçirən ABŞ-nin “Oracle Advisory Group” təşkilatı şirkəti seçici aktivliyini xüsusi vurğulayıb, rəyi soruşulanların 93.09 faizinin İlham Əliyevə səs verdiyini açıqladı.

Şirkətin nümayəndəsi bildirdi ki, ABŞ da 330 milyon əhali arasında yalnız 100000 nəfərinin rəyi arasında exit poll müəyyən edilir. On milyon əhalisi olan Azərbaycanda isə 63 000 nəfərin rəyi əsasında exit-poll nəticəsi müəyyən olunub.

Qeyd etdiyimiz kimi seçkiləri müşahidə etmək üçün ölkəmizə gəlmiş 72 missiyadan biri olan ATƏT-in Demokratik Təsisat və İnsan Haqları Bürosunun (DTİHB) hesabatı ənənəvi idi.

ATƏT DTİHB-nın seçki dəyərləndirməsində seçici aktivliyini qeyd etsə də, ötən seçkilərdən eşitdiyimiz dəyişməyən mətnini oxuyub getdi. ATƏT DTİHB-in son seçkilərlə bağlı mövqüyi gözlənilən olsa da, ABŞ-ın Azərbaycandakı səfirliyinin həmin hesabatda yer alan müşahidə və narahatlıqlarını bölüşdüklərini açıqlaması, ATƏT-in DTİHB-nin əvvəlki və gələcək tövsiyələrini yerinə yetirməyə çağırışı təəccübləndirdi.

Bu təəccübə səbəb isə rəsmi Vaşinqtonun ATƏT-in Demokratik Təsisat və İnsan Haqları Bürosunun 2020-ci ilin noyabrında ABŞ-da keçirilən prezident seçkiləri ilə bağlı dəyərləndirməsinə məhəl qoymaması, tövsiyələrini nəzərə almaması, amma ATƏT-in Azərbaycandakı seçkilərlə bağlı tövsiyələrini canfəşanlıqla dəstəkləməsi ilə bağlı idi. Halbuki, ATƏT-in ABŞ və Azərbaycandakı seçki dəyərləndirməsi arasında oxşar məqamlar, bəzi hallarda isə eyni formulların təkrarlanması halları var idi.

Hətta, müqayisə etsək, ATƏT-in ABŞ-da 2020-ci ilin noyabrında keçirilən seçkilərlə bağlı hesabatı öz kəskinliyi ilə daha çox seçilir. ATƏT ABŞ-ın seçki prosesi ilə bağlı çox ciddi iradlar bildirmişdi. 2021-ci ilin fevralın 9-da Polşa paytaxtı Varşavada təqdim olunan hesabatda ABŞ-da seçkilərinin keçirilməsini təkmilləşdirmək və ölkənin ATƏT öhdəliklərinə və demokratik seçkilərlə bağlı digər beynəlxalq öhdəliklərə və standartlara uyğunlaşdırılması səylərini dəstəkləmək üçün 38 tövsiyə verilmişdi.

Həmin tövsiyələr arasında birinci yerdə ölkədə seçki prosesinin onurğasını təşkil edən və mahiyyət etibarilə qeyri-demokratik xarakter daşıyan Seçicilər Kollegiyası sisteminin səslərin bərabərliyi prinsipinə əsaslanaraq dəyişdirilməsi ilə bağlı idi. Çünki ABŞ ABŞ Prezidenti və vitse-prezidentinin seçilməsi zamanı seçicilər birbaşa onlara səs vermir, öz ştatlarından olan xüsusi nümayəndələri seçirlər. Seçicilər Kollegiyasının əsasını təşkil edən həmin xüsusi nümayəndələr isə sonra Prezidentin seçilməsində başlıca rol oynayırlar. Yəni, başqa sözlə, ABŞ-da Seçicilər Kollegiyasında qalib gələn namizəd ölkə ərazisində seçicilərin ən çox səs toplamadığı namizəd olsa belə, prezident seçilə bilər. Bu paradoksal seçki sistemi 1876, 1888,2000 və 2016-cı illərdə seçicilərin səsinin az hissəsini, lakin Seçicilər Kollegiyasının səs çoxluğunu qazanan namizədlərin ABŞ prezidenti seçilməsi ilə nəticələnib.

Beləliklə, ABŞ-da seçkilərdə “bir nəfər, bir səs” prinsipi pozulur, prezidentin seçilməsi məhdud sayda insanın iradəsi ilə həyata keçirilir.

ATƏT DTİHB-in qalan 37 tövsiyəsi isə ayrı-seçkilik yarada biləcək hüquqi dəyişikliklərin qarşısını almaq üçün təminatlar tətbiq etmək, cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin cəzasını çəkdikdən sonra səsvermə hüquqlarının bərpa olunmasını təmin etmək, qeydiyyatsız qalan seçicilərin sayının azaltmaq, federal səviyyədə əsas seçki prosedurları üçün əsas qaydalar yaratmaq, beynəlxalq və mülki müşahidəçilərin seçki prosesinin bütün mərhələlərinə çıxışının təmin etmək və s. daxil idi.

Bundan başqa, müşahidə missiyası hökumət rəsmilərindən, siyasi partiyalardan, onların namizədlərindən və tərəfdarlarından qızışdırıcı və ya ayrı-seçkilik xarakterli ritorikadan çəkinməyi xahiş edib. Həmçinin, ATƏT müşahidəçilərinin fikrincə, ABŞ səsvermə hüquqlarını daha effektiv qorumaq və təşviq etmək üçün BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyasını və Əlillərin Hüquqları haqqında Konvensiyanı ratifikasiya etməlidir.

Ümumilikdə, ATƏT-in hesabatında ABŞ-dakı seçki kampaniyası siyasi müzakirələrə kölgə salan və sistematik saxtakarlığa dair əsassız iddiaları özündə əks etdirən dərin siyasi qütbləşmə ilə xarakterizə olunur, seçkilərdə böyük hüquqi-qeyri müəyyənliyin, arqessiv seçki ritorikasının hakim olduğunu qeyd edilir.

“DTİHB seçki prosesini daha da təkmilləşdirmək və bu və əvvəlki hesabatlarda yer alan tövsiyələri yerinə yetirmək üçün hakimiyyət orqanlarına kömək etməyə hazırdır”, - deyə təşkilat ABŞ-a çağırış da etmişdi.

Amma nədənsə, Azərbaycana ATƏT-in tövsiyələrini icra etməyə çağırış edən ABŞ özü ötən müddət ərzində ATƏT-in 38 tövsiyəsindən heç birini icra etməyib və 2024-cü il seçkilərinə də ötən seçkilərdəki sistemlə gedəcək.

Məntiqli sual yaranır - əgər ABŞ diplomatları ATƏT-in tövsiyələrinə belə önəm verirsə, onda niyə 2020-ci il seçkiləri ilə bağlı qeyd olunan çağırışlara əməl etməyib? Çünki həmin hesabatda xüsusilə vurğulanır ki, ATƏT-in əvvəlki hesabatlarında yer almış tövsiyələr yerinə yetirilməyib. Yox, əgər ABŞ diplomatları ATƏT DTİHB-in hesabatına qeyri-ciddi yanaşırlarsa, tövsiyələri gələcək seçkilərdə nəzərə almırlarsa, onda hansı əsasla eyni tövsiyələrin digər ölkələr, konkret olaraq Azərbaycan tərəfindən nəzərə alınmasını, icrasını istəyirlər?

Belə olan halda, Azərbaycan səfirliyi də tam mənəvi və hüquqi haqla ABŞ-dakı seçkilərdən sonra ATƏT DTİHB və digər beynəlxalq təşkilatların tövsiyələrini icra etməyə, seçki prosesini təkmilləşdirməyə çağırış edə bilər.

Azərbaycanın ATƏT-dəki nümayəndəsi isə asanlıqla Amerika hökumətinin ATƏT-in həmin reportunda göstərilənlərə əməl etməməsi ilə bağlı məsələ qaldıra bilər.

Azərbaycanlı nümayəndələr isə ATƏT-in müşahidə missiyası çərçivəsində Amerikada keçirilən seçkilərdə iştirak edə, lupa ilə nöqsanlar axtarmağa başlaya bilərlər. Nöqsanların tapılacağı isə şübhəsizdir.

Digər tərəfdən, bəlkə Azərbaycan da ABŞ-ın QHT-lərini qanunsuz yolla maliyyələşdirərək onlara neqativləri toplamaq tapşırıqları versin? ABŞ zatən bütün dünyada bu praktikanı həyata keçirir. Əmin olmaq olar ki, ABŞ-dakı QHT-lər böyük canfəşanlıqla bu prosesə qoşular və demokratiyanın beşiyində vəziyyətin idealdan çox uzaq olduğunu nümayiş etdirər.

Nəhayət, bəlkə Azərbaycan da feyk informasiya resursu yaradıb Amerikanın informasiya məkanında açıq təxribatlarla məşğul olsun? Bu təklifə də böyük həvəslə qoşulacaq KİV nümayəndələrinin olacağına heç kəsin şübhəsi olmasın.

Təbii ki, Azərbaycan bunları edən deyil. ABŞ-dan fərqli olaraq, Azərbaycan “çirkli priyom”lar tətbiq etməkdən, digər ölkələrin daxili işlərinə, əhalinin seçim iradəsinə qarışmaqdan uzaqdır.

Amma məntiq deyir ki, özünə layiq bilmədiyini, başqasından tələb etmə!



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
430 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...