Azərbaycanda kişilərin 85,1, qadınların isə 76,7%-i Ermənistanla sülhü dəstəkləyir – Sorğu

  Azərbaycanda kişilərin 85,1, qadınların isə 76,7%-i Ermənistanla sülhü dəstəkləyir –
Sosial Tədqiqatlar Mərkəzi (STM) Azərbaycan ilə Ermənistan arasında sülh razılaşması istiqamətində müsbət dinamikanı nəzərə alaraq, bu məsələyə ictimai münasibəti öyrənmək məqsədilə əhali arasında sorğu keçirib.
GUNDEMİNFO.AZ xəbər verir ki, bu barədə STM məlumat yayıb.
Bildirilib ki, respondentlərə ünvanlanan “Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləyirsinizmi?” sualına verilən cavablara əsasən, cəmiyyətdə sülh müqaviləsinin imzalanmasına yüksək dəstək ifadə edildiyi məlum olub:
“Belə ki, sorğu iştirakçılarının mütləq əksəriyyəti – 80,9 faizi Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləyib.
Sorğu nəticələrinin müxtəlif demoqrafik göstəricilər üzrə təhlilində maraqlı məqamlar müəyyən edilib. Nəticələrin gender aspektdən təhlilinə əsasən, kişilərin 85,1%-i və qadınların 76,7%-i Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləyiblər.
Xatırladaq ki, Sosial Tədqiqatlar Mərkəzinin sözügedən istiqamətdə 2022-ci ildə və cari ilin müxtəlif dövrləri üzrə keçirdiyi rəy sorğularında da analoji dinamika izlənilməklə sülh müqaviləsinin imzalanmasına yüksək ictimai dəstək ifadə edilib.
Bununla yanaşı, ötən ay keçirilmiş sorğular zamanı yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına və diplomatik əlaqələrin qurulacağına inamını ifadə edənlər ümumilikdə 53,1 faiz təşkil edərkən, oktyabr ayı üzrə sorğularda sülhün əldə olunacağına ictimai inam yüksələrək 66,7 faizə bərabər olub.
Sorğunun sahə işi (məlumatların toplanılması) 2023-cü il oktyabrın 5–9 tarixləri arasında icra olunub. Sorğular telefonla müsahibə formasında keçirilib və 18 yaşından yuxarı 385 respondent iştirak edib.
Sorğuda Bakı, Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Lənkəran-Astara, Quba-Xaçmaz, Şəki-Zaqatala, Qarabağ, Mərkəzi Aran, Mil-Muğan, Şirvan-Salyan olmaqla 12 iqtisadi rayon əhatə edilib. Respondentlərin gender bərabərliyi qorunmaqla seçmə çərçivəsi əhali sayına proporsional müəyyən edilib. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95 faiz əminlik intervalında 5 faiz təşkil edir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
525 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...