"Belə iyrənclikləri ortaya atanları olmayan vicdanlarına və Allaha tapşırıram"
“Sosial mediada, bəzi KİV-lərdə oğlum barədə dərc olunan yazılar tamam böhtan xarakterlidir. Bütün bunlar ancaq qərəzdən irəli gəlir”.
Bu sözləri Modern.az saytına açıqlamasında deputat İmamverdi İsmayılov oğlu İlkin İsmayılovun adının Qubadakı “Retro” istirahət mərkəzində qətlə yetirilən Könül Zalova ilə yanaşı hallandırılmasına münasibət bildirərkən deyib.
Deputat qeyd edib ki, ona əli çatmayan bəzi şəxslər mətbuatda oğluna qarşı məqsədli və davamlı şəkildə kampaniya aparırlar: “Bu, böhtan, yalan, çirkin dolu, heç bir əxlaqa, mənəviyyata sığmayan kampaniyadır. Dəfələrlə belə şərəfsiz, ləyaqətsiz addımlar atıblar. Ancaq hər dəfə də məlum olub ki, bunlar şər,böhtanla məşğuldurlar, yazdırdıqlarının heç biri sübuta yetməyib.
Mən bu xəbis, paxıl, gözügötürməzlərin və mənə əli çatmayanların kimliyini yaxşı bilirəm.
Hesab edirəm ki, bundan böyük şərəfsizlik, mənəviyyatsızlıq yoxdur. Ailəni, övladı belə məsələlərə qatmaq insan üçün ən sonuncu yoldur. Buyurusunlar yazdırdıqlarını sübut etsinlər. Edə də bilməyəcəklər, çünki şər, böhtandır.
Onları belə alçaq əməllərə son qoymağa dəvət edirəm. Belə iyrənclikləri ortaya atanları olmayan vicdanlarına və Allaha tapşırıram.
Heç bir fakta söykənməyən, əsassız, sifarişli məlumatların mediada yer alması jurnalistikamıza xəyanədir və mən jurnalist dostları belə çirkin kampaniyalara qatılmamağa çağırıram”.
1571 dəfə oxundu