"Səs-küy salan sosial şəbəkə istifadəçiləridir" - Aqil Abbas
Ağcabədidə iş və ucuzluq istəyən əhalinin etirazlarına cavab olaraq yanvarın 15-də İcra Hakimiyyətində görüş keçirilib. Görüşdə yazıçı, həmin bölgənin deputatı Aqil Abbas da iştirak edib. Görüşün yekunları ilə bağlı “Azadlıq” radiosunun suallarını cavablandıran deputat rayondakı işsizliklə bağlı “Dövlət qulluq vermirsə, sənə torpaq verir. Get orda soğan ək, ailəni saxla. Məsəl üçün deyirəm ha, bunu. Mən də istəyərəm hamı işlə təmin olunsun. İşsizlik problemi ölkədə var, bunu kimsə danarsa, axmaq adam olar”,-deyə Aqil Abbas bildirib.
Deputatın “soğan ək, ailəni saxla” ifadəsi birmənlı qarşılanmadığından, bu, ona qarşı bəzi hücumlara rəvac verib. Sosial şəbəkə istifadəçiləri artıq neçə gündür Aqil Abbasın sözlərini müzakirə edir. Ona ironiya ilə yanaşanlar da var, müdafiə edənlər də...
Bəzi Facebook istifadəçiləri isə deputatın soğan satan yerdə kollajını hazılayıb və sosial şəbəkədə paylaşıblar.
Aqil Abbas Modern.az saytına danışarkən məsələyə konkret münasibət bildirmək istəməsə də, seçicilərinin ona etimad göstərdiyini vurğulayıb: “Bu da mənə bəsdir. Mən vətəndaşlarla görüş zamanı onların hər hansı narazılığı ilə qarşılaşmadım. Narazılıq, səs-küy salan sosial şəbəkə istifadəçiləridir. Mən konkret olaraq həmin adamlara cavab verməyəcəm. Mən işimi görürəm. Kim nə istəyir danışsın”.
1073 dəfə oxundu