Dünyada yeni müharibə təhlükəsi və Türkiyənin sülh cəhdləri - ŞƏRH

Dünyada yeni müharibə təhlükəsi və Türkiyənin sülh cəhdləri -
Üçüncü Dünya müharibəsinin baş vermə ehtimalı son günlər ən çox müzakirə olunan məsələlərdən biridir. Ekspert, siyasətçi, mediadan tutmuş hökumət, dövlət başçıları, hətta Roma Papasına kimi ən müxtəlif ranqda olan şəxslər bundan narahatlığını dilə gətirir, xəbərdarlıq edirlər. Məsələ ondadır ki, hər ötən gün xəbərdarlıqlarla yanaşı, müxtəlif ssenarilər, variantlar ortaya atılır. Ayrı-ayrı regionlarda, o cümlədən Şərqi Avropa və Yaxın Şərqdəki müharibə də bu ehtimalları artırır.

Fərqli bölgələrdə döyüşən iki tərəf olsa da, əslində proseslərdə maraqlı olan daha çox aktor var. Məsələn, Şərqi Avropada savaş faktiki olaraq Rusiya ilə Ukrayna arasında gedir. Yaxın Şərqdə isə HƏMAS-la İsrail döyüşür. Amma ABŞ, Fransa, İran və digər oyunçuların bu proseslərdə öz maraqları var. Onlar hələlik “səhnə arxasında” qalmağa, “dirijorluq” etməyə çalışsalar da, bu, müvəqqətidir. Həmin aktorlar gec-tez prosesə birbaşa qoşulmalı olacaq. Həqiqətən də, Şərqi Avropadakı müharibənin ilk vaxtlarında ABŞ Ukraynanı daha az dəstəkləyirdi, daha doğrusu, elə fon yaradırdı ki, guya müharibəni aparan ancaq Kiyevlə Moskvadır. Sonradan Vaşinqton maraqlarını gizlədə bilmədi. Eyni ssenarinin Yaxın Şərqdə də təkrarlanması gözləniləndir. Bu isə gələcəkdə Üçüncü Dünya müharibəsi üçün zəmin ola bilər.


Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş noyabrın 6-da Karadeniz Texniki Universitetinin yeni tədris ilinin açılışında çıxışı zamanı bir daha mümkün müharibə barədə danışıb. O bildirib ki, dünyada fövqəladə hadisələr baş verir, ciddi böhranlar yaşanır. N. Kurtulmuşun çıxışında diqqətçəkən ən mühüm məqam rəsmi Ankaranın Üçüncü Dünya müharibəsinin başlanmasının qarşısının alınmasına çalışması barədə idi. Türkiyə bunu bacararmı? Öncə onu deyək ki, Türkiyənin fərqli müharibələrlə bağlı mövqeyi bu dövlətin ABŞ-dən fərqli olaraq Üçüncü Dünya müharibəsində maraqlı olmadığını göstərir. Çünki qardaş ölkə alova odun atmır, əksinə, söndürməyə çalışır. Bunu Türkiyənin Şərqi Avropadakı vəziyyətlə bağlı mövqeyi də sübut edir. Ankara müharibənin ilk günündən etibarən həm Kiyev, həm də Moskva ilə danışıqları davam etdirir, bu dövlətləri dialoqa çağırır. Bunu Türkiyədən başqa edən varmı? Yox. Cənubi Qafqazda “suların durulmasında” da Ankaranın mühüm roL oynadığını yada salmaq kifayət edir.


Bəlkə də, bir az qəribə səslənəcək, amma Türkiyə həqiqətən də, hər gün daha çox yaxınlaşan növbəti dünya müharibəsinin qarşısını ala bilər. Çünki Ankara qlobal qütbləşmə prosesində iştirak etmir. Əksinə, böyük güclərin hər biri ilə, o cümlədən Rusiya, ABŞ, Fransa və İranla münasibətini davam etdirir, balanslı siyasət yeridir. Türkiyənin balanslı xarici siyasət kursu bu dövlətin beynəlxalq vasitəçilik missiyasına imkan yaradır. Amma nəzərə almaq lazımdır ki, bu, təkcə Türkiyənin səyləri nəticəsində mümkün olan məsələ deyil. Necə deyərlər, tanqo iki nəfərlə oynanılır. İndi iki tərəfin də yox, daha çox iştirakçının səylərinə ehtiyac var. Yəni böyük dövlətlərdən sadəcə birinin və ya bir neçəsinin Türkiyənin səylərini dəstəkləməsi ilə vəziyyət dəyişməyəcək. Gərək bütün aktorlar bunu eləsin, böyük fəlakət ssenarisi üzərində qurulan ambisiyalarından əl çəksinlər.


Onu da nəzərə almaq lazımdır ki, qardaş ölkənin vasitəçilik məsələsində xeyli təcrübəsi var. Amma indi Türkiyəni daha böyük sınaq gözləyir. Sözsüz ki, bu dəfə daha çətin olacaq.

Rəsmi Ankara müxtəlif səviyyələrdə apardığı görüşlər, danışıqlarla əslində bu və ya digər formada Üçüncü Dünya müharibəsinin qarşısını almağa çalışır. Türkiyə bunu bacarsa, o zaman yüzilliyinə yaxşı mənada möhür vuracaq. Amma dediyimiz kimi, gərək dünya gücləri “daşı ətəklərindən töksünlər”. Əks halda itirən dünya olacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
656 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...