Zahid Orucdan sensasion açıqlama: "Total hücumlar qarşısındayıq"

Zahid Orucdan sensasion açıqlama:
3 il əvvəl Birləşmiş Millətlər Təşkilatının, indi isə Ümumdünya İnsan hüquqları bəyannəməsinin 75-ci ildönümü qlobal sarsıntılar və böhranlar şəraitində keçir. Hər bir insanın-vətəndaşın hüquqlarının olması üçün o azad, milli və müstəqil ölkədə yaşamalıdır. Suveren ölkədə insanların dinc və təhlükəsiz şəraitdə yaşaması, firavan həyatı, sosial rifahı və hüquqları dövlət tərəfindən qorunur. Xalqımız əsrlər boyu milli azadlığa və müstəqilliyə can atıb. Ulu öndər Heydər Əliyev ötən yüzilliyin sonunda Azərbaycan xalqının xilas edərək bu fundamental haqqı gerçəkliyə çevirdi.
Bakupost.az xəbər verir ki, bu sözləri millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin idarə Heyətinin sədri Zahid Oruc Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunmuş “Qlobal və milli çağırışların həlli üçün universallığın və bölünməzliyin təşviqi” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
O bildirib ki, XXI yüzillikdə insan hüquqları yalnız hüquq və təkcə insan məsələsi deyil:
Onu müxtəlif quruluş və mənafelərə alət ediblər. Cəmi 20-30 il əvvəl bir çoxları XXI yüzili insan hüquqlarının Zəfər əsri kimi təsəvvür edirdi. Lakin bu arzular tamamilə əksinə çevrildi. XX əsrin 60-cı illərində bir çox müstəmləkələrin Qərbi Avropa dövlətlərindən azad olması, ABŞ-da irqi-ayrı seçkilik hallarına qarşı aparılan inqilaba Ali Məhkəmənin ”başçılıq” etməsi dönüş yaratsa da, “soyuq müharibə” ideoloji qarşıdurmanı gücləndirdiyi üçün Bəyannamənin əvvəlki yubiley və ildönümüləri də qanlı müharibələr şəraitində keçdi.
Bəli, Deklarasiyanın qəbul edildiyi 1948-ci ili unutmaq olmaz. O vaxt bəşər tarixində qanlı, 2-ci dünya müharibəsinin sona çatmasından 3 il keçirdi. Nəinki insan hüquqlarının, ümumiyyətlə insanın üstündən xətt çəkən faşizm üzərində Nürnberq məhkəməsindən isə 2 il ötmüşdü. Beləliklə, son 75 ildə dünya siyasi xəritəsi köklü şəkildə yenidən cızılıb.
Bəyannamə ilk növbədə fundamental insan hüquqlarının ən ağır şəkildə pozulmasına, müharibə cinayətlərinin təkrar olunmamasına reaksiya kimi ərsəyə gəlmişdi. O gələcəkdə də, ilk baxışda qanunla seçilmiş bir hakimiyyətin çoxluq, əksəriyyət adından insanlığa qarşı cinayətini aradan qaldırılmaq istəyilə meydana çıxdı. İndi dünya birliyi Bəyannamənin ildönümündə belə onun yaranmasının əsas səbəblərini unudur, əksinə canlı yayımlarda gedən müharibələr gündəlik əyləncəyə çevrilib. Bu gün, Avropanın bir hissəsində Rusiya və Ukrayna, eləcə də Yaxın Şərqdə dəhşətli, milyonlarla insana fəlakət gətirən müharibələr Bəyannamənin qəbulunun əsas səbəblərinə tam biganəliyin nəticəsidir. Söhbət 1-2 nəfərin deyil, milyonlarla, on milyonlarla insanın taleyindən gedir. Göründüyü kimi, insan hüquqlarının müdafiəsi adı altında dünyanın yenidən bölgüsü, geosiyasi maraqların savaşı gedir. Hüquq hazırda ən çox devalvasiyaya uğrayan məfhumdur.
Müstəqillik tarixində torpaqların işğalı, ərazi bütövlüyünün pozulması bütün səviyyələrdə xalqımızın və beynəlxalq hüququn natamamlığı idi. Vətən müharibəsi İnsan Hüquqları Bəyannəməsinin 75-ci ildönümünə ən böyük töhfə oldu, çünki Azərbaycan xalqı prezident İlham Əliyevin rəhbərliyi ilə nəinki bir milyon köçkünün, eləcə də, regionda və dünyada ədaləti təcəssüm etdirən parlaq Zəfər qazandı. İndi Böyük Qayıdış konstitsuion haqlarına qovuşmağın təntənəsidir. Beləliklə, regionda və dünyada formalaşan yeni reallığın-insan haqlarının təminatıının fərqli nümunəsi yaranıb".
Millət vəkili vurğulayıb ki, ölkəmizin suverenliyinin Xankəndi zirvəsindən sonra Amerika, Kanada, AB-nin çoxluğu, xüsusən də Fransa və Almaniya, onların əlaltı dövlətləri necə ikiüzlü və məkrli siyasət aparır, açıq şəkildə bölgənin təhlükəsizliyinə zərbə vurur, fərdin hüququnu qorumaq adı altında millətlərin haqlarını məhv etmək üçün aqressiv addımlar atırlar:
"Bəli, hər gün total hücumlar qarşısındayıq. Sual olunur-nədən qurucu atalar sayılan cefersonların, vaşinqtonların bəyan etdikləri azadlıq hüququ-doğma torpaqlarda yaşamaq haqqımız Konqres binalarında, Bundestaq və Senat salonlarında süngü ilə qarşılanır? Qərbin öz dəyələrini necə ayaq altına ataraq, hüquqlar üzərində geosiyasət, iqtisadi sümürgənlik apardığını hamı görür, böyük hərbi yürüşlərin insan hüquqlarını qorumaq adı altında həyata keçirildiyi, arzuolunmaz rejimlərin devrildiyi və milli dövlətçiliklərin məhv edildiyinin şahidi olur.
Bir neçə il öncə aparıcı Qərb mediasının əsas hədəfində olan Qəzzafinin 70 milyardlıq sərvəti, yaxud Bin Əlinin Avropa Banklarındakı pulları indi adları çəkilən şəxslərin vətənində əsil xaos yaradılandan sonra tam unudulub və milyonlarla insanın kütləvi faciəsi televizya ekranlarından silinib.
Biz Deklarasiyanın 75-ci ildönümü qeyd edən hər bir dövlətdən soruşuruq-son 3 ilədək adı 82 milyonluq dünya qaçqın siyasında olan azərbaycanlıların öz milli hüqularını qan və can bahasına qazanmasını alqışlayırsızmı? Əgər cavabınız müsbətdirsə, elə isə harada vermisiniz o dəstək bəyanatlarını və təbrik mesajlarını? Dağılan 100 minlərlə evdən birinin bərpasını, ayrıca kəndin və yaşayış məntəqəsinin tikintisini öz üzərinə götürməyən BMT Təhülkəsizlik Şurası üzvlərinin 10 dekabrda dünyaya səslənməyə ixtiyarı varmı?
Vaxtilə Corc Buş rəngli inqilabın ardınca Gürcüstan paytaxtına gəlmişdi, lakin əfqan xalqı ilə görüşə getmədi, əvəzində Tbilisidə bir küçə adı qazandı, indi sovet mirasını silib demokratik dövlət quran Mixail Saakaşvili həbsxanada can savaşı verir və öz haqqını qorumaq üçün onu qızılgüllə silahlandıran dövlətlərdən heç bir yardım almır.
Cəbrayılın, Füzulinin, Ağdamın bir kəndini Birləşmiş Ştatlar öz üzərinə götürsə, xalqımız onun xeyirxahlığını əbədiləşdirər, şərəfinə abidə qoyar.
Siz bir Avropa dövlətinin Qarabağın quruculuğu üçün beynəlxalq donor konfransı təşəbbüsünü gördünüzmü? Halbuki ölkəmizin də humanitar dəstək verdiyi Ukraynaya qarşı düşmən saydıqları Rusiyanın məğlubiyyəti üçün 232 milyard dollar xərcləyiblər. Bəs millətimizin suverenlik və bütövlük savaşına ABŞ, Fransa və Almaniyanın hansı hərbi-maliyyə dəstəyi olub? Bəlkə, torpaq bütünlüyü müstəsna dövlətlərin sərəncamındadır? Yoxsa, Yer üzü vahid deyil?! Bəlkə Azərbaycanda 100-lərlə “seçilmiş adam”ın hüququnu avroparlamentlərdə, yaxud konqreslərdə istismar edənlər üçün köçkünlərin qayıdış hüququ 907-ci məsələdir?
Bəli, 21-ci əsrin tək qalib xalqı-azərbaycanlılara qarşı total kampaniya gedir. Kanada, Çexiya, İspaniya, Lüksemburq və əvvəllər neytrallıq saxlayan bir çox irili-xirdali ölkə Qafqazı xəritədə göstərməkdə çətinlik çəkən öz vecsiz hakimiyyətlərinin hər addımda anti-Azərbaycan qərarını görür. Belə çıxır ki, suverenlik biriləri üçün toxunulmazlıq, digərləri üçün cəzadır. Məgər, Azərbaycan və onun lideri dünyada ədaləti təmin etdiyi üçün ən yüksək mükafata layiq deyilmi? Sovetlər Birliyinin rəhbərlərinə etiraz üçün meydanlara çıxan azərbaycanlıları ‘Time’ jurnalı “ilin xalqı” seçib ideoloji düşmən saydığı quruluşun dağılmasına dəstək vermişdi, indi işğala son qoyan bir milləti 21-ci əsrin hələ ki, tək və bir nömrəlisi elan etməyə kim mane olur?
Minaya düşən 300-dən artıq insanın, 100 minlərlə vətəndaşımızın qayıdışını illərlə əngəlləyən işğal mirasının əleyhinə 908-ci, 909-cu akt, yaxud, Senat qətnamələri həsr etməyən Human Rights Watch-un BMT-də təmsilçisi Lui Şarbonno görün nə deyir, sitat:” biz bu problem haqqında hər hansı araşdırma aparılmadığından, məlumatlı deyilik. Yoldaşlarımızdan soruşacağıq”. Bəli, Azərbaycanın 7 bölgəsində minlərlə insanı məhv etmək gücünə malik mina terrorundan hüquq etalonu üzrə beynəlxalq təşkilat rəsmisinin xəbəri yoxdur, elə isə Azərbaycanın “azadlıq indeksi”ni necə çıxarırlar?
Gerçəkdənmi ölkəmizdə insan, mətbuat, söz, internet hüquqları dünyada sondan bir əvvəl gəlir? Əsla, xeyr. Ölkəmizdə bu sahədə problemlər əsla inkar edilmir. Lakin reytinq cədvəlləri ayrıca hüquqi və siyasi istismardır. Ona görə milli təhlükəsizliyi demokratiyadan önə qoyan Azərbaycan qalib gəldi. Beynəlxalq hesabatlarda iddia olunan “azad olmayan xalq” öz torpaqlarının xilası üçün onu ‘əzən bir dövlətlə” yumruq kimi birləşə bilməzdi. Vətən müharibəsi millətimizin ali hüquq savaşı idi və Qələbəmiz istənilən beynəlxalq indeksdən qat-qat yüksəklikdə dayanır. 8 noyabr Zəfəri 21-ci əsrin yeni Ümumdünya İnsan haqları Bəyannəməsidir və qoy bütün dünya bunu qəbul etsin!"



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
516 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...